Məhkəmə qərarları › İş №3(009)-22/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-22/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-22/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 16 dekabr 2022-ci il tarixli 00100-02738/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC və Azərbaycan Respublikası BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası BBGİnin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət BBGİnin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş protokola əsasən Şəxs MMC tərəfindən **********2684 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq mallar geriyə qaytarlıması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülməmişdir. İnzibati xəta haqqında protokolda hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 2, ev 135 A döngə ünvanında olan Şəxs (VÖEN: **********) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 izahatına əsasən Şəxs MMC tərəfindən Rusiya Federasiyasına müvəqqəti ixrac edilən 1 ədəd “ SU TƏMİZLƏMƏ SİSTEMİ XƏTTİ” yükünün istifadə edildiyi istehsalat ərazisində tam şəkildə qurulmasının başa çatdırılmaması və tamamlanma-sazlama işlərinin yekunlaşdırılmaması səsəbindən 1 il uzatma ilə bağı ərizənin xx.xx.2022-ci il tarixdə gömrük orqanına təqdim etdiklərini, lakin həmin ərizəni işlərin çoxluğu ilə əlaqədar olaraq gecikdirərək verildiyini bildirmişdir. Araşdirma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən **********2684 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “ SU TƏMİZLƏMƏ SİSTEMİ XƏTTİ” yükünün müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixində bitmiş, bitdikdən 25 gün sonra xx.xx.2022-ci il tarixdə xx/xx/029279 nömrəli ərizə ilə müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətinin uzadılması barədə müraciət etmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilmiş və onun tərəfindən törədilmiş xəta etiraf edilmişdir Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC -yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 128-130 və 499.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar