Məhkəmə qərarları › İş №3(009)-2210/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2210/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2210/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Şəxs MMC-nin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 26 avqust 2025-ci il tarixli, MN ******* nömrəli protokol üzrə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli 26 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2-54086/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək 7 iş günü ərzində təqdim edilməsi tələb edilmiş, rəqəmsal sənəd dövriyyəsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin 7 iş günü ərzində təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan etirazda Şəxs MMC, X4 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş inzibati xəta protokolunun əsassız və qanunsuz olduğunu bildirir, sözügedən protokolda guya əmək haqqı ödənilməməsi faktı qeyd edilsə də, bu iddia reallığı əks etdirmir. Keçmiş işçi X3 əmək haqqına dair öhdəliklər şirkətimiz tərəfindən tam şəkildə icra olunmuşdur. Həmin şəxs 2024-cü ilin dekabr ayından sonra işdən ayrılmış və işdən ayrıldığı dövr üçün nəzərdə tutulmuş bütün əmək haqqısı ödənilmişdir. İşçinin xaricdə (İsrail dövlətində) olması səbəbindən müraciətlərini rəsmi məktub və ya ərizə formasında deyil, elektron poçt vasitəsilə göndərməsi faktı mövcuddur. Bu yazışmalarda əmək haqqı ilə bağlı öhdəliyin yerinə yetirildiyi və heç bir borcun qalmadığı açıq şəkildə təsdiq olunur.Şirkətimizə qarşı X4 tərəfindən aparılan araşdırma barədə nə bizə, nə də rəsmi nümayəndələrimizə heç bir məlumat verilməmiş, biz araşdırma prosesinə cəlb edilməmişik. Bu isə müdafiə hüququnun pozulmasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işdən azad olunan işçinin işlədiyi günlərə görə əmək haqqısının ödənilməsi işəgötürənin borcudur. Şirkətimiz bu öhdəliyi vaxtında və tam şəkildə icra etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta tərkibinin olmaması hallarında inzibati icraat başlanmamalı və ya başlanmış icraat dayandırılmalıdır. Dövlət orqanının istənilən qərarı obyektiv və qərəzsiz araşdırmaya əsaslanmalıdır. Halbuki, bu iş üzrə şirkətimizin izahları və təqdim edə biləcəyi sənədlər nəzərə alınmamışdır. Müfəttişliyin tərtib etdiyi protokol işçi tərəfindən təqdim edilən birtərəfli müraciətə əsaslanmış, qarşı tərəfin mövqeyi öyrənilməmişdir ki, bu da prosessual qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsaslanaraq X4 tərəfindən Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixində tərtib olunmuş inzibati xəta protokolunun əsassız hesab edilərək ləğv edilməsini və şirkətin əmək haqqı öhdəliklərini tam icra etdiyi nəzərə alınmaqla, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə3 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə4, Şəxs MMC-nə ünvananlanan məktubların onlara çatmadığını, göndərilmiş sənədlərdən məlumatsız olduğunu, barələrində protokol tərtib edildiyinə dair məlumatları yalnız elektron məhkəmə sistemindən gördüyünü bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2- 54086/2025 nömrəli məktubundan görünür ki, vətəndaş X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı müraciətinə X4 Xidmətinin Bakı Şəhər İdarəsində baxıldığı qeyd edilmiş, X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 (yeddi) iş günü ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunan sübutlar Şəxs MMC-nin təqsirli olması və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün kifayət deyil, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki protokol tərtib etmiş səlahiyyətli orqan məhkəməyə yalnız protokolu göndərməklə kifayətlənmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər isə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-54086/2025 nömrəli məktubun Şəxs MMC-yə çatdırılması barədə sübut tələb edildikdə belə bir sübutun olmadığı məhkəməyə bildirilmişdir. İnzibati Xətalar Məcəlləsinin tələbindən də görünür ki, həmin Məcəllənin 539.3-cü maddəsində müəyyən edilmiş inzibati xəta o halda baş verir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməsin. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar zəruri sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının inzibatı Xətalar Məcəlləsinin 539.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar