Məhkəmə qərarları › İş №3(009)-2263/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2263/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2263/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində protokol tərtib olunmuş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil və protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən "xxxx" MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2137/21 saylı, 16 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) 22 sentyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4765 sorğu nömrəli **********4717 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqəti idxal” xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edilmiş mallar, rüsum və vergilərdən azad edilmək üçün əsas verən “Azəri-01/14” saylı azadolma sertifikatında qeyd edilmədiyindən, bu mallara dair gömrük yığımları və dövri gömrük ödənişlərini ödəməli olduğu halda, qeyd edilən hər iki bəyannamənin 36-cı qrafasında buna əsaslar olmamasına baxmayaraq, “300” nömrəsini qeyd etməklə **********4765 sorğu nömrəli gömrük bəyannaməsinə münasibətdə ödənilməli olan 600,00 manat gömrük yığımı, 108,00 manat ƏDV, 5,40 manat elektron gömrük xidmət haqqı, “müvəqqəti idxal” xüsusi gömrük proseduruna uyğun dövri olaraq 731,86 manat idxal rüsumu, 1013.21 manat ƏDV-dən ibarət ümumi - 2458,47 manat gömrük ödənişləri və **********4717 sorğu nömrəli gömrük bəyannaməsinə münasibətdə ödənilməli olan 600,00 manat gömrük yığımı, 109,80 manat ƏDV, 5,40 manat elektron gömrük xidmət haqqı, “müvəqqəti idxal" xüsusi gömrük proseduruna uyğun dövri olaraq 731.86 manat idxal rüsumu, 1013.26 manat ƏDV-dən ibarət ümumi - 2460,32 manat gömrük ödənişləri, yəni hər iki gömrük bəyannaməsi üzrə ümumilikdə az miqdarda, 4918,79 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X2, protokolu müdafiə edərək "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Vəkil yazılı etirazı təqdim edərək onun məzmununa uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə "xxxx" Şirkəti arasında imzalanmış CW2049353/CW173731 nömrəli müqavilə əsasında, adı çəkilən MMC həmin Şirkətə qara metallardan rezervualların, sistemlərin, çənlərin və analoji qabların tədarükü və təczihatı xidmətlərini həyata keçirir. İşin faktiki halları ondan ibarətdir ki, yuxarıda adı çəkilən mallarla bağlı "xxxx" MMC 09.09.2021-ci il tarixində müvafiq gömrük orqanına **********88308 və **********88315 nömrəli qısa idxal bəyannamələrini bəyan etmişdir. 22.09.2021-ci il tarixində son istifadə üçün **********4765 nömrəli və **********4717 nömrəli bəyannamələr ilə gətirilən mallar müvafiq gömrük orqanına bəyan edilmiş və bəyannamənin 44-cü qrafasında bütün lazım olan sənədlər e-bəyannaməyə əlavə olunmuşdur. Daha sonra isə, **********4765 nömrəli və **********4717 nömrəli bəyannamələrdə göstərilən malların ölkəyə idxalına icazə verilmiş və malları gətirən nəqliyyat vasitələri, o cümlədən malların özü də azad şəkildə gömrük postundan buraxılmışdır. Lakin sonradan gömrük orqanının tələbinə əsasən, həmin bəyannamələrdə göstərilən mallarla bağlı, 06.10.2021-ci il tarixində BP Exploration (Kaspian Si) Ltd. əməliyyat şirkətinin CX-AL-211006-1 istinad nömrəli gömrük rəsmiləşməsini idxal və ixrac rüsümlarında azadolma sertifikati ilə həyata keçirilməsi üçün rəsmi məktub alınmış və həmin məktubda DGK-nə təqdim edilmişdir. "xxxx" MMC-nin Sertifikata yeni malların əlavə olunması üçün etdiyi müraciət 13.10.2021-ci il tarixli 24/24/049360 nömrəli sənəd ilə qeydə alınmışdır, yəni Dövlət Gömrük Komitəsinin e-gov.az saytında idxal-ixrac vergilərindən azadolma haqqında sertifikata həmin mallarında adları əlavə edilmişdir. Lakin bundan sonra həmin iş üzrə materiallar əsassız olaraq DGK-nin təhqiqat şöbəsinin icraatına verilmişdir. Ölkəyə idxal edilmiş həmin malın adı bir daha qeyd edilir ki, məhz 13 oktyabr 2021-ci il tarixindən Dövlət Gömrük Komitəsinin e-gov.az saytında idxal-ixrac vergilərindən azadolma haqqında sertifikata əlavə edilmişdir. İşin tam aydın və şəffaf olması məqsədi ilə, Dövlət Gömrük Komitəsinə 06.10.2021-ci il tarixində yeni siyahı göndərilərək, hazırki mallarında 730900 kod altında olması qeyd edilmişdir. Həmin siyahıda Dövlət Gömrük Komitəsi tərəfindən rəsmən təsdiqlənmişdir. Göstərilənlərə əsasən, "xxxx" MMC-nin əməlində İXM-nin 505-ci maddəsinin tərkib əlamətlərinin olmadığından 00100-2137/21 nömrəli 16 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin Sertifikata yeni malların əlavə olunması üçün etdiyi müraciət 13 oktyabr 2021-ci il tarixli 24/24/049360 nömrəli sənəd ilə qeydə alınmışdır. Göründüyü kimi "xxxx" MMC-nin Sertifikata yeni malların əlavə olunması üçün etdiyi müraciət qeydə alınmış, yəni Dövlət Gömrük Komitəsinin e-gov.az saytında idxal-ixrac vergilərindən azadolma haqqında sertifikata həmin mallarında adları əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma hallarına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar