Məhkəmə qərarları › İş №3(009)-2336/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2336/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2336/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, X3, X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi (X2) xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi (X2) xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X4 xx.xx.2025-ci il tarixində 13:59-da şəxsi mülkündə olan Nissan Tiida markalı **-FY-*** dövlət nişanlı, cərimə zamanında məhəlləsində adi qaydada duracaqda saxladığı avtonəqliyyatıyla bağlı cərimənin yazılmasına dair ASAN Pay SMS xidməti vasitəsilə məlumat aldı. Səbail DYP işçisinin yazdığı qərarlı protokola əsasən, avtomobilinin o ərazidə parklanması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5 (nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə) maddəsinin müddəalarını pozmuş, nəticədə 2 bal və 40 AZN cərimə yazılmışdı. Qeyd etmişdir ki, göstərilən arakəsmə rəsmi qeydiyyatda olduğu ünvanda və faktiki yaşadığı məhəllə içində yerləşir və yaxınlıqdakı bina sakinləri müntəzəm olaraq burda şəxsi avtonəqliyyatını saxlayır, rəsmi “Durma Qadağandır” işarəsi (3.27) protokolun qeyd etdiyi bu ərazidə yoxdur. Həmçinin İXM-nin 346.5 maddəsinin məqsədini (Təhlükəli vəziyyətlərin yaranmasının qarşısını almaq, xüsusilə də maneə törədən avtomobillərin digər sürücülərin görmə sahəsini məhdudlaşdırdığı halları) əsas tutaraq, onun avtonəqliyyatı binaya sıx park olduğundan digər avtomobillərin axınına mane törətmirdi və onların aydın və maneəsiz hərəkətinə imkan yaradırdı. Habelə, ərazini hər iki rakursdan nəzərə aldıqda, avtonəqliyyat hərəkətin olmadığı yerdə park edilmişdi və Qoşmada əlavə olunan fotoşəkillərdə avtonəqliyyatının hərəkət hissəsindən kənar yerləşməsi görünür. Bildirmişdir ki, yuxarıda qeyd olunan əsassız protokol ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 902 telefon xidməti və “e-polis” tətbiqi vasitəsilə öz şikayətini 01 sentyabr 2025-ci il tarixində təqdim etmişdir və 18 sentyabr 2025-ci il tarixində şikayətçiyə protokolun kağız surəti Səbail DYP şöbəsində təqdim edilib. Səbail Rayon Məhkəməsinin 3(009)-2336/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin (X2) xx.xx.2025-ci il tarixli qərarından şikayət verilməsi üçünnəzərdə tutulmuş müddət bərpa edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 bildirmişdir ki, arakəsmə yaşadığı və qeydiyyatda olduğu məhəllədə yerləşir və digər sakinlər də öz avtomobillərini müntəzəm şəkildə saxlayırlar orada. Avtomobilinin digər avtomobillərin giriş-çıxışına maneə törətmirdi. şikayətə uyğun izahat verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 bildirmişdir ki, 30 avqust Badamdarda Hospitalın ərazisində dayanma qaydasını şəxsin avtomobili pozmuşdur. Hərəkət hissəsinin tam kəsişməsində avtomobili saxlamışdır və orda avtomobillərin giriş- çıxışını məhdudlaşdırır. Qeyd edir ki, ola bilər ki, vətəndaşın yaşadığı yerdir, amma bu qayda pozuntusudur. Qanunda da vardır ki, əgər sürücü də həmin avtomobilin içərisindədirsə, onda protokol tərtib olunmalıdır. Sürücü olmadığı üçün şəkili çəkilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin (X2) xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qanuna əsasən 5 metr qoyulmuşdur. Qanunu bilməmək sürücünü məsuliyyətdən azad etmir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin (X2) xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:57 X1 idarə etdiyi ** FY *** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” avtomaşını ilə Bakı şəhəri Bdamdar yolu ərazisində Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsinndə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5.-ci maddəsinə əsasən Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X1 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin (X2) xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin (X2) xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar