Məhkəmə qərarları › İş №3(009)-222/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-222/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-222/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X4 protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs xx.xx.2023-ci il tarixdə ünvan 2ndə yerləşən “Spar Express” marketdən bir ədəd 40 manat dəyəridə konfet oğurlamışdır. Şəxs narkotik vasitə aludəçisidir, mütəmadi oğurluqlar edir. Odur ki, göstərilənlər nəzərə alınaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, yalnız bir ədəd konfet götürmüşdür. Himayəsində bir azyaşlı uşağı var, əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh növünün seçilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, “Spar” marketdə müdir vəzifəsində çalışır. Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2ndə yerləşən “Spar” marketdən oğurladığı konfet və şokoladlar 40 manat dəyərindədir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin mağazada ən bahalı konfetin bir kilosu isə 50 manatdır. Şəxs oğurladığı konfetləri qaytarmışdır, lakin yaxın müddət ərzində mütəmadi marketdən oğurluq edildiyi üçün Şəxs şikayətçi olduğunu, barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında təqdim olunmuş videogörüntüyə baxılarkən müəyyən olunmuşdur ki, bir nəfər şəxs marketdən bir ədəd konfeti götürmüş və kassada heç bir ödəniş etmədən marketdən uzaqlaşmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, videogörüntüyə baxaraq və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı Elmar Məmmədov tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli qərarla fakt üzrə X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 14 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında Spar” marketdən 40 AZN dəyərində şokolad məhsulları oğurlamışdır. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə bildirir ki, protokol tərtib edən orqan Şəxs xx.xx.2023-ci il tarixdə ünvan 2ndə yerləşən “Spar Express” marketdən 40 manat dəyərində şokolad məhsulları oğurlaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəməyə təqdim olunmuş videogörüntülərdə müəyyən olunmuşdur ki, şəxs “Spar” marketdən bir ədəd konfet götürərək oradan uzaqlaşmışdır. Odur ki, “Spar Express” marketdə ən bahalı konfetin bir kilosu 50 manat dəyərində olduğundan Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar