Məhkəmə qərarları › İş №3(009)-2302/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2302/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2302/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili Vəkil iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.12.2021-ci il tarixdə, saat 15:10 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, Fəvvarələr Meydanında kütləvi şəkildə bir yerə toplaşaraq karantin rejimi qaydalarını pozmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 01 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 01.12.2021-ci il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X8 izahatında göstərmişdir ki, 01.12.2021-ci il tarixdə, saat 15:00 radələrində 20-30 nəfər şəxs Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, “Fəvvarələr Meydanı”nda aksiya keçirmək məqsədilə bir yerə toplaşmış, bunu görən ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxslərə ictimai yerdə 10 nəfərdən artıq toplaşaraq karantin rejimi qaydalarını pozduqlarını bildirmişlər, lakin həmin şəxslər edilmiş xəbərdarlığa baxmayaraq hərəkətlərinə davam etmişlər. Bu səbəbdən həmin şəxslər Səbail RPİ-nin 39-cu polis bölməsinə gətirilmişlər, bölmədə həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili Vəkil Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında inzibati protokola etiraz edərək bildirmişdir ki, protokolda qeyd edilən 01.12.2021-ci il tarixdə, saat 15:10-da “Fəvvarələr Meydanı”nda aksiya keçirilən vaxt Şəxs Bakı Dövlət Universitetində dərsdə olmuş, o, saat 15:40-da dərsi bitəndən sonra Universitetdən çıxmış və 16:00 radələrində “Fəvvarələr Meydanı” tərəfdə İ.Səfərli küçəsində yerləşən kafeyə bacısı Sevgi İsmayılbəyli və digər tanışları ilə görüşməyə gəlmiş, kafedə bacısı ilə görüşdükdən sonra çıxıb gəzmək istədiyini bildirmiş və küçəyə çıxdıqdan sonra saat 16:15 radələrində saxlanılmışdır. Şəxs 01.12.2021-ci il tarixdə keçirilən heç bir aksiyada işirak etməmiş, karantin rejimi qaydalarını pozmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 01.12.2021-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, “Fəvvarələr Meydanı”nda aksiyanın olacağını qabaqcadan bilirdi. Lakin o, sosial şəbəkədə status yazaraq həmin aksiyada iştirak edə bilməyəcəyini bildirmişdir. Belə ki, o, 01.12.2021-ci il tarixdə, saat 15:00-da Bakı Dövlət Universitetində İİ korpusun 608 saylı auditoriyasında dərsdə olmuşdur. Dərsi bitəndən sonra saat 15:40-da Universitetdən çıxmış və taksi ilə 16:00 radələrində “Fəvvarələr Meydanı” tərəfdə İ.Səfərli küçəsində yerləşən “Coffe Moffie” adlı kafeyə bacısı Sevgi İsmayılbəyli və digər tanışları ilə görüşməyə gəlmiş, daha sonra o, siqaret çəkmək üçün küçəyə çıxmış, bu zaman polis əməkdaşları onu saxlayaraq 39-cu Polis Bölməsinə gətirmişlər. Bölmədə onunla birlikdə 20 nəfər şəxs olmuş, əvvəlcə həmin şəxslərdən 3 nəfər buraxılmış, daha sonra 17 nəfərdən izahat alınmış və orada hamıya eyni məzmunlu karantin rejimi qaydalarının pozulması ilə bağlı izahat yazdırılmış, ona da cərimə tətbiq edilərək buraxılacağını fikirləşərək eyni məzmunlu izahat yazmış, daha sonra isə saxlanılan 15 nəfər şəxs də buraxılmış, lakin o və digər bir nəfər şəxs isə bölmədə saxlanılmışlar. Əlavə olaraq bildirmişdir ki, o, aksiyada iştirak etməmiş və karantin rejimi qaydalarını da pozmamışdır. O, 4-cü kurs tələbəsi olduğunu, hər gün dərsə getməli və imtahanlarda iştirak etməli olduğunu bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri X16 izahatında göstərmişdir ki, 01.12.2021-ci il tarixdə, saat 16:00 radələrində 20 nəfərdən çox şəxs Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, Fəvvarələr Meydanında bir yerə toplaşmış, o və digər xidmət yoldaşları həmin ərazidə xidmət apardıqlarından həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxslərə ictimai yerdə 10 nəfərdən artıq toplaşaraq karantin rejimi qaydalarını pozduqlarını bildirmişlər, lakin həmin şəxslər edilmiş xəbərdarlığa baxmayaraq hərəkətlərinə davam etmişlər. Şəxs da digər şəxslərlə birgə yığışaraq “Fəvvarələr Meydanı”nda olmuş və 16:00 radələrində o və xidmət yoldaşı tərəfindən saxlanılmışdır. Bu səbəbdən həmin şəxslər Səbail RPİnin 39-cu polis bölməsinə gətirilmişlər, bölmədə həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri X14 izahatında göstərmişdir ki, 01.12.2021-ci il tarixdə bir qrup şəxs Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, “Fəvvarələr Meydanı”nda aksiya keçirmək məqsədilə bir yerə toplaşmışdır. Həmin vaxt o və digər xidmət yoldaşları o ərazidə xidmət apardıqlarından həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, ictimai yerdə 10 nəfərdən artıq toplaşaraq karantin rejimi qaydalarını pozduqlarını bildirmişlər, lakin həmin şəxslər edilmiş xəbərdarlığa baxmayaraq hərəkətlərinə davam etmişlər. Bu səbəbdən həmin şəxslər Səbail RPİ-nin 39-cu polis bölməsinə gətirilmişlər, aksiyanın başlaması, həmin şəxslərin saxlanması təxminən saat 14:40-dan başlayaraq 17:00-dək davam etmişdir. Bölməyə gətirilən həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmişdir. Şahid izahatında əlavə olaraq Şəxs o və xidmət yoldaşı tərəfindən təxminən saat 15:30 radələrində “Fəvvarələr Meydanı”nda saxlanıldığını, həmçinin hadisə yerində qarışqlıq olduğundan Şəxs saxlanılması saatının fərqli qeydə alına bildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, Şəxs onun qrup yoldaşıdır. Onlar Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin 4-cü kurs tələbəsidirlər. Belə ki, 01.12.2021-ci il tarixdə Şəxs birinci dərsə girmiş, birinci dərs 15:25-də qurtarmış, 10 dəqiqə tənəffüs olmuş, 15:35-də isə ikinci dərs başlamış, Rüstəm dərs başlayandan 10 dəqiqə sonra yəni 15:45 radələrində dərsdən çıxmış və şəhərə düşmüşdür, o, isə dərsdə qalmışdır. Rüstəmə isə dərsdə iştirak etmədiyindən qayıb yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, o, müstəqil jurnalist kimi fəaliyyət göstərir, aksiyanın olacağı barədə sosial şəbəkədən məlumat əldə etmiş, foto və video çəkmək üçün 01.12.2021-ci il tarixdə aksiyanın keçiriləcəyi vaxtdan 1 saat əvvəl “Fəvvarələr Meydanı”na gəlmiş, aksiya saat 15:00 da başlamış, vətəndaşlar tək tək şüarlar səsləndirmiş, Rüstəm onların içində olmamışdır. Daha sonra aksiya yekunlaşdığından o, evə qayıtmaq qərarına gəlmiş və “Fəvvarələr Meydanı”ndan üzü “İçərişəhər” metrostansiyasına gedən zaman “Fəvvarələr Meydanı”nda aksiya olan ərazidən kənarda ictimai sferadan tanıdığı Şəxs görmüş, onunla salamlaşmış, Rüstəm ona dərsdən çıxıb gəldiyini və şəhərdə gəzdiyini demiş, bu zaman 2 nəfər polis əməkdaşı Rüstəmin qolundan tutaraq aparmış, Rüstəm isə qışqıraraq aksiya iştirakçısı olmadığını demiş, o, da həmin anları videoya çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, Şəxs onun qardaşıdır. Belə ki, o, 01.12.2021-ci il tarixdə keçirilmiş aksiyada jurnalist kimi çəkilişlər etmiş, daha sonra aksiya qurtarmış, hər kəs dağılışmış və onlar digər jurnalistlərlə birlikdə 16:05-də dağılışıb kafeyə kofe içməyə getmişlər. Şəxs də oraya gəlmiş, lakin sonradan çıxmışdır. Əlavə olaraq bildirmişdir ki, Şəxs küçədə dedim ki, oraya getməsin, onsuz da aksiya qurtarıb, nəyə gedir ora, görsələr elə bilərlər ki, aksiya iştirakçısıdır, tutarlar onu da, o da dedi ki, onsuz da aksiyanın vaxtı qurtarıb, hamı dağılışıb, jurnalistlər gedib, elə belə baxıb qayıdıram. Daha sonra saat 16:11-də Şəxs ona yazaraq gəldiyini bildirmiş, daha sonra isə Rüstəmdən xəbər ala bilməmişlər. O, artıq saxlanılmışdır, həmin vaxt yanında Məmmədova Əminə var idi. Sonradan o, Rüstəmin saxlanıldığını bildirmişdir. Əlavə olaraq izahatında Şəxs öz facebook hesabında aksiyadan 1 gün əvvəl yazdığı statusunda da aksiyada iştirak etməyəcəyini bildirmiş, aksiya keçirilən müddətdə də orada olmamışdır. Məhkəmə proses iştirakçılarının, şahidlərin və vəkilin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri X14 və X16 tərəfindən tərtib edilmiş 01.12.2021-ci il tarixli raportdan görünür ki, 01.12.2021-ci il tarixdə, saat 15:10 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, “Fəvvarələr bağı”nda iki nəfər şəxsin karantin rejimi qaydalarını pozaraq, toplaşdığını aşkar edib, həmin şəxsləri ərazi üzrə Səbail RPİnin 39-cu PB-nə gətirmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər X11 və Şəxsdur. İş materiallarında olan Şəxs tərəfindən 39-cu PB-də yazılmış 01.12.2021-ci il tarixli izahatdan görünür ki, o, 01.12.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, Fəvvarələr Meydanında 20-30 nəfərin toplandığı yerdə olarkən polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. O, həmin yerdə karantin rejimi qaydalarının pozulmasından xəbərsiz olmuş, özünün və ətrafdakıların sağlamlığını qorumaq məqsədilə bir daha əhalinin sıx olduğu yerə getməyəcəyinə söz vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Qərarının 1.1.7-ci bəndindən görünür ki, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan olunmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında (protokol, raport və s.) Şəxs 01.12.2021-ci il tarixdə, saat 15:10-da karantin rejimi qaydalarını pozması və tutulduğu göstərilsə də, məhkəmə araşdırması zamanı Şəxs 01.12.2021-ci il tarixdə, saat 15:10 radələrində tələbəsi olduğu Bakı Dövlət Universitetində dərsdə olduğu, yalnız saat 15:45 radələrində dərsdən çıxıb 16:00 radələrində “Fəvvarələr Meydanı” tərəfə gəldiyi müəyyən edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 01.12.2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, Fəvvarələr Meydanında bir qrup şəxslə birlikdə 10 nəfərdən artıq qrupda cəmləşmiş və bununla da müvafiq karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə bu qənaətə gələrkən iş materialları ilə yanaşı, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının, o cümlədən məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri X12, Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri X9, şahid X3, şahid X6, şahid X1 izahatında göstərdikləri xüsusatları nəzərə almışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 01 (bir) ay müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 01 dekabr 2021-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 01 dekabr 2021-ci il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar