Məhkəmə qərarları › İş №3(009)-2337/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2337/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2337/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şirməmmədova Günel Lətif qızının katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 07 iyul 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və protokol tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan 07 iyul 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 06 iyul 2023-cü il tarixdə saat 22:30-da “Chevrolet Trax minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci: yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə, 332.1-ci: nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, 332.4–cü: bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına halına (hallarına) yol verilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22.30 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Trax” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili Bülbül küçəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Kia Optima minik” markalı, 77AD786 dövlət qeydiyyat nişanlı avtomobil hərəkət sürətini azaltmış, o, əyləcı sıxsa da, həmin avtomobili arxa hissəsindən vurmuşdur. O, avtomobili etibarnamə əsasında idarə etmiş, sürücülük vəsiqəsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan X2 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22.30 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Trax” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili özünü pis hiss etdiyi üçün Şəxs idarə etmək üçün vermiş və Şəxs yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır, avtomobillərə ziyan dəymişdir. İş materiallarında olan zərərçəkmiş X1 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22.30 radələrində idarə etdiyi “Kia Optima minik” markalı, 77AD786 dövlət qeydiyyat nişanlı avtomobil ilə Səbail rayonu, Bülbül prospekti ilə hərəkətdə edib Z.Əliyeva küçəsi ilə kəsişməyə işıqforun yaşıl işığında daxil olarkən qarşıda sıxlıq yarandığı üçün dayanmış, bu zaman arxada hərəkətdə olan küçəsində hərəkətdə olarkən “Chevrolet Trax” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil düzgün ara məsafəsi seçmədiyi üçün idarə etdiyi avtomobili arxa hisəsindən vurmuşdur. Hadisə nəticəsində ona təxminən 700 (yeddi) yüz manatdan artıq maddi ziyan dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən “X7 Olmayan Kredit Təşkilatı” MMC-yə məxsus “Chevrolet Trax” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası ərazisində idarə olunması üçün X3 və X4 verilmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta əməli toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə, tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alınaraq ona İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, Şəxs Azərbaycan Respublikasının İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə görə iş materialları baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar