Məhkəmə qərarları › İş №3(009)-2289/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2289/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2289/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 11 oktyabr 2023-cü il tarixdə Dağüstü parkda 216 nömrəli motosikleti sürərkən o, maşına dəydiyindən onu yol polis əməkdaşı saxlamışdır. Hadisə axşam vaxtı baş vermişdir. Hadisə nəticəsində heç bir bədən xəsarəti alan olmamışdır. Maşına yüngül toxunmuşdur, motosikletin təkəri cızılmışdır, lakin maşına heç bir zərər dəyməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı Şəhər Baş Polis İdarəsi X4 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Bakı Şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Bakı Şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:28də İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələblərini pozmaqla (velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) zərərçəkmiş şəxs X2 maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində İXM-nın 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Hazırki işdən isə görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:28-də baş vermiş yol nəqliyyat hadisəsi zamanı nə yüngül dərəcəli bədən xəsarəti, nə də maddi zərər aşkar edilməmişdir. Hazırki işdə məhkəməyə dəymiş ziyanla bağlı heç bir sübut təqdim edilməmişdir. Başqa sözlə araşdırma aparılarkən yalnız X1 izahatında ona maddi ziyan dəyməsi qeyd olunsa da, izahatında maddi ziyanın məbləğini göstərməmiş, həmçinin bununla bağlı heç bir rəsmi sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol natamamdır. Bu natamamlığı isə işə baxılarkən aradan qaldırmaq mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tamamlanması üçün Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhər Baş Polis İdarəsi X4 İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar