Məhkəmə qərarları › İş №3(009)-2217/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2217/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2217/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Səbail Rayon Dövlət X5 yol-patrul xidməti inspektoru polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, usta işləyən, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yeni Y/M, məhəllə 7 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Səbail Rayon Dövlət X5 yol-patrul xidməti inspektrou polis serjantı X3 izahatında bildirmişdir ki, Şəxs 02 oktyabr 2024-cü il tarixdə, saat 09:45 radələrində özünə məxsus nəqliyyat vasitəsini idarə edərkən qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmış, habelə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etmişdir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati təhbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, heç bir qanun pozuntusuna yol verməmişdir. Hər zaman istifadə etdiyi yol olmuş, sadəcə kanalizasiya quyusunu gec gördüyü üçün əyləcə gec basmış və təkər quyuya düşməsin deyə avtomobili sağ tərəfə sürmüşdür. Göstərilən halları nəzərə alaraq, inzibati xəta haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 oktyabr 2024-cü il tarixdə, saat 09:45-də «Toyota Prius minik» markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmışdır. İş materiallarında olan diskdəki videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs «Toyota Prius minik» markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin təkərlərini yolun səthi ilə bir dəfə sürtmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, X1 əsasən avtoxuliqanliq növündə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərin olması. Qanunvericiliyin tələbinə əsasən yuxarıda qeyd olunan halların törədilməsinin təsdiqi üçün hər üçü eyni vaxtda olmalıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs təqsiri öz təsdiqini tapmır. Belə ki, Şəxs hərəkətində davamlılıq olmamış, yolda yerləşən maneənin üzərindən keçməmək üçün hərəkət istiqamətini dəyişmiş, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yol verilməmişdir. Göründüyü kimi Şəxs 02 oktyabr 2024-cü il tarixdə, saat 09:45-də «Toyota Prius minik» markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə və videogörüntü ilə sübuta yetirilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi lazım bilir ki, manevr etmə qaydasını pozan, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, zolağı dəyişən zaman dönmə işığını yandırmayan, qapağı açıq kanalizasiya quyusundan avtomobilini yayındıran sürücü avtoxuliqanlıq maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yuxarıda sadalanan yol hərəkəti qayda pozuntularının törədilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hər biri üçün ayrıca tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2 – 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə iş materialları baxılması üçün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 511.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətalarının törətməsinə görə iş materialları baxılması üçün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar