Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2299/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 09 oktyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31031.56 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 06 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 31031.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 07 sentyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC-nin nümayəndəsi etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Şəxs MMC ilə “X1 Operations LLC” şirkəti arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, № BH- AQS/001-2007 saylı müqaviləyə əsasən, Satıcı “X1 Operations LLC” şirkəti Alıcı Şəxs MMC üçün müvafiq mallar satmışdır. Bununla bağlı Alıcı Şəxs MMC Satıcı “X1 Operations LLC” şirkətinə 31.031,56 USD məbləğində xidmət haqqı ödəmişdir. Bununla bağlı müvafiq “YGB” və digər əlaqəli sənədlər məhkəməyə təqdim edilmişdir. "xxxx" ASC-nin əməkdaşı Nigar Şahbazova alman mallar üzrə YGB-lərin bağlandığını e-mail yazısı ilə də təsdiq etmişdir və “Portaldan çıxarışı” e- mail vasitəsilə göndərmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən SOCAR-AQŞ MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli "xxxx"da qeyd olunan guya 31031.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan xidmətin "xxxx" şirkət SOCAR-AQŞ MMC tərəfindən ölkəyə idxal edilməməsi qeydi tamamilə əsassızdır və ola bilsin ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeyd olunan məsələ ilə bağlı araşdırma həyata keçirilərkən texniki yanlışlığa yol verilmiş vəmalların alınmasına dair “YGB” lər bağlanmış olduğu halda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bu məsələyə fərqli şəkildə hüquqi qiymət verilmiş və bunun nəticəsində barəmizdə göstərilən protokol tərtib edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, göstərilən protokol tərtib edilərkən SOCAR-AQŞ MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin "xxxx" şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, "xxxx"un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək ücün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında isə baxılması vaxtı və veri barədə “Bildiriş” şirkətə çatdırılmamışdır və isin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli "xxxx"da qeyd olunan: SOCAR-AQŞ MMC 31.031.56 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 31031.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cii il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir” qeydi tam əsassızdır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək nəinki 31031.56 ABŞ dolları məbləğində mallar/xidmətlər ölkəyə idxal edilmiş, hətta idxal edilən malların/xidmətlərin dəyəri 31031.56 ABŞ dolları məbləğinə dair müvafiq YGB-lər tərəflərindən bağlanılmışdır. Bu isə onların qanunla nəzərdə tutulan qaydalara əməl etdiklərini açıq-aşkar isbat edir. Qevd olunanlara əsasən haqlı olaraq hesab edirik ki, SOCAR-AOS MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilən İnzibati xəta haqqında xx.xx.2024cü il tarixli, EP №: ******* nömrəli "xxxx" qanunsuz və əsassız olduğundan ləğv edilməli və is üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 12 sentyabr 2024-cü il tarixli, KB-246/2-184/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Republikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmaması səbəbindən qabaqcadan ödəniş əməliyyatları barədə məlumatlar Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixdə 31031.56 ABŞ dolları məbləği köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs MMC ilə “ARVERNE DRİLLİNG” şirkəti arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, BH-AQS/001-2017 saylı müqavilədən görünür ki, satıcı “X1 Operations LLC” alıcı Şəxs MMC üçün avadanlıq və məhsulların təmin edilməsi xidmətlərini göstərmişdir. İş materiallarına əlavə edilmiş fakturadan görünür ki, alıcı Şəxs MMC Satıcı “X1 Operations LLC” şirkətinə 31031.56 ABŞ dolları məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasında göstərilən əlamətlər o vaxt inzibati məsuliyyətə səbəb olur ki, həmin əməllər təqsirli şəxs tərəfindən qəsdlə törədilsin, əks halda maddi hüquq normasının dispozisiyasında sadalanan əlamətlərin formal cəhətdən mövcud olması inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” haqqında 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilməməsi, işlər görülməməsi və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özüözlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2299/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2299/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver