Məhkəmə qərarları › İş №3(009)-2259/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2259/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2259/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 07 sentyabr 2024-cü il tarixdə saat 11:44 radələrində istifadəsində olan "Toyota Corolla" markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 20424 nömrəli park zonasında saxlamışdır. Bu zaman mobil telefon vasitəsilə 1181 qısa nömrəsinə “avtomobilin dövlət qeydiyyat nişanı və park zonasının kodu" yəni “90UB199-20424" qeyd edilərək göndərilmişdir. Bundan 10 dəqiqə sonra yəni saat 11:54-də "son” qeyd edilərək yenidən 1181 qısa nömrəsinə göndərilmiş və oradan uzaqlaşmışdır. 04 oktyabr 2024-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi məlum olmuşdur. Halbuki qaydalara tam uyğun olaraq avtomobili park etmiş və sms vasitəsilə bunu qeydə almışdır. "Asanpay" sistemi vasitəsilə fotoşəkillərə baxdığı zaman orada avtomobilin fotoşəklinin saat 11:48-də çəkildiyini görmüşdür. Halbuki onun tərəfindən saat 11:44 radələrində sms göndərilmişdir. Həmin fotoşəkillərə baxdıqda yol kənarındakı məlumat lövhəsinin fotoşəklinin saat 10:42-yə aid olmasını görmüşdür hansıki həmin vaxt heç orada olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməsinə dair 07 sentyabr 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməsinə dair 07 sentyabr 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 xx.xx.2024-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək 3(009)-2259/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraata iştirakı olmadan baxılmasını və inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X2 özünəməxsus nəqliyyat vasitəsini 06 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 20424 nömrəli park zonasında saxlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X2 tərəfindən mobil telefon vasitəsilə 06 sentyabr 2024-cü il tarixdə, saat 11:44-də 1181 qısa nömrəsinə “avtomobilin dövlət qeydiyyat nişanı və park zonasının kodu" yəni “90UB199-20424" qeyd edilərək mesaj göndərilmişdir. Saat 11:54-də "son” qeyd edilərək yenidən 1181 qısa nömrəsinə mesaj göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X1 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 tərəfindən nəqliyyat vasitəsi 06 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 20424 nömrəli park zonasına 11:44-də daxil olmuş və sms vasitəsilə mesaj 1181 qısa nömrəsinə “avtomobilin dövlət qeydiyyat nişanı və park zonasının kodu" yəni “90UB199-20424" qeyd edilərək göndərilmişdir. Saat 11:54-də "son” qeyd edilərək yenidən 1181 qısa nömrəsinə mesaj göndərilmişdir. Göründüyü kimi X2 nəqliyyat vasitəsini ödənişli parklanma yerində 15 dəqiqədən az müddətə parklamış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X1 verdiyi şikayət təmin edilməli və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar