Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2306/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, zərərçəkmiş şəxsin (tələbkarın) nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş 03 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-896/19 saylı, 05.03.2019-cu il tarixli icra sənədinə əsasən 24.01.2019-cu il tarixindən etibarən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 320 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə 17.05.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi təmin etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu 01.11.2021-ci il tarixli izahatında borc məbləğini tam olaraq ödəyə bilmədiyini, yaranmış borc məbləğini yalnız hissə-hissə ödəyəcəyini bildirmişdir. Eyni zamanda yaranmış borcun ödənilməsini təmin etmək məqsədilə eyni tarixli xəbərdarlıq məktubu borcluya göndərilmişdir. Lakin borclu icra sənədi üzrə yaranmış borcun ödənilməsini təmin etməmiş, icra məmrunun qanuni tələblərinə əməl etməyərək çağırış üzrə gəlməkdən yayınmışdır. İcra məmurunun qanuni tələblərinə əməl etməyərək çağırışlardan yayınmış borclu barəsində 15.11.2021-ci il tarixli borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Səbail RPİ-yə göndərilmişdir. Borclu 03.12.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra izahatında yaranmış borcu tam olaraq ödəyə bilmədiyini, bu gün üçün aliment borcunun müəyyən hissəsini ödəyəcəyini, qalıq borcun isə qısa zaman ərzində ödəyə biləcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə 7966 manat aliment borcu mövcuddur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin (tələbkarın) nümayəndəsi X4 bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-896/19 saylı, 05.03.2019cu il tarixli icra sənədinə əsasən 24.01.2019-cu il tarixindən etibarən borclu Şəxs hər ay 2 uşağın yetkinli yaşına çatanadək saxlanılması üçün 320 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Şəxs X2 hər ay ödəməli olduğu aliment borcundan müəyyən məbləğdə ödənişlər etsə də, borcu tam ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır. O, həbsdə olduğu müddətdə aliment borcundan 1864 manat ödəniş etmiş, həbsdən çıxdıqdan sonra heç bir yerdə iş tapa bilmədiyindən qazancı olmasa da, aliment borcundan 1050 manat məbləğində ödəniş etmişdir. Yaxın müddət ərzində iş taparaq təbəbkara olan aliment borcunu ödəyəcəkdir. O, icra sənədini üzürlü səbəblərdən icra etmir, qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-896/19 saylı, 05.03.2019-cu il tarixli icra sənədinə əsasən 24.01.2019-cu il tarixindən etibarən borclu Şəxs hər ay 2 uşağın yetkinli yaşına çatanadək saxlanılması üçün 320 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, borclu həbsdə olduğu müddətdə aliment borcundan müəyyən məbləğdə ödənişlər etmişdir. Poçt qəbzləri və hesabdan çıxarışdan görünür ki, ümumilikdə 3000 manata yaxın ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş 03.12.2021-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, borclu Şəxs aliment borcundan 602 manat məbləğində ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə, borclunun həbsdə olduğu müddətdə və həbsdən çıxdıqdan sonra ümumilikdə 3000 manatdan artıq məbləğdə aliment borcundan ödəniş etməsini, 03.12.2021-ci il tarixdə də 602 manat ödəniş etməsini, hazırda heç bir yerdə işləməməsini nəzərə alaraq hesab edir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəblərdən icra etməməsi öz təsdiqini tapmamışdır. Belə olan halda isə, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən belə nəticəyə gəlir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2306/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2306/2021
03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver