Məhkəmə qərarları › İş №3(009)-2255/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2255/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2255/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Tovuz rayonu, İbrahim Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonu, İbrahim Hacılı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, X4 binasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 25 noyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.11.2021-ci il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri Səbail rayonu 8-ci Polis Bölməsinə gələrək uca səslə qışqıraraq növbətçi hissənin iş rejimi pozmuş, bu barədə ona irad bildirilməsinə baxmayaraq hərəkətlərinə davam edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 25.11.2021-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X2 izahatında göstərmişdir ki, 25.11.2021-ci il tarixdə, saat 19 radələrində DİN-nin vətəndaş Şəxs içkili halda 8-ci PB-nə gələrək ərizə təqdim etmək istəmiş, ona içkili olduğundan ərizəsini qəbul edə bilməyəcəkləri, ayıq halda gəlməsi izah olunmuş, lakin o, əməliyyat qrupunun üzvləri ilə kobud surətdə uca səslə danışmış, ona edilən xəbərdarlıqlara baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, 10 gün müddətinə rayona getmiş, rayonda olduğu müddətdə keçmiş həyat yoldaşı ondan xəbərsiz qızını nişanlamış, o, Bakıya qayıtdıqdan sonra bundan xəbər tutmuş və evə daxil olmaq istəmiş, lakin keçmiş həyat yoldaşı onu evə buraxmamış, o, da əsəbi halda 102 xidmətinə yığmış, daha sonra polis əməkdaşlarının gəlmədiyini görərək özü Bakı şəhəri Səbail rayonu 8-ci Polis Bölməsinə gedərək səs küy salmağa başlamış, onu sakitləşdirmək istəyən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşman olduğunu bildirərək ona yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Babaşov Orxan Qismət oğlu izahatında göstərmişdir ki, 25.11.2021-ci il tarixdə, saat 19 radələrində DİN-nin 102 xidmətinə zəng edən vətəndaş Şəxs içkili halda 8-ci PB-nə gələrək əməliyyat qrupunun üzvləri ilə uca səslə kobud danışmaqla ona edilən xəbərdarlıqlara baxmayaraq əməlinə davam etmiş, bununla da bölmənin iş fəaliyyətinə maneəçilik törətməklə iş rejiminə müdaxilə etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin məsul növbətçisi Ə.Quliyev, sahə inspektoru V.Mehtiyev və əməliyyat müvəkkili O.Babaşovun iştirakları ilə tərtib olunmuş 25.11.2021-ci il tarixli aktdan görünür ki, 25.11.2021-ci il tarixində PB-nin əməliyyat qrupunda xidmətdə olan zaman saat təxminən 19:00 radələrində xx.xx.1973-cü ildə Tovuz rayonunda anadan olan və pasport qeydiyyatında olan Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, X4 binasında yaşayan Şəxs sərxoş vəziyyətdə PB-yə gələrək səs-küy salmış, növbətçi hissənin iş rejmini pozmuş və sonuncu dəfələrlə intizama dəvət olunmasına baxmayaraq öz hərəkətlərinə davam edərək tabesizlik göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair 25 noyabr 2021-ci il tarixli, 2/17179 nömrəli protokola əsasən Şəxs orta dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, 25.11.2021-ci il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri Səbail rayonu 8-ci Polis Bölməsinə gələrək uca səslə qışqıraraq növbətçi hissənin iş rejimini pozmuş, bu barədə ona irad bildirilməsinə, xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərinə davam edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs 25.11.2021-ci il tarixdən (saat 19:00-da) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar