Məhkəmə qərarları › İş №3(009)-2263/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2263/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2263/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 oktyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 2115091,60 ABŞ dolları vəsaiti 29 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 95037,62 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 30 avqust 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, “BM Morrison Partners DMCC” şirkəti ilə aralarında xaricdə şirkətlərini hüquqi proseslərdə təmsil etməklə bağlı müqavilə imzalanmışdır. “Sigma Oilfield and İndustrial Supply DMCC” şirkəti ilə boru alveri edirlər. Müəyyən hissə mallar idxal olunmuş, lakin 98000 ABŞ dolları məbləği müqabilində mallarda problem yaranmış və ölkəyə idxal etmək mümkün olmamışdır.Həmin qalan məbləğ ödənilmişdir. X2 bank hesabından çıxarış var. Pul məbləği bank hesabına hissə-hissə oturur. "xxxx" ASC-nin bank hesabından çıxarışından görünür ki, hələ 20000 ABŞ dolları hesaba oturmuşdur. Şirkətin ödənişləri tamamlaması üçün noyabr ayının 10-dək vaxtı var. Məhkəmə iclasında iştirak edən “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, hər iki şirkət Dubay şəhərində yerləşir. Hazırda 95000 ABŞ dollardan 20000 ABŞ dollar qaytarılmış, 75000 ABŞ dolları məbləğində vəsait bankda yaranan bəzi problemlərə görə hesaba oturmamışdır. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankından işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13002-01/60 nömrəli məktubundan görünür ki, “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 95037,62 ABŞ dolları məbləğində vəsait bəyan olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, №OX34 ödəniş tapşırığından görünür ki, “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 2115091,60 ABŞ dolları məbləğində vəsait “EMİRATES İSLAMİC BANK” bank vasitəsilə “Sigma Oilfield and İndustrial Supply DMCC” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Sigma Oilfield and İndustrial Supply DMCC” şirkətinin arasında bağlanmış № AS/046-22-T müqavilədən görünür ki, “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Alıcı”, “Sigma Oilfield and İndustrial Supply DMCC” şirkəti isə “Satıcı” qismində iştirak edir. Hazırki Müqaviləyə əsasən, Satıcı Malları (bundan sonra "Mallar") CİF Bakı İnkoterms-2020 şərtinə uyğun olaraq bu Müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş miqdarda və qiymətə təchiz etməlidir. Həm miqdar, həm də dəyər üçün - 0/+3% toleranslığa icazə verilir. Bu müqavilədəki qiymətlər CİF Bakı İnkoterms-2020 şərtinə uyğun olaraq müəyyən edilmişdir və 1 saylı Əlavə göstərilmişdir. Hazırki Müqavilənin ümumi dəyəri CİF Bakı İnkoterms-2020 şərtinə əsasən 4,199,500.00 ABŞ dolları (Dörd milyon yüz doxsan doqquz min beş yüz ABŞ dolları ) təşkil edir (bundan sonra "Müqavilənin ümumi dəyəri") və paketləşdirmə, Bakıya ixrac, yükənmə və sığorta daxildir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, “BM Morrison Partners DMCC” şirkəti 20000 ABŞ dolları məbləğində pul xx.xx.2024-cü il tarixdə “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hesabına köçmüşdür. İş materiallarına əlavə edilmiş “Sigma Oilfield and İndustrial Supply DMCC” şirkətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qanuni nümayəndələri “BM Morrison Partners/Lutfi & Co Advocates” vasitəsilə “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 98000 ABŞ dolları məbləğində borcun 10 noyabr 2024cü il tarixinədək ödənilməsinə razılıq verirlər. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, № 00İCZV24310003A ödəniş tapşırığından görünür ki, 20000 ABŞ dolları məbləğində vəsait “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “Emirates NBD Bank” PJSC-nin bank hesabından çıxarışdan görünür ki, 98000 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-ə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" Şirkəti ilə "X4 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında AS/046-22-T nömrəli xx.xx.2022-ci il tarixli müqavilə mövcuddur. Tərəfimizdən müqavilədə göstərilən məbləğ "xxxx" Şirkətinə ödənilsə də, tərəf malları tam olaraq təhvil verməmişdir. Bu səbəbdən müqavilə üzrə qalıq məbləğin geri qaytarılmasına dair tərəflər arasında danışıqlar aparılmaqdadır və yaxın günlərdə "xxxx" Şirkəti ilə pul məbləğinin qaytarılması ilə bağlı razılaşma müqaviləsi bağlanacağına ümid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "BM Morrison Partners DMCC" ilə aramızda bağlanılan hüquqi müqaviləyə əsasən "Sigma Oilfield and İndustrial Supply DMCC"-dən şirkətindən geri alınmalı olan 95000 (doxsan beş min) ABŞ dolları "BM Morrison Partners DMCC tərəfindən qəbul edilmişdir. Həmin məbləğin 20000 (iyirmi min) ABŞ dolları bizim "xxxx" ASC-nin hesabına oturmuşdur və bu barədə bank sənədini sizə təqdim etmişik. Qalan 75000 (yetmiş beş min) ABŞ dolları "BM Morrison Partners DMCC" şirkəti tərəfindən alınmış və bizim hesaba köçürülmüşdür. "BM Morrison Partners DMCC" şirkəti Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən şirkət olduğu üçün, onlar tərəfindən göndərilmiş qalan pul vəsaitinin hesaba oturulması müəyyən zaman tələb edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 2115091,60 ABŞ dolları vəsaiti 29 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 95037,62 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmət) mallarda yaranan problemə görə ölkəyə idxal edə bilməmişdir. Mallar (xidmət) ölkəyə idxal edilmədiyi üçün "BM Morrison Partners DMCC" şirkəti ilə 95037,62 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması ilə bağlı razılıq əldə olunmuş, 20000 ABŞ dollar "xxxx" ASC-nin hesabına köçmüşdür. Qalan məbləğ "xxxx" ASCnin hesabına göndərilsə də, müəyyən səbəblərə görə bank hesabına köçməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin qalan hissəsi üzrlü səbəbdən geri qaytarılmadığı üçün üçün “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar