Məhkəmə qərarları › İş №3(009)-2299/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2299/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2299/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Sadıqov Elçin Əli oğlunun iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 185 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs 01.12.2021-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr Meydanında karantin rejim qaydalarını pozmuşdur. Şəxs kütləvi şəkildə toplaşmış kütlədə sosial ara məsafəsini qorumamış, tibbi maskadan istifadə etməmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, 01.12.2021-ci il tarixdə saat 15:00 radələrində vətəndaşların kütləvi toplaşaraq aksiya keçirmək istədikləri zaman həmin vətəndaşların olduqca sıx, ara məsafəsi saxlamadan karantin qaydalarını pozduqlarına görə həmin ərazidə xidmət polis əməkdaşları onlara yaxınlaşaraq dəfələrlə xəbərdarlıq etmiş, lakin onlar öz əməllərini davam etmişlər. Həmin şəxslərdən olan Şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilmiş və barəsində inzibati xəta haqqında prokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 01.12.2021-ci il tarixdə saat 15:00-da keçiriləcək qazi Saleh Rüstəmlinin azadlığa çıxarılmasına dair dinc aksiyada iştirak etmək üçün Bakı şəhəri Səbail rayonu ərazisində Fəvvarələr Meydanına gəlmişdir. Həmin zaman orada 50dən çox insan toplaşmışdır. Həmin zaman o maska taxmamışdır. Həmçinin o Fəvvarələr Meydanında tək dayanmış, ətrafında yalnız polislər olmuşdur. Ona karantin rejimi qaydalarının pozulması ilə bağlı heç kim xəbərdarlıq etməmişdir. Daha sonra polis əməkdaşları onu polis bölməsinə gətirmiş, maşına mindirdikdən sonra üzdən tanımadığı polis əməkdaşlarından biri onun gözünün altından və qaş nahiyyəsindən vurmuşdur. Lakin hazırda xəsarətlərin izi qalmamışdır. Bölmədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Özünü təqsirli bilmir, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli olmadığını, karantin rejimi qaydalarını pozmadığını bildirərək, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri X7 izahatında bildirmişdir ki, 01.12.2021-ci il tarixdə inzibati ərazidə xidmət aparan zaman təxminən saat 15:00 radələrində vətəndaşların toplanaraq aksiya keçirmək istədiklərini görmüşlər. Həmin vətəndaşlar olduqca sıx, ara məsafəsini saxlamadan karantin qaydalarını pozduğuna görə onlara yaxınlaşaraq dəfərlərlə xəbərdarlıq etmələrinə baxmayaraq onlar öz əməllərinə davam etmişlər. Buna görə də onlar həmin şəxslər birini 9-cu Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin də Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri X2 eyni məzmunlu izahat verərək şahid X4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 01 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.12.2021-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr Meydanında karantin rejim qaydalarını pozmuşdur. Şəxs kütləvi şəkildə toplaşmış kütlədə sosial ara məsafəsini qorumamış, tibbi maskadan istifadə etməmişdir. İnzibati qaydada tutma haqqında 01 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 01 dekabr 2021-ci il tarixdə saat 15.10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən karantin rejiminin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli qərarının 1.1.7-ci yarımbəndinə əsasən 01 yanvar 2022-ci il saat 06:00-dək ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda toplaşması qadağan olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 01 dekabr 2021-ci il tarixdən saat 15.10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 114.1.1, 115, 128.2.1, 130.1 və 211.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 01 dekabr 2021-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar