Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2205/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə1 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 05 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının 02 sentyabr 2025-ci il tarixli, 6-1-21/2-12652/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 01 sentyabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22609.80 Avro məbləğində vəsaiti bank vasitəsilə 18 avqust 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və 2 il müddət keçsə də, 22609.80 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanan etirazda, gömrük sistemində qeydə alınan bu işə müvafiq olan müqavilə əsasında biz PREMİUM CARGO MMC "xxxx" MMC vasitəsiylə 17 iyul 2023-cü il tarixdə **********6659 saylı Gömrük Bəyannaməsi verərək, 30 iyul 2023-cü il tarixdə Yalama dəmir yolu stansiyasından keçməklə, yükü Azərbaycan Respublikası ərazisinə daxil etdiyini, müvafiq yük müşayət sənədlərinin də göstərdiyi kimi, yüklü vaqon 02 avqust 2023-cü il tarixdə, saat 14-50 də 3703 saylı qatarla Sumqayıt gömrük ərazisinə daxil olmuşdur. Həm də ZHD YAPİ MALZEMELERİ TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ (MERSİS NUMARASİ: **********100001) den 14 avqust 2023-cü il tarixdə 27762,09 ABŞ dolları (iyirmi yeddi min yeddi yüz altmış iki dollar doqquz sent) məbləbləğində vəsaiti PREMİUM CARGO MMC - nin hesabına ödədikdən sonra onun vəsaiti hesabına, onun yük əməliyyatları tapşırığını yerinə yetirilməsini təmin etmək üçün 17 avqust 2023-cü il tarixdə 22609,8 ABŞ dollarını (iyirmi iki min altı yüz doqquz dollar səksən sent) məbləğində vəsait, 1108 saylı 06 iyul 2023-cü il tarixli ilkin hesab-fakturaya əsasən yenidən köçürürülməsini həyata keçirərək mişarlanmış şam ağacları yükünü Azərbaycan Respublikasının ərazisinə daxil etdiklərini, onu qəbul etdiklərini və Gömrük orqanlarına da öncədən bəyan edərək, yenidən yük maşınlarına yükləyərək Təyinat ölkəsinə göndərdiklərini bildirir.Qeyd olunan və əsaslandırılan faktiki halları, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini nəzərə alaraq Məhkəmədən İD 80 tipli, 17 iyul 2023-cü il tarixli, **********6659 saylı gömrük bəyannaməsi, həm də sözü gedən ödənişə görə malların real olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olduğundan və bu hala müvafiq yük müşayiət sənədləri olduğundan, eləcə də müvafiq qaydalara uyğun təyinat ölkəsinə yönəldildiyindən, işlə bağlı inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanan əlavə etirazda qeyd etmişdir ki, Nümayəndə1 nəzərdə tutduğu qaydalarda, faktiki olaraq aparılmış yük və beynəlxalq ticarət əməliyiyyatına müvafiq olmayan bəndə istinad edir və həmin qaydanı düzgün tətbiq etmir. Belə ki, onun istinad etdiyi qayda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilən vasitəçilik fəaliyyətinə tətbiqi tənzimləyir. Ancaq PREMİUM CARGO MMC tərəfindən edilən bu vasitəçilik xidməti zamanı mallar (Mişarlanmış yumşaq ağac – şam taxtası) Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra müvafiq yük və gömrük əməliyyatlarını yerinə yetirərəkdən vasitəçilik fəaliyyəti həyata keçirmişdir. Malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildiyini göstərən kifayət qədər sənədlər vardır və onlar bu ərizəyə əlavə edilərək təqdim edilir. (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi- **********04462 saylı BİLDİRİŞ. Bu bildirişdə görsənir ki, yükün gətirilməsinin təyinat yeri Sumqayıt gömrük postudur – 00700, təyinat yerində, Sumqayıt gömrük postunda gömrük əməkdaşının imzası və möhürü də qoyulub; БЧ 23440787 saylı Dəmir Yolu yüknəqliyyat qaiməsində- 546403 saylı, 02 avqust 2023-cü il tarixli "xxxx" QSC Sumqayıt stansiyasının dördkünc ştampı; 08 avqust 2023-cü il tarixli, PC08/0823SG saylı, Sumqayıt Gömrük İdarəsinin rəisinə ünvanlanan məktub və s.) 30 may 2023-cü il tarixli PCZHD3005/2023 saylı “Agentlik xidmətinin aparılması” üçün müqaviləyə gömrük və bank sisteminin görə bildiyi sistem üzərindən ********* saylı kod əldə edilərək, həmin müqavilə banka və gömrük orqanlarına təqdim edilmişdir (Surəti bu ərizəyə əlavə edilir). Xüsusən də bildiririk ki, vasitəçinin- ticarət agentinin, yəni PREMİUM CARGO MMC-nin müvəkkil bankdakı (ABB Nəsimi filialındakı) USD hesabına mal alan (ZHD YAPİ MALZEMELERİ TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ) tərəfindən əvvəlcədən, 14 avqust 2023-cü il tarixdə köçürülən məbləğ 27762,09 ABŞ dolları ( iyirmi yeddi min yeddi yüz altmış iki ABŞ dolları, doqquz sent) olmuşdur. Buna uyğun olaraq bank hesabından təsdiqlənmiş çıxarış da əlavə edilir. Yalnız sonradan, 17 avqust 2023-cü il tarixdə 22609,8 ABŞ dollarını (iyirmi iki min altı yüz doqquz dollar səksən sent) məbləğində vəsaitin köçürürülməsini PREMİUM CARGO MMC həyata keçirmişdir. Göründüyü kimi bu sonradan köçürülən məbləğ, əvvəlcədən alınan məbləğdən çox olmamışdır, əksinə 5152,29 ABŞ dolları (beş min yüz əlli iki ABŞ dolları, iyirmi doqquz sent) qədər az olmuşdur. Nümayəndə1 nəzərdə tutduğu kimi avans ödənişlərində köçürmənin təyinatında tranzit sözünün olmadığını, PREMİUM CARGO MMC tərəfindən 17 avqust 2023-cü il tarixli 22609,8 ABŞ dolları (iyirmi iki min altı yüz doqquz dollar səksən sent) məbləğində vəsaitin köçürürülməsini əks etdirən, (2023-08-16,2023-08-17) tarixlərdə icra edilən ABB Debit haqqında bildiriş Ref No 207OCT********** saylı ödəniş tapşırığında göstərilən təyinata diqqət etmək kifayət edir. Həmin sənəddə olan təyinatdan görsənir ki, “Contract Number 579 Date xx.xx.2023” və digər malla bağlı müəyyən göstəricilər qeyd edilmişdir. Bu göstərilən kontraktda yükü göndərən(satan) Belorusiya şirkəti – Vitebskaya Lesopilka, Yükü qəbul edən (alan) isə Türkiyə şirkəti (ZHD YAPİ MALZEMELERİ TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ) olmuşdur. PREMİUM CARGO MMC isə yalnız ticarət agenti kimi göstərilmişdir. Belə olan halda, ABB Nəsimi filialı əməkdaşları və bu işə nəzarət edən digər görsənməyən qurumlar niyə bizim verdiyimiz ödəniş tapşırığını təsdiqləmiş və icra etmişlər. Demək ki, heç bir qeyri-qanuni və ya müəyyən edilmiş qaydaların pozulması halı, müəyyənləşməmiş və bank köçürməni təsdiq edərək, icra etmişdir. Ya da bank əməkdaşlarının davranışlarından belə görsənir ki, onlar bir ödəniş tapşırığını icra edərkən sənədlərin tələblərinə diqqət etmirlər və başdan sovdu icra edirlər. Bizlər, çirkətlər isə onlara xidmət haqqı ödəyirik. Belə olan halda, Nümayəndə1 niyə öz tərəflərindən idxal bəyannaməsi kimi qəbul etmək istəyirlər? Öz qurumlarının təsdiqlədiyi və icra etdiyi ödənişi elə olduğu kimi də qəbul etməlidirlər. Bu hal göstərir ki, hələ də bank sistemi mükəmməl işləyə bilmir və heç işləməyi də öyrənmək istəmirlər. Onların belə fəaliyyəti, Azərbaycan şirkətlərini çox geri salır və beynəlxalq ticarət fəaliyyətində iştiraklarını çox məhdudlaşdırır. Onların bu mövqeyi, ölkəmizdə aparılan geniş miqyaslı beynəlxalq ticarətin və logistikanın inkişafı proseslərinə heç uyğun gəlmir. Ona görə də tövsüyyə edilir ki, fəaliyyətlərini aparılan proseslərə uyğun tənzimləsinlər. PREMİUM CARGO MMC- ticarət agenti olaraq, sadəcə tranzitə nəzarət etməyib, həm də yükün fiziki və sənədli, həm də maliyyə tənzimlənməsini (ayrılmasını/birləşdirilməsini) Azərbaycan Respublikasının gömrük ərazisində həyata keçirərək bir dəmir yolu vaqonundan yükü-malları gömrük nəzarəti altında boşaldaraq, üç ədəd tentli beynəlxalq yük avtomobilinə yükləyərək, yenidən üç sayda gömrük bəyannamələrini tərtib etdirərək agentlik xidmətini həyata keçirmişdir. Yenidən tərtib edilən gömrük bəyannamələrinin yazılıb gömrük sistemində yerləşdirilməsi üçün "xxxx" MMCnin xidmətlərindən istifadə etmişdir və bu xidmətin müqabilində onlara müəyyən xidmət haqqı ödəmişdir. Amma buna baxmayaq həmin bəyannamələrin heç biri (yəni bir giriş bəyannaməsi, yüklü vaqonun Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olması və üç çıxış bəyannaməsi, vaqondan avtomobillərə boşaldılaraq yüklənib çıxan üç gömrük bəyyannaməsinin) PREMİUM CARGO MMC-nin də gömrük bəyannamələri sistemində görünmür. Yəni bizim özümüzdə bu işlə əlaqədar 4 sayda bəyannamənin heç birini görə bilmirik. Amma bu o anlama gəlmir ki, bu ödənişlə bağlı olan mallar –yüklər təyinatı üzrə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, bunu subut edən kifayət qədər orijinal sənədlər vardır. Azərbaycan Mərkəzi Bankı maraqlı tərəf kimi, Azərbaycan Respublikasının Gömrük komitəsinə yazılı sorğu ünvanlayaraq bu əməliyyatın doğru düzgün olduğunu sübut edən bəyannamələrin olduğunu görə bilərdi, ancaq bunu belə etməkdənsə, PREMİUM CARGO MMC-yə inzibati cərimə növündə tənbeh tələb edirlər. Bu hal xoşa gəlməz və bu kimi problemlərin Azərbaycan Respublikasının rezidenti olan şirkətlərin beynəlxalq ticarət əməliyyatlarında iştirakını çətinləşdirir və heç bir xarici müştəri bizim şirkətlərlə işləməyə üstünlük vermirlər, amma qeyd etmək lazımdır ki, coğrafi mövqeyimizə görə bizlərin buna daha çox imkanı vardır. Buradan da belə nəticəyə gəlmək olar ki, onların məqsəd və məramı heç də valyuta rejimini tətbiq edərək, sağlam valyuta nəzarətini həyata keçirmək deyil. Bank sistemi anlamalıdır ki, bu baxılan halda agent mahiyyətcə, bir-birini kompensasiya edən (tənzimləyən) əməliyyat aparmışdır. Belə ki, agent sadəcə bir körpü rolunu oynamışdır. Bu beynəlxalq ticarət prosesində alıcının valyuta vəsaitini alıb, müvafiq yük və maliyyə tənzimləməsini həyata keçirərək, satıcıdan qəbul etdiyi mallara görə, satıcının da valyuta vəsaitini ona ödəmişdir və belə bir əməliyyatları həyata keçirməkdə banklarımızın şirkətlərimizə mane olmağa heç bir nə mənəvi, nə də hüquqi əsasları yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə2 etirazda yazılanlara uyğun izahat verərək həmin vəsait hesabına alınan malların ölkəyə idxal edilməsinə dair gömrük bəyannamələrinin məhkəməyə təqdim olunduğunu bildirərək onların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə1 izahatında Şəxs MMC tərəfindən icra edilən avans ödənişlərində köçürmənin təyinatının tranzitlə bağlı olduğun, Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1-ci qaydasında avans köçürmələri ilə bağlı rezidentlərin və qeyri-rezidentlərin xarici ölkədə əməliyyatların aparılması qaydası müəyyən olunmuş, hüquqi şəxsin təqdim etdiyi sənədlərdə onun vasitəçilik xidmətləri göstərdiyi aydın olur. Əvvəlki sənədlərdə vəsaitin hesabına daxil olması ilə bağlı heç bir məlumat görmədiyimiz üçün bu əməliyyatın sadəcə tranzit əməliyyatı kimi nəzərə alınması qəbul edə bilməzdik. Bu əməliyyatın kimin tərəfindən keçirildiyi məlum olmamış, hüquqi şəxs həm vəsaiti qəbul edən həm də malı sifariş edəndir. Hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına sübut təqdim edilmədiyindən bu əməliyyat tranzit əməliyyatı kimi qiymətləndirilməmişdir. Tranzit əməliyyatı idxal-ixrac əməliyyatı olmadığından, malların sadəcə olaraq Azərbaycan Respublikası ərazisindən keçdiyini göstərən bəyannaməni idxal bəyannaməsi kimi nəzərə almaq tərəfimizdən uyğun deyil. Həmçinin Gömrük Komitəsinin müvafiq bölməsində bəyannaməyə baxış keçirmək mümkün deyil. Bütün bunları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PCZHD3005/2023 nömrəli müqavilədən görünür ki, müqavilə Şəxs MMC ilə ZHD YAPİ MALZEMELERİ TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED şirkəri arasında bağlanılmış və tərəflərin bank hesablaşmaları "xxxx" ASC-nin AZ86İBAZ******************** və “Ziraat Bank” TR ********************5002 nömrəli hesablar üzərindəndir. İş materiallarına əlavə edilmiş **********6659 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, X1 şirkəri tərəfindən PCZHD3005/2023 nömrəli müqavilə üzrə müəyyən edilən 24690.00 ABŞ dolları dəyərində olan mallar Şəxsnə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ABB bankın hesabdan çıxarışından görünür ki, ZHD YAPİ MALZEMELERİ TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ-dən 14 avqust 2023-cü il tarixdə 27762,09 ABŞ dolları (iyirmi yeddi min yeddi yüz altmış iki dollar doqquz sent) məbləbləğində vəsaiti PREMİUM CARGO MMC - nin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ABB Debit haqqında bildiriş Ref No 207OCT********** saylı ödəniş tapşırığından görünür ki, PREMİUM CARGO MMC tərəfindən 22609,8 ABŞ dolları (iyirmi iki min altı yüz doqquz dollar səksən sent) məbləğində vəsait köçürülmüşdür. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və Şəxs direktoru Nümayəndə2 tərəfindən məhkəməyə təqdim olunmuş **********6659 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, X1 şirkəri tərəfindən Şəxs MMC-yə protokolda göstərilən məbləğdə pulun dəyərində tərəfindən müqavilə üzrə müəyyən edilən mallar göndərilmiş və həmin mallar Şəxs MMC ilə ZHD YAPİ MALZEMELERİ TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED şirkəti arasında bağlanılmış müqaviləyə əsasən ZHD YAPİ MALZEMELERİ TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED şirkətinə göndərilmişdir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, Şəxs vasitəçilik xidmətləri göstərir və ZHD YAPİ MALZEMELERİ TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED şirkəti arasında bağlanılmış müqaviləyə əsasən ZHD YAPİ MALZEMELERİ TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED şirkətindən daxil olmuş vəsait, Şəxs tərəfindən malların alınması üçün köçürülmüş və həmin vəsait hesabına alınan mallar Azərbaycan Respublikasından keçərək ZHD YAPİ MALZEMELERİ TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED şirkətinə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında Konstiusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və qalıq məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər mövcuddursa hüquqi şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən protokolda göstərilən 22609.80 Avro məbləğində pulun qarşılığında mallar pulun köçürülməsindən sonra 2 il müddətində ölkəyə gətirilmişdir. Bununla da Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2205/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2205/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver