Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2228/2025 09.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, onun nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi sahibkar, əvəllər məhkum olunmamış, Lənkəran, Vilvan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən Lənkəran rayon Məhkəməsinin 2(049)-2987/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2987/2023 nömrəli, 28.11,2023-cü il tarixli icra sənədinə əsasən Şəxs iş üzrə tələbkar X5 himayəsində yaşayan övladı - 28 aprel 2017-ci il təvəllüdlü X9 ilə iş üzrə tələbkar X5 iştirakı olmadan hər həftənin bazar günləri, eləcə də doğum günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının ikinci günlərində saat 10:00 dan - 17:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə bağlı tələbkar xx.xx.2025-ci il tarixdə uşağı saat 10:00 da təhvil almış, lakin xx.xx.2025-ci il tarixədək qaytarmamış, bununla belə icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. İş üzrə tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X4 bildirmişdir ki, borclunun izahatı alınmış və barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Uşaq ilə icra qurumunda söhbət aparmış vaideyinlərinin bir yerdə olmalarını istəmişdir. Hal-hazırda uşaq ananın yanındadır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X7 bildirir ki, məhkəmə qərarı çıxan gündən daima hər şeyə riayət edib və saat 10 dan 5-ə qədər uşaq verilib. Ona icradan Aslan bəy bildirib ki, siz uşağı göstərməlisiniz və o uşağı atadan heç vaxt ayırmağa çalışmaq istəmədiyini vurğulayır. Hətta saat 5-i keçsə belə, uşağı gec saatlarda gətirəndə belə şikayəti olmadığını və razılaşdığını, bundan əlavə atasının uşağı götürüb Lənkərana aparanda belə yenə heç bir şikayətinin, probleminin olmadığını söyləyir. Bazar günü uşağı götürdükdən sonra gətirdmədiyini və uşağın atdığı səsdə uşağın istəmədiyinin əsas gətirildiyini deyir. O, uşağına psixoloji şiddət göstərmək istəmədiyini bildirərək, belə etmək istəmədiyini vurğulayır, hansı ki istəsə ona atasına səslər göndərərək gəlmək istəmədiyini də elətdirə biləcəyini deyir. Həmçinin uşağın indiyə qədər atasını istəməsi kimi halın olmadığını və bu bazar günündən sonra bazar ertəsi icraya müraciət etdiyini bildirir. Şikayətçi olduğunu və övladının məhkəmə iclasında dindirilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs bildirir ki, uşaq ona göstərilməyəndə bununla bağlı bir neçə dəfə müraciət etdikdən sonra məcburi tədbirlər görüldü və eləcə də Səbail rayonunda Aslan Aslanov adında bir icra məmurunun məcburi tədbirlərindən və şifahi söhbətlərindən sonra normal qaydada uşaqla ünsiyyəti olurdu və ona göstərilirdi. Artıq uşaq dayanmadan yanına gəlirdi və ayrılıb gedəndə isə ağlamağa başlayırdı.Uşaq ona deyirdi ki, “Ata, mən evə qayıtmaq istəmirəm”. Həmçinin bildirir ki, uşağı yanında qalması üçün məcbur eləmir. Özünün də çox yaxşı valideyn olduğunu və hər gecə yatanda uşağına nağıl danışdığını, eləcə də yalnız aliment ödəməklə kifayətlənmədən hər həftə ona pul xərclədiyini vurğulayır. O başa düşür ki, uşaq müəyyən yaşa çatana qədər anası ilə yaşamalıdır və bu səbəbdən onu anasının yanına göndərir, lakin uşaq isə ona deyir ki, “mən getsəm də sənin ünvanını bilirəm və taksi ilə yenə qaçıb gələcəm sənin yanına”. Uşağın məktəbə getməsinə görə bahalı hədiyyələr, çanta və digər lazımlı əşyaları aldığını söyləyir. Bundan əlavə o üzündən ağır əməliyyat keçirdiyi üçün düşünüb ki, uşağı gətirməsin yanına, lakin sonra bu fikrindən danışınıb. Məhkəməyə bildirir ki, siz özünüz də uşaqla ünsiyyətdə olsanız, onun necə inkişaf etmiş uşaq olduğunu və ağıllı danışdığını görə bilərsiniz. Anası ilə isə heç bir ünsiyyəti qalmamışdır. Uşaq anasının yanına gedəndə ağlayır və tez qayıtmaq istəyir. Uşağın anasına aparmamasının səbəbi isə uşağın ağlaması, özünün getmək istəməməsi olmuşdur. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs nümayəndəsi və vəkili X8 müdafiə etdiyi şəxsin bu inzibati xətanı bilərəkdən və qəsdən törətmədiyini və uşağın icra məmurunun yanında da anası ilə yox atası ilə getmək istədiyini bildirir. Uşağın çağırılmasını və onun öz dili ilə dediklərini öyrənilməsini istəyir. Əlavə olaraq bildirir ki, şəxsin hərəkətlərində inzibati xəta tərkibi yoxdur və icraata xitam verilməsini, əks halda isə uşağın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol tərtib edilənədək 28 aprel 2017-ci il təvəllüdlü X9 anasının yanında olduğundan, məhkəmə tərəfindən işin hallarının araşdırılması üçün X6 məhkəmə iclas zalına dəvət edilməsinə baxmayaraq anası tərəfindən təmin edilmədiyindən məhkəmədə Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs Seyfulla oğlunun münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2228/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2228/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver