Məhkəmə qərarları › İş №3(009)-2304/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2304/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2304/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Qəbələ, Tüntül kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı, ******* saylı, 01 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan istehlak etmiş və daşımışdır. İş materiallarında olan Cinayət işi başlamasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs götürülmüş 0,085 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut hesab edilməli, həmin narkotik vasitənin 0,02 qramının ekspertiza tədqiqatlarına sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla 0,065 qram çəkidə narkotik vasitə isə 01 (bir) ədəd kağız zərfə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Səbail RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 01.12.2021-ci il tarixdə saat 21:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, narkotik vasitələrdən istifadə edən biri olmamışdır heç vaxt. Sadəcə olaraq, müharibə iştirakçısı olduğu üçün ağır zədələr almışdır, başında bəzi problemlər var, dərmanlar qəbul edirdi. Bir dəfə cüzi miqdarda almışdır və bir dəfə cəmi istifadə etmişdir. Sonda əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, əməlindən səmimi peşmançılıq hissi çəkməsi kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs 01 dekabr 2021-ci il tarixdə, saat 21:50dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-ninn 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə, iş üzrə maddi sübut olan Səbail RPİ-də maddi sübutların saxlanma kamerasında saxlanılan Şəxs üstündən aşkar edilərək götürülmüş narkotik vasitə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4-1, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. İş üzrə maddi sübut - Səbail RPİ-də maddi sübutların saxlanma kamerasında saxlanılan – tədqiqatdan sonra qalan 0,065 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar