Məhkəmə qərarları › İş №3(009)-2223/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2223/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2223/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, X2 nümayəndəsi və vəkili Nümayəndə2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə qərarı ilə "Pizza İnn" iaşə obyektinin rəhbəri yəni mən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəmdə 2.500 (iki min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəmdə tərtib etdiyi 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassızdır. Həmin vaxtı olmadığından istifadə edən idarənin işçiləri oraya gəlməyini və zəruri sənədləri təqdim etməyini gözləmədən əsassız sənədləşmə işləri aparıb oranı tərk etmişlər. Eyni zamanda həmin əraziyə 2 şikayətçinin müraciəti əsasında gəldiklərini bildirmişlər. Halbuki həmin şikayətçilərdən X6 hər ay və hər il eyni əsaslarla şikayətçi olur. Lakin hər dəfə yoxlamalardan sonra onun şikayətinin əsasının olmadığı müəyyən edilmişdir. Hətta onun şikayəti əsasında Səbail Rayon Məhkəməsində araşdırma aparılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(102)-2283/2023 saylı yekun məhkəmə Qərarı ilə adı çəkilən şəxsin şikayətlərinin əsassız olduğu öz əksini tapmışdır. Digər şikayətçi Əkbər adlı şəxs isə həmin ərazidə ümumiyyətlə yaşamır və orada sahibkarlıq fəliyyəti ilə məşğul olmaqla onun obyekti "Pizza İnn" iaşə obyektdən 20-25 mlik məsafədə yerləşir. Yəni onun şikayətinin heç bir əsası yoxdur və qərəzdən başqa bir şey deyil. Barəsində tətbiq edilən cərimənin mahiyyəti ondan ibarətdir ki, guya iaşə obyektindən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıqdır. Maraqlıdır Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları bunu necə və kimin iştiakı ilə müəyyən etdirlər. Yazılmış əsassız şikayət əsasında belə bir cərimənin tətbiq edilməsi nə dərcədə qanuni, əsaslı və ədalətli ola bilər. Çünki 2022-2023cü illərdə X6 ilə gedən mübahisə zamanı həmin idarənin mütəxəssisləri mübhisə ilə bağlı rəy verməklə yananşı, məhkəmə iclasında iştirak edib izahat vermişlər. Bundan əlavə 2023-cü ildə Pizza İnn restoranında əsaslı təmir getmiş və bütün havalandırma sistemi dəyişdirilmiş və müvafiq sertifikatlar verilmişdir. Yəni əgər əvvəlki avadanlıqlarla havaya tüstü, əlavə tullanıtlar buraxılmadığı halda sonuncu quraşdırılmış havalandırma sistemi ilə bu ümumiyyətlə mümkün deyil. İnzibati icraat zamanı iştiakımız təmin olunmadığından müvafiq sənəd və sertifatklar tərəfimizdən təqdim edilməsi mümkün olamamışdır. Göstərilənlərdən əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi barəmdə 25 may 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Sonradan həmin qərardan verdiyim şikayət Bakı şəhəri Səbaiı rayon Məhkəməsinin 13 fevral 2024cü il tarixli, 3(009)-242/2024 saylı Qərarı ilə ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-664/2024 saylı Qərarı ilə qüvvəsində qalmışdır. Hazırki mübahisə üzrə X3 maddələri ayrı olsada işin faktiki halı eynidir. Mənim iştirakım olmadan obyektə baxış keçirilir, heç bir yoxlama aparılmır və sənədlər tələb olunmadan qərəzli qərar qəbul edilir. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi və vəkili Nümayəndə2 şikayətdə qeyd edilənlərə uyğun izahat verərək bildirmişdir ki, bu gün qanunla dövlət tərəfindən yoxlamalar aparılır və Ekologiya Nazirliyi bizə hardasa 20-30 metr məsafədə yerləşən bir sahibkarın şikayəti əsasında yoxlama aparılmışdır. Yoxlama zamanı orada sahibkarın iştirakı təmin olunmamışdır və hesab edir ki, həmin ölçmə cihazının işlək vəziyyətdə olması ilə bağlı şəxsin özünə də məlumat verilməlidir. Həmin vaxt cihazın saz və işlək vəziyyətdə olmadığını qeyd etmişdir. Məhkəmə təqdim etdiyi sübuta əsasən qeyd edir ki, orada 3 dənə havalandırma borusu var. Aktdan görünür ki, onlar qazların miqdarını yoxlamışdır. Həmin qazların onların restoranına aid havalandırma borusunun hansından çıxması necə həmin idarə tərəfindən təsdiqlənə bilər. Bununla bağlı orada nümayəndələr göstərilir. Həmin şəxslərin səlahiyyətli olması ilə bağlı hər hansısa sübut məhkəməyə təqdim olunmamışdır. 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə qərarı sahibkara məktub kimi göndərilmiş, lakin iş materialında həmin məktubun çatdırılması və verilməsi ilə bağlı hər hansı sənəd yoxdur. Həmçinin bildirmişdir ki, göstərişdə deyilir ki, 30 gün müddətində həmin nöqsanlar aradan qaldırılmalıdır. Qurğu ilə bağlı isə ümumiyyətlə qurğunun olmamısı bildirilir. Bununla bağlı sertifikat təqdim etdiyini vurğulayır. Qeyd etdiklərinə əsasən hesab edir ki, şikayət əsaslıdır və qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, biz məktub göndərib dəvət edirik, amma gəlmirlər. Qurğu ilə bağlı sübut etməlidirlər ki, qurğu onlarındır. Şikayətə münasibəti isə haqlı olaraq qarşı tərəfin şikayət edə biləcəyini qeyd edir. Konstitusiya əsasən, yaşamaq hüququ əsas hüquqlardandır və vətəndaşın etdiyi şikayət haqlıdır. Əgər hesab edirlərsə ki, qurğu etibarsızdır, gəlib yoxlasınlar və sertifikatı da təqdim etsinlər ki, həqiqətən də belədir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayəti əsaslı olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə X5 tərəfindən İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfində" yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış, sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-1-ci maddəsinə əsasən həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il tarixli Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Qanununvericiliyin tələbindən də görünür ki, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan plansız (nönbədənkənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən iş materiallarına əlavə edilmiş monitorinq aktının heç bir sübuti qüvvəsi ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hazırki iş üzrə şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinin tələblərinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələbləri onun tərəfindən pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X2 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar