Məhkəmə qərarları › İş №3(009)-2261/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2261/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2261/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2405/21 saylı, 26.11.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X3 A.Ş” şirkətindən 34CHK082|34BVF516 nömrə nişanlı yük avtomaşınında İHR**********012 nömrəli 08.11.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********7387 sorğu nömrəli 16.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşaiyət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə **********, **********, **********, ********** kodlar altında bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə 1400-012/004-25/008283 nömrəli 17.11.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200- 017/004-25/006176 nömrəli 23.11.2021-ci il tarixli cavab məktubuna əsasən, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMCnin ünvanına İHR**********012 nömrəli 08.11.2021-ci il tarixli invoys sənədinin 1-4-cü mövqeləri üzrə idxal olunan yük “Siel Elektronik” markalı 15, 20, 60, 100 kVA elektrik gərginliyinə hesablanmış tək və üç fazlı avtomatik gərginlik tənzimləyici olub XİFMN-ə görə ********** kod altında İHR**********012 nömrəli 08.11.2021-ci il tarixli invoys sənədinin 7, 11-ci mövqeləri üzrə idxal olunan yük 30Vt elektrik gərginliyinə hesablanmış sabit cərəyanlı mühərrik olub XİFMN-ə görə ********** kod altında sinifləşdirilir. Bununla da X1 İdarəsinin rəyinə əsasən, İHR **********012 nömrəli 08.11.2021-ci il tarixli invoys sənədinin 1-4-cü və 7,11-ci mövqeləri üzrə idxal olunan malların Şəxs MMC tərəfindən **********7387 sorğu nömrəli 16.11.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən XİFMN üzrə **********, ********** kodlar altında deyil, müvafiq olaraq XİFMN üzrə **********, ********** kodlar altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC-nin ümumilikdə 1936 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC **********7387 sorğu nömrəli 16.11.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1936 manat məbləğində gömrük ödənişlərindən yayınmışdır. **********0291 sorğu nömrəli 02.12.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 3914.37 manat məbləğidə gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 11.12.2020-ci il tarixdə 00100-2604/2020 saylı iş üzrə icraat başlanmış, toplanılmış material Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2021 nömrəli 01.02.2021-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2740,06 manat məbləğində cərimə edilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 (bir) il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4, Şəxs MMC-nin barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi var və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ödənilməli olan 1936 (min doqquz yüz otuz altı) manat gömrük ödənişlərinin yetmiş faizi məbləğində, yəni 1355,20 (min üç yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar