Məhkəmə qərarları › İş №3(009)-2248/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2248/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2248/2025 23.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru Nümayəndə1, Zərərçəkmiş (tələbkar) Zərərçəkmiş şəxs, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştiraklarıilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-ninAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 11 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin Səbail Rayon Məhkəməsinin e-2(009)-1178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini icra etməmişdir. Nəticədə Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək mülahizəsində bildirmişdir ki, Şəxs MMC-nin X4 xanım xx.xx.2025-ci il tarixində +99410 *** ** ** nömrəsindən ona zəng edərək işə bərpa edilməsi barədə onu müəssisəyə dəvət etmişdir. xx.xx.2025-ci il tarixində səhər saat 10 radələrində ora yaxınlaşmışdır. Arzu xanım ondan təkidlə sənədlərini yenidən tələb etdi. Dediyinə görə onu işə götürməsi üçün başqa cür mümkün deyilmiş, eyni zamanda, məni xx.xx.2025-ci il tarixdən işə qəbul edilməsi barədə diktə edərək ona yeni ərizə də yazdırdı. Zərərçəkmiş şəxs da işə bərpa prosedur qaydasını dəqiq bilmədiyindən Arzu xanımın dediyini yazmışdır. Hətta tibbi arayış belə tələb etmişdir. Ordan ayrıldıqdan sonra isə DƏMX-nə müraciət etmişdir, çünki yenə də nəyinsə düz icra edilmədiyini anlamışdı, şübhə içinə düşmüşdü. DƏMX-də də ona bunun yalnış olduğunu və ərizəni gedib geri çəkməli olduğunu demişlər, çünki xx.xx.2025-ci il tarixdən müəssisə onu işə qəbul etsə, o zaman Müfəttişlik sistemdən ƏM-nin 70-ci maddəsinin “Ç” bəndini sistemdən silə bilməyəcək, onun da işə bərpa prosesi edilməmiş olacaqdır, hüquqları yenə də yox sayılmış olacaqdır. Bu səbəbdən də yenidən Şəxs MMC-yə qayıdıb Arzu xanımdan ərizənin əslini geri istədikdə o, bunu qəbul etməmişdir, Zərərçəkmiş şəxs izah etmişdir ki,ərizəni 15 (on beş) gün ərzində istədiyi vaxt geri çəkə və ya dəyişdirə bilər. Sənədi qaytarmamasının səbəbini, əsasını bir neçə dəfə soruşsa da, cavab verməmişdir. Sənədini saxlamaqla cinayət məsuliyyəti yaratdığını dəfələrlə desə də fayda etməmişdir.Çünki onların məqsədi Şəxs MMC-nin təsisçi olan X3 tapşırıqlarını icra etmək, ona qarşı prinsipini davam etdirmək, onu işə bərpa etmək deyil də, sadəcə zaman qazanaraq İcra məmurunun şikayətinə əsasən baş tutacaq məhkəməni öz xeyirlərinə çevirməklə, məhkəmə qərarına əsasən könüllü icra etmədikləri işə bərpa prosesinə görə vurulacaq cərimə və həbs qərarı sovuşdurmaq və, beləliklə də, yenə də onu bərpa etməməklə yenidən İcra Şöbəsinə şikayət verməsinə gətirib çıxartmaqdır. Çünki bu cür üsulla onlar zamanı uzatmaqla tələbkarı daha çox işsiz, cəmiyyətdən, iş həyatından təcrid etmək, pulsuz qoymaqla, psixoloji təsirlə xəstəliyinin artmasına səbəb olmağa çalışırlar.Bütün bu baş verənləri nəzərə alaraq, həm polisə, həm də DƏMX-nə xx.xx.2025ci və xx.xx.2025-ci il tarixdə bir neçə şikayət ərizələri yazmışdır. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə İcra məmurunun şikayətinə əsasən məhkəmə prosesinin baş tutacağından xəbərsiz olduğundan, müəssisənin də onu könüllü işə bərpa edəcəyinə inandığından vaxt itirmədən ora getmişdir. Nəticədə də yenə də onların qanunsuz hərəkətləri ilə rastlaşmışdır. Məhkəmə prosesinin olacağını bildikləri gün tələsik onu müəssisəyə dəvət etməkçün zəng vurublar. Bütün bunlar və yuxarıda açıqladığı bütün məqamlar yenə də müraciətlərinin hamısının işə bərpa məqsədi daşımadığını açıq-aşkar izah edir. Çünki bərpa işi biraz zaman alır. Sentyabrın 17-si işə götürmələri bərpa hesab edilə bilməz, çünki gələcək tarixdir, keçmiş tarix deyil. Əgər əksi olsa idi, xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəməni yenə də təxirə saldırmaqçün tələsik 19 sentyabr tarixi ilə yeni bir daxili sənəd hazırlayıb, direktorun imzası, möhürü ilə mənə whatsapp vasitəsilə 22 sentyabr 2025-ci il tarixdə işə çağırmazdılar, üstəlik bu sənədin şəklini şənbə günü, yəni sentyabrın 20-də, Zərərçəkmiş şəxs köhnə müqaviləsinə əsasən iş günü olmayan bir gündə göndəriblər, həm də sənədin əslinin şəklini, bu da düzgün sayılmır, daxili sənədlər sosial şəbəkələrdən başqasına göndərilməməlidir, bəlkə surəti ola bilərdi, amma bu da yenə düzgün sayılmır. Nə DƏMX-nə müraciətlərini göstərir, nə sənədin təqdimatını qaydaqanunla icra edir, üstəlik təhdidli bir qərar hazırlayıblar ki, işə çıxmasanız,qanuni cəhətdən sizə problem yaranacaq. Eyni zamanda da 17 sentyabrda mənə də zəng ediblər ki, işə bərpa uzun çəkir, biz yenə bərpa edəcəyik, xəbəriniz olsun və s. Əvvəlki məhkəmə qərarından - xx.xx.2025 tarixli qərardan 18 sentyabrda şikayət veriblər, 19 sentyabrda da yenə şikayət Apellyasiyaya göndərilir. Əgər bərpa edirsə, o zaman şikayətini geri çəkməli və bununla da zamanı bilərəkdən uzatmalı deyildilər. Bu da onların ikili yanaşma göstərdiyini sübut edir. Həmçinin, aktiv olmayan müqaviləyə görə heç bir işçi işə çıxmamalıdır. Hətta müqavilə bağlansa belə işə başlama tarixi gec tarixdə baş verə bilir. Əmək qanunvericiliyi də buna icazə verir. xx.xx.2025-ci il tarixdə DƏMX-nə gedib onların işə bərpa etmələri barədə də məlumat almışdır. Əməkdaş dedi ki, belə bir müraciət olunmayıb və xitam hələ də qüvvədədir, “Ç” bəndi silinməyib. Yəni onların tək məqsədi onu işə bərpa etmək deyil, məhkəmədə onlara verilə biləcək cəzadan canını qurtarmaqdır. Zərərçəkmiş şəxs tələbi müqavilənin xx.xx.2024-cü il tarixinə, yəni köhnə tarixə işə bərpa edilərək yenidən sistemdə müqavilə bağlanmasının təmin edilməsi, məzuniyyət hüququnun da qaldığı yerdən davam etməsi, ötürülmüş iş günlərinin də maaşı bərpa edildiyi günü əmək haqqı kartı hesabına ödənilməsidir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru Nümayəndə1 bildirir ki, icra sənədi xx.xx.2025-ci ildə daxil olunub. Xanım Şəxs da mühasib vəzifəsində çalışırdı və işdən azad olunub, istəyi odur ki, əvvəlki vəzifəsinə bərpa edilsin. İcra sənədi daxil olanda MMC-nin 3 fərqli şəxs ilə əlaqə saxlanılmış və bildirilmişdir ki, bu iş mübahisələndirilir və məhkəməyə müraciət olunu, bu işlə bağlı icra sənədi halhazırda icra olunmayacaq. Vəkil ilə də əlaqə saxlandı və deyildi ki, icra olunmalıdır, dayandırma ilə bağlı sənəd varsa təqdim olunmalıdır. Qətnamədən apellyasiyaya şikayət verilmişdir, qəbul edilməyib. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş (tələbkar) Zərərçəkmiş şəxs bildirir ki, həmin qərardan 30 gün keçdikdən sonra, artıq bərpa etməli idilər. Əmək haqqı bağlamadan əmək haqqı ödənişlərini etdiklərini vurğulayır. Əmrlə heç tanış olmamışdır. Onu işə bərpa etmək üçün çağırmışdılar və o gedəndə HR müxtəlif sənədlər istəmişdir və xanım onları verməli olmadığını bildirmişdir, HR-a proseduru necə lazımdırsa o cür də icra etməklərini söyləmişdir. Onun dediklərini yenə də etdiyini və gedib Əmək Müfəttişliyindən soruşduğunu bildirdi. Əmək Müfəttişliyi demişdir ki, gedib ərizəsini geri götürsün, o da verməyəcəyini deyəndə yenidən Əmək Müfəttişliyi gedib götürməli olduğunu demişdir. Müəssisəyə gedib ərizəsini xanımdan geri istəmişdir, lakin xanım mübahisə yaradaraq ərizəni verməmişdir. İcra məmuru ilə də danışmış və protokolu verdiyini qeyd etmişdir. Yenə də gedəndə ordakı xanım mühifizəçi ilə onu qovdurduğunu bildirdi. Sonra isə artıq polisə məlumat vermişdir, çünki yeni insanlar olsa da etibar edə bilməmişdir. Ayın 20-si ona şəkil ataraq ona işə çıxmalı olduğunu söyləmişlər və o da bildirmişdir ki, “necə işə çıxa bilərəm, mənim əmək müqaviləm aktiv deyil, siz apellyasiya şikayəti vermisiniz, mələ prinsipi olmayan adam niyə məhkəmə qərarına apellyasiya şikayəti versin yeni direktor adına?”. Əmrlə bağlı sənəd imzalatmayıblar. Ayın 16-ı tarixdə çağırılanda xanım telefonda gələ bilməyəcəyini, lakin gəlməyə çalışdığını söyləmişdir. Yenə də 16-sı getdiyini, lakin xanım ona qarşı elə ifadələr işlətmişdir ki, yəni məhkəmə qərarını gedib direktorundan soruşmaq istəyirmiş ki, onun dediyi kimidir ya yox. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 bildirir ki, iki dəfə müddətin ötürülməsi ilə bağlı müraciət edilib, lakin müddəti bərpa etməmişlər və qətanəmə qüvvədədir, həmin qərardan apellyasiya şikayəti verdiklərini qeyd etmişdir. Xanımı məhkəmə qətnaməsi əsasında işə köhnə tarixlə bərpa etmək ötrü elektron sistemdə dəyişiklik olmalıdır. Bu səbəbdən xanımı ayın 16-sı dəvət ediblər ki, yenidən ərizə yazsın ki işə qəbul olmaqla əlaqədar, xanım istefa ərizəsin yazdı və sonra bildirmişdir ki, o köhnə tarixlə bərpa olunmaq istəyir. Ayın 17-si isə X2 müraciət etmişdilər. Xanımın yenidən işə bərpa olunması üçün elektron sistem – ƏMAS da düzəliş olmalıdır. Xanımın əmək haqqısına aid ödənişləri də Kapital bank hesabına etdiklərini qeyd edir. X2 məktubda göndərmişlər , lakin onlar bildirib ki, məktubu görmürlər. Elektron ünvanlarına da göndərdiklərini göstərmişdir. Xanımın maaşını ödədiklərinə dair bildiriş də göndərilər və artıq ayın 22-dən işə bərpa olunur, lakin dünən xanım işə getməmişdir. Rəsmi poçt ünvanlarına bununla bağlı məktub göndərilib və çatmalıdır. Xanımı işə qəbul etməklə bağlı ona məlumat verdiklərini qeyd edir, lakin xanım özü işə getmək istəmir. 31 avqusta qədər olan müddətin əmək haqqısı xanımın kartına köçürülüb. Xanıma birinci dəfə deyilmişdir ki, siz işə bərpa olunacaqsız və maaş da gecikdirilmiş günə kimi necə lazımdırsa o cür təmin olunacaq, xanım birinci razılaşmışdır və ərizəni imzalamışdır, lakin sonra səhəri gün gəldi və onlara xanımı aldatdıqlarını bildirdi. Lazım olsa videogörüntüləri də təqdim edə biləcəklərini qeyd etdi. Xanım çox aqressivləşdiyi üçün artıq məcbur qalaraq mühafizəni çağırmışlar. Mübahisə olmağına baxmayraq onlar bildirir ki, xanımı işə qəbul edirlər və gəlib işləsin onlarla.Əslində xanımın dediyi köhnə tarixlə bağlı olan istəyi də düzgündür, onu da artıq Əmək Müfəttişliyinə yazılı elektron formada müraciət etmişlər. Əgər bunu özləri sistemə vura bilisə, bu mümkündürsə onu da edə biləcəklərini, lakin bunu onların edə bilmədiyini bildirdi. Əmək Müfəttişliyi ilə danışanda da bildirmişdir ki, sistemdə özü dəyişikliyi etməlidir ki olsun. Ayın 17-si onların HR-ı Əmək Müfəttişliyi ilə danışmışdır, HR-a bildirilib ki, siz rəsmi məktub formasında Əmək Müfəttişliyinə müraciət etməlisiniz, Əmək Müfəttişliyi də düzəliş etməlidir və ondan sonra xanım işçi kimi daxil edilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail rayon Məhkəməsinin e-2(009)-1178/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqindən görünür ki, iddia qismən təmin edilərək, Şəxs MMCnin Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 11 saylı əmr qanunsuz sayılaraq ləğv edilmiş, o, əvvəlki vəzifəsinə- Şəxs MMC-yə mühasib vəzifəsinə bərpa edilmiş, Zərərçəkmiş şəxs məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il tarixli müraciət vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs barəsində verilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyinin qüvvədə olduğu bildirilmişdir. İş materiallarından görünür ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Səbail rayon İcra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Şəxs MMC-yə tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq o, icra sənədini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs MMC yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-115, 117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar