Məhkəmə qərarları › İş №3(009)-2291/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2291/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2291/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X2, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X6 oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 22 noyabr 2021-ci il tarixdə tərtib olunmuş EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 29615.00 Avro məbləğində vəsaiti 15.10.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 01.11.2021-ci il tarixdə müvafiq malların ölkəyə idxalını (xidmətin göstərilməsini) təmin etmişdir. Xəta 16.10.2021ci il tarixdə hüquqi şəxsin qeyd olunana ünvanında törədilmişdir. Nəticədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 protokolu müdafiə edərək, onun təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 bildirmişdir ki, gömrük bəyannaməsindən, Azərbaycan Respublikasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş informasiya və Kommunikasiya İdarəsinin 17.12.2021-ci il tarixli məktubundan və 20.10.2021-ci il tarixli aktla sübut olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 29615.00 Avro məbləğində vəsaiti 15.10.2019-cu il tarixdə xaricə köçürmüş, ümümilikdə 29.615.00 ABŞ dolları dəyərində işlər görülmüş, layihə tam təhvil verilmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi barəsində tərtib olunmuş 22 noyabr 2021-ci il tarixli, EP ******* saylı “inzibati xəta haqqında” protokol üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməiş materiallarını araşdıraraq və proses iştirakçılarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 20.10.2021-ci il tarixli Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Nömrə Tanıma” sisteminin “Radar” sistemi ilə dəyişdirilməsi məqsədilə avadanlıqların alınması, müvafiq işlər aparılmaqla 01.10.2019-cu il tarixli, 01/19 nömrəli müqavilənin icrası ilə bağlı görülmüş işlər barədə aktdan görünür ki, layihə çərçivəsində 27.165.00 ABŞ dolları dəyərində avadanlıqlar alınaraq ölkəyə gətirilmiş və müvafiq sistemlər quraşdırılaraq tam təhvil verilmişdir. Layihənin icrası ilə əlaqədar 2000,00 ABŞ dolları dəyərində işçililk, mühəndislik və supervizorluq işləri görülmüşdür. Bununla qeyd olunan layihə çərçivəsində ümumilikdə 29.615,00 ABŞ dolları dəyərində işlər görülərək tam təhvil verilmişdir. İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, Ekin Teknoloji SAN.VE TİC.A.S tap ilə X8 Teknoloji anonim şirkəti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmiş mallar 18.10.2021-ci il tarixdə ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. Azərbaycan Respublikasinin Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikası Mərkəzi X4 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar