Məhkəmə qərarları › İş №3(009)-2277/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2277/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2277/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə, Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, işsiz olduğu üçün borcu ödəyə bilmir. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Səbail rayon məhkəməsinin 2(009)-2672/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan 11 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 2672/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı üzrlü səbəb olmadan icra etmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 11 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 4400/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Səbail rayon məhkəməsinin 2(009)-2672/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Səbail rayon məhkəməsinin 2(009)-2672/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Borclu həmin məhkəmə qərarını üzrsüz səbəbdən icra etmədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsinin 3(009)-1094/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi xx.xx.2019-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir.Sonrkı dövrdə borclu yenə də icra vərəqəsinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 1(009)-182/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlığı məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-1594/2021 saylı qərarı ilə Səbail rayon məhkəməsinin xx.xx.2021ci il tarixli 1(009)-182/2021 saylı hökmü dəyişdirlimədən saxlanılmışdır. Eyni zamanda borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra dövlət orqanlarına və bank təşkilatlarına sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İcra sənədinin icra edilməsi məqsədi ilə tərəfimizdən borclunun qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq tərtib edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən icra edilmədən Səbail rayon məhkəməsinə qaytarılmışdır. Tələbkar məhkəməyə müraciət edərək icra vərəqəsinin yenidən icraata yönəldilməsini xahiş etmiş, icra sənədi yenidən icraata yönəldilmiş və xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra dövlət orqanlarına və bank təşkilatlarına sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclunun məcburi qaydada şöbəyə gətirilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət olunmuş, məhkəmənin 8(009)- 39/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmiş və ondan izahatı alınmışdır, izahatında bu işlə bağlı artıq bir dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, buna baxmayaraq hissə hissə təxminən 10000 (on min) manat ətrafında ödəniş etdiyini qeyd etmişdir, həmçinin işləmədiyini, daimi gəlir yerinin olmadığını bildirmişdir. Tələbkar isə borc məbləğindən ümumilikdə cəmi 5800 (beş min səkkiz yüz) manat ödənildiyini bildirir və borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. Borclunun bugünə olan borcu 24200 (iyirmi dörd min iki yüz) manat təşkil edir. İş materiallarında olan Səbail rayon məhkəməsinin 2(009)-2672/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarla həmin gün icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(009)-39/2024 saylı qərardadı ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-2672/2017 saylı, xx.xx.2017-ci il tarixli sənədinin icrası ilə bağlı borclu Şəxs məcburi qaydada Bakı şəhəri Səbail rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, borc məbləğini işləmədiyi üçün ödəmir. Bugünə qədər 4200 (dörd min iki yüz) manat, 2021-ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayına qədər 5800 (beş min səkkiz yüz) manat ödəmişdir. İşlədiyi təqdirdə qalıq borcu hissələr şəklində ödəyəcək. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail rayon məhkəməsinin 2(009)-2672/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Şəxs 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. Borclunun hal-hazırda borcu 24200 (iyirmi dörd min iki yüz) manat təşkil edir. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işsiz olması, qazancı və ya başqa gəlirinin olmaması və icra sənədini üzürlü səbəblərdən icra etməməsini göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Şəxs qeyd edilən qaydada izahat verməsini onun hüququ kimi qəbul edir və onun dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, onunla razılaşmaq olmaz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 oktyabr 2024-cü il tarixdən 17:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar