Məhkəmə qərarları › İş №3(009)-2209/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2209/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2209/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* nömrəli, 20 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* nömrəli, 20 avqust 2021-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 15 avqust 2021-ci il tarixdə dostunun ad gününü qeyd etmək üçün, yeddi nəfər olaraq, “Unbar” adlı kluba getmişlər. Pandemiya ilə əlaqədar, karantin qaydalarına müvafiq olaraq, klubun əməkdaşları onlara bildirdilər ki, hamısı bir masa arxasında əyləşə bilməzlər. Bu səbəbdən onlar üçün qonşu masanı da, servis edərək, məsafəli şəkildə əyləşdirdilər. Məclis zamanı arabir dostlarını təbrik etmək üçün qonşu masaya yaxınlaşıb badə qaldırırdılar. Belə məqamların birində 39- cu polis bölməsinn əməkdaşları kluba daxil olaraq, onlara karantin qaydalarını pozduqlarını bildirdilər və cərimə olunacaqları ilə hədələdilər. Onlara heç bir pozuntu törətmədiklərini, sadəcə olaraq, dostlarını təbrik etmək üçün, masaya yaxınlaşdıqlarını bildirdilər. Polis əməkdaşları dediklərinə məhəl qoymadılar. Bundan sonra polis əməkdaşı barəsində protokol tərtib etmiş və protokolun bir nüsxəsini ona təqdim etməmişdir. Həmin günü spirtli içki təsiri altında olduğundan barəsində əsassız yerə protokolun tərtib olunmasını unutmuşdur. Üstündən bir müddət keçdikdən sonra, asan.pay az səhifəsinə daxil olduqda, kommunal ödənişlər etmək istəyərkən orada cərimələnməyi barədə məlumat yerləşdirilmişdir. Bundan sonra o, rəsmi qaydada Səbail RPİ-nə məktubla müraciət edərək barəsində əsassız tərtib edilmiş protokolu və həmin protokol əsasında araşdırılmadan qəbul edilmiş qərarı ona göndərilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Həmin hadisənin üzərindən xeyli müddət keçdikdən sonra, yəni, 12 oktyabr 2021-ci il tarixdə ünvanına poçt vasitəsilə qərar göndərildi ki, cərimə olunmuşdur. O, 15 avqust 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla və 20 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla tanış olduqdan sonra, həmin protokolun və onun əsasında qəbul edilmiş qərarın əsassız və qanunsuz olmasını görmüşdür. Belə ki, inzibati xəta haqqında protokol qanunun tələblərinə uyğun tərtib edilmədən İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkİldə pozularaq tərtib edilmiş və protokolda baş vermiş fakt barədə, yəni inzibati pozuntuntunun konkret nədən ibarət olması barədə heç bir söz yazılmamış və heç bir izahat da alınmamışdır. Bundan başqa əsassız və qanunsuz tərtib olunmuş protokol əsasında qərar qəbul edilərkən də, rəsmi və ya qeyri rəsmi qayda da heç bir inzibati araşdırmaya dəvət olunmamışdır. Yuxarıda da, qeyd etdiyi kimi, o, heç bir inzibati xəta törətməmiş, karantin qaydalarına uyğun təşkil edilmiş məclisdə iştirak etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin 15 avqust 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 20 avqust 2021-cı il tarixli, EPO seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilən orqana və X1na məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin və X1nun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib olunmuş 15 avqust 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 15 avqust 2021-ci il tarixdə, səhər (saat 6-12) saatlarında ünvan 1 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* nömrəli, 15 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 20 avqust 2021-ci il tarixli qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X2 iştirakı təmin edilməmiş, eyni zamanda onun hansı əməlinin inzibati xəta tərkibi yaratması protool və qərarda öz əksini tapmamışdır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X2 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir, onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X2 verdiyi şikayət təmin edilməli və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 20 avqust 2021-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 20 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 20 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X6 oğlunun barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar