Məhkəmə qərarları › İş №3(009)-2300/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2300/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2300/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 01 dekabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanında epidemiya əleyhinə rejim qaydalarını pozaraq kütləvi şəkildə toplaşaraq sosial məsafəni qorumamış, tibbi maskadan istifadə etməmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 01 dekabr 2021-ci il tarixli raportdan görünür ki, E.Mirzəliyev və S.Süleymanov inzibati ərazidə xidmət aparan zaman təxminən saat 15:00 radələrində vətəndaşların toplanaraq qanunsuz aksiya keçirtmək istədiklərini gördülər. Həmin vətəndaşların sıx, ara məsafəsi saxlamadan karantin rejimi qaydalarını pozduqlarını görüb onlara yaxınlaşaraq dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq öz əməllərinə davam etdiklərini davam etdirmişlər. Həmin şəxslərdən birinin də 10 may 1982-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir . Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qanunsuz aksiyada iştirak etməklə 10 nəfərdən artıq qrupda olan digər şəxslərlə birlikdə karantin rejimi qaydalarını pozduğunu bildirərək, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək özünü təqsirli bilmədiyini, karantin rejimi qaydalarını pozmadığını, Qarabağ qazisi olan Saleh Rüstəmliyə görə aksiya keçirdiklərini bildirərək, barəsində başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli olmadığını, karantin rejimi qaydalarını pozmadığını bildirərək, Şəxs barəsində başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyü polis nəfəri X2 izahat verərək bildirmişdir ki, Fəvvarələr bağında xidmətdə olarkən vətəndaş 50-60 nəfərlə birgə aksiyada iştirak edərək xüsusi karantin rejimlərini pozduğunu görmüşlər. Vətəndaşa yaxınlaşıb irad bildirmələrinə baxmayaraq, o onların dediklərinə məhəl qoymamışdır. Bu səbəbdən də 9-cu polis bölməsinə dəvət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyü polis nəfəri X5 izahat verərək bildirmişdir ki, 01 dekabr 2021-ci il tarixdə Fəvvarələr meydanı ərazisində xidmət apardığı zaman bir qrup şəxsin kütlə halında hərəkət etdiyini aşkar etmişlər. Onlara dəfələrlə müraciət etmişlər ki, pandemiya qaydalarına uyğun olmayan hərəkətləri etməsinlər. Onlar deyilənlərə məhəl qoymadıqları üçün 9-cu polis bölməsinə dəvət olunmuşlar. Məhkəmə proses iştirakçılarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli qərarının 1.1.7-ci yarımbəndinə əsasən 01 yanvar 2022-ci il saat 06:00-dək ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda toplaşması qadağan olunmuşdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 nəfərdən artıq olan qrup halında qanunsuz aksiyada iştirak etməklə karantin rejimi qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs münasibətdə onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə uyğun olaraq inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsinin məsuliyyəti ağırlaşdıran halların olmasını, inzibati xəta haqqında işin digər hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İşdə olan 01 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs barəsində 01 dekabr 2021-ci il tarixdə saat 15:10-da tutma tətbiq edilmişdir. Bu baxımdan, inzibati qaydada həbs etmənin əvvəli 01 dekabr 2021-ci il tarixdə saat 15:10-dan hesablanmalıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 01 dekabr 2021-ci il tarixdə saat 15:10dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X7 X1 tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar