Məhkəmə qərarları › İş №3(009)-2338/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2338/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2338/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 02.11.2021 -ci il tarixdə o, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı ** TB *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Puşkin küçəsinə dönərkən sağ tərəfdən hərəkət edən sərnişin avtobus onun idarə etdiyi avtomobilin arxa tərəfdən toxunmuşdur.Düşünmüşdür ki, avtobus sağa dönəcək, ancaq avtobus Hövsan avtobusu olduğu üçün düz hərəkət etməli olmuşdur.O avtomobili sola çəkib saxlamış və avtobusun sürücüsünə yaxınlaşmışdır.Hadisə yerinə yol patrul xidmətin əməkdaşları gəlmişlər.Sonradan ona məlum olmuşdur ki, avtobusun sərnişinlərindən biri avtobus sürücüsünün deməsinə görə hadisə zamanı bir xanım xəsarət almış və həmin sərnişini taksi ilə yola salmışdır. Daha sonra o svetafordan təzə yerindən tərpənmişdir, təxminən 10-15 km/saat sürəti olmuşdur. O dönən vaxt avtobusunda sağa dönəcəyini düşünmüşdür, hətta dönüş zamanı bir az geniş məsafə götürmüşdür ki, rahat dönsün, ancaq avtobus düz hərəkət etmişdir. Hərəkətdə olduğu yol tıxac olduğu üçün sağa-sola keçə bilməmiş, məcbur olub sol zolaqla hərəkətini davam etdirmişdir. Hadisə zamanı o avtobusun sərnişinin xəsarət almasından xəbəri olmayıb, bu barədə ona avtobus sürücüsü məlumat vermişdir.Hadisə zamanı o xəsarət almayıb, çünki sürət həddi saatda 10-15 km/saat olmuşdur, avtobus sürücüsü təhlükənin qarşısını almaq üçün anidən əyləci basıb və salonda qəflət tərpənmə olmuşdur. Hadisə onun öz ehtiyatsızlığından baş vermişdir.Özünü təqsirli bilir, əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Bundan əlavə həmin qərarla müəyyən edilmişdir ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktda əsasən Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Məhkəmə-tibbi ekspertizanın 711 saylı, 05.11.2021-ci il tarixli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər-sol diz oynağı nahiyyəsinin qançırları ilə müşaiət olunan sol diz oynağının əzilməsi bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 02.11,2021 -ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumuilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs 02.11.2021-ci il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı ** TB *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Səbail rayonu Ü.Hacıbəyov küçəsi ilə Puşkin küçəsinin kəsişməsinə çatıb Puşkin küçəsinə dönərkən sağ tərəfdən hərəkət edən X3 yol vərəqəsi əsasında idarə etdiyi, "xxxx" MMC şirkətinə məxsus 2 nömrəli, BMC markalı **- JU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna yol verməli olduğu halda buna riayət etməyərək ehtiyatsızlıqdan həmin avtobusla toqquşmuş və toqquşma nəticəsində avtobusun sərnişin olan X2 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin (Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir) tələblərini pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar