Məhkəmə qərarları › İş №3(009)-2235/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2235/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2235/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 sentyabr 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 200000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bank hesabından 18 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, 200000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 19 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə ŞəxsMMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində protokol tərtib edilmiş "xxxx" MMC-nin direktoru X4 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, müəssisəmiz barəsində protokol tərtib edilməmişdən əvvəl bəlli olmayan bir sıra məsələlər olmuşdur. Belə ki, hal-hazırda fotoşəkillərini əlavə etdiyim Fugrol09 barjı 200,000USD qiymətinə alınmışdır. Yəni, 200000( iki yüz min) USD vəsait "Fuqro-109” barjasının alınması üçün istifadə olunmuşdur. Həmin Barja qazma əməliyyatları üçün modifıkasiya olunmuşdur. Bununla bağlı təhvil-təslim aktları da Kapital Banka təqdim olunmuşdur. Müəsissəmiz barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunması əsası da həmin gəminin alınması üçün köçürülən 200000( iki yüz min) ABŞ dollarıdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Kapital Bankın ödəniş tapşırığından görünür ki, 200000(iki yüz min) ABŞ dolları Marine Construction Limited X2 Region 15thnin hesabına köçürülmüş, “Fuqro-109” barjının alınması üçün istifadə olunmuşdur. Həmçinin təqdim edilmiş xx.xx.2023-cü il tarixli müqavilədən də görünür ki, 200000( iki yüz min) ABŞ dolları məhz “Fugro-109” barjasının alınması üçün istifadə olunmuşdur. Caspian Marine Services B.V şirkətinin(CMS) Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə tərəfimizdən məhkəməyə müraciət edilmişdir. Belə ki, 13 Noyabr 2023 cü tarixində CMS şirkətinə məxsus "İgid" gəmisi, AMEC şirkətinə məxsus "Coastal Assistant'* gəmisini yedəyə alaraq Bautino limanından Bakı Limanına gətirməsini və CMS şirkətinə məxsus olan "Pahlavan” gəmisi isə AMEC şirkətinə məxsus “AMEC-24” köhnə adı ilə (Fuqro-109) barjını Bautino limanından Bakı limanına gətirilməsini öhdəliyinə götürmüşdür. Bununla bağlı AMEC şirkəti ilə CMS şirkəti arasında 26 oktyabr 2023-cü il tarixdə müqavilə bağlanmışdır. Yedəkləmə əməliyyatı Noyabr ayının 14-ü başlasa da, gecə saatlarında AMEC-24 barjını yedək trosunu "Pəhləvan” gəmisinin kapitanı səhlənkarlığı ucbatından qırmış və barjı itirmişdir, daha sonra ağır vəziyyətdə saatlarla aparılan xilas etmə əməliyyatı nəticəsində barjanı tuta bilmişlər və sonrada barjı geriyə Bautino limanına gətirilmişdilər. Əslində isə Caspian Marine Services B.V şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə aramızda bağlanmış müqavilədə icarə müddəti 3 gün nəzərdə tutulmuşdur. Yəni, “Fuqro-109” barjının ölkəmizə gətirilməməsi bizdən asılı olmayan səbəblərə görə baş vermişdir. Qarşı tərəf öz öhdəliklərini düzgün şəkildə icra etsəydi qısa müddətdə “Fuqro-109” barjası və üzərində olan avadanlıqlar ölkəmizə daxil olacaqdı. Göründüyü kimi hal-hazıradək “Fuqro-109” barjının və üzərində olan avadanlıqların ölkəmizə gətirilməsi mümkün olmamışdır. Hal-hazırda isə həmin şirkətlə aramızda məhkəmə mübahisəsi getməkdədir. Bununla bağlı icraata götürülmə qərardadını, iddia ərizəsini və bir sıra sənədləri hazırkı məktubuma əlavə edirəm. Halhazırda həmin iş e-2-2(113)-5115/2025 saylı nömrə ilə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatınızdadır. Həmçinin “Fuqro-109” barjasının müəssisəmizə məxsus olması ilə bağlı sertifikatı, barjanın batmasına aid fotoşəkillər də etirazıma əlavə edirəm. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. İş materiallarından göründüyü kimi avans olaraq pul 18 avqust 2023- cü il tarixdə köçürülmüş, protokol isə 18 avqust 2025-ci il tarixdə tərtib edilməli olduğu halda 18 gün sonra tərtib edilərək məhkəməyə göndərilmişdir. Ümumilikdə inzibati xəta haqqında protkolda göstərilmiş tələblər Mərkəzi Bank tərəfindən kobud səkildə pozulmuşdur. İnzibati xəta haqqında protokolun tərtib edilməsi barədə bizimlə əlaqə saxlanılmamış, izahatımız alınmamış, hüquq və vəzifələrimiz bizə izah edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri kobud səkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə Şəxs MMC-nin 200000.00 ABŞ dollar vəsaiti mal almaq məqsədi ilə xaricə köçürdüyünü, 200000.00 ABŞ dolları malların ölkəyə daxil olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili X5 etiraza uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, KB-244/2-2021/2025 nömrəli məktubundan görünür ki, “Azərbaycan Republikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmaması səbəbindən Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə qabaqcadan ödənilən 200000.00 ABŞ dolları məbləğinin bəyan olunmamasına dair məlumatlar Azərbaycan Republikası Mərkəzi Bankına təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 200000.00 ABŞ dolları Marine Constructio Limited Liability Partnership 15th-nin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 08 avqust 2023-cü il tarixdə Şəxs MMC ilə “Marine Construction” LLP arasında AMEC/PC-003/2023 saylı Razılaşma Memorandumu imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasında göstərilən əlamətlər o vaxt inzibati məsuliyyətə səbəb olur ki, həmin əməllər təqsirli şəxs tərəfindən qəsdlə törədilsin, əks halda maddi hüquq normasının dispozisiyasında sadalanan əlamətlərin formal cəhətdən mövcud olması inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” haqqında 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilməməsi, işlər görülməməsi və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özüözlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar