Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2260/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi belə əsaslandırmışdır ki, 02 oktyabr 2024-cü il tarixdə, saat 08:25 radələrində istifadəsində olan “Toyota Corolla” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 20424 nömrəli park zonasında saxlamışdır. Bu zaman mobil telefon vasitəsilə 1181 qısa nömrəsinə “avtomobilin dövlət qeydiyyat nişanı və park zonasının kodu” yəni “90UB199-20424” qeyd edilərək göndərilmişdir. Ona gələn cavab sms-də **-UB-*** dövlət qeydiyyat nişanı göstərildiyi üçün yenidən sms göndərmiş lakin cavab sms-də artıq park sorğusunun qəbul edildiyi qeyd edilmişdir. Bundan bir müddət sonra “son” qeyd edilərək yenidən 1181 qısa nömrəsinə göndərilmiş və balansından 0.4 manat çıxılmış özü isə oradan uzaqlaşmışdır. 04 oktyabr 2024-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi məlum olmuşdur. Halbuki qaydalara tam uyğun olaraq avtomobili park etmiş və sms vasitəsilə bunu qeydə almışdır. “Asanpay” sistemi vasitəsilə fotoşəkillərə baxdığı zaman orada avtomobilin fotoşəklinin saat 08:27- də çəkildiyini görmüşəm. Halbuki onun tərəfindən saat 11:44 radələrində sms göndərilmişdir. Həmin fotoşəkillərə baxdıqda yol kənarındakı məlumat lövhəsinin fotoşəklinin saat 07:17-yə aid olmasını görmüşdür hansı ki, həmin vaxt heç orada olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməsinə dair 03 oktyabr 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin qeyd etmək istəyir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 03 oktyabr 2024-cü il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ona təqdim edilmədiyindən həmin qərarında qeyd edilən qurumdan alınmasını xahiş edir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından görünür ki, xx.xx.2024 tarixində Əliyar Əliyev 20424 ərazisində “Toyota Corolla” markalı **- UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunvericilikdə parklanmaya görə ödəniş üsulu yalnız parkomatlarla məhdudlaşdırılmır. Çünki “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin Xİ hissəsinə əsasən, parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla). SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Həmin maddənin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq həmin maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir. Həmin maddənin XXİ hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün həmin maddənin XVİ hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. Həmin ərazidə parklanmanın ödəniş qaydası barədə məlumat lövhəsi var, orada ödəmənin üsulları aydın izah olunmuşdur. Eyni zamanda parklanma ödənişinin həyata keçirilməsi mobil tətbiqlə də həyata keçirilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (haz-hazırda AYNA ) tərəfindən müəyyən olunur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Qanunvericiliyin tələbinə uyğun olaraq, bütün ödənişli parklanma yerlərində Agentlik tərəfindən istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə məlumat lövhələri yerləşdirilmişdir. Həmin lövhələrdə parklanma məntəqəsinin nömrəsi, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları; həmçinin parklanma yerlərindən istifadə qaydalarına dair məlumatlar yerləşdirilmişdir. Hər bir sürücü ödənişli parklanma məntəqəsinə daxil olarkən həmin məlumatlarla tanış olmalı və özünə uyğun ödəniş vasitəsini seçməlidir. Belə ki, sürücülərin rahatlığını təmin etmək məqsədilə həm sms, həm mobil tətbiq vasitəsi ilə, həm də ödəmə terminalı vasitəsi ilə (balansin artırılması) ödəniş üsulları mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə–iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarında müəyyən edilir ki, X1nun inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X2 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2260/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2260/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver