Məhkəmə qərarları › İş №3(009)-2341/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2341/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2341/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin polis sahə inspektoru X4, Bakı şəhəri DYPİ müşayiət eskort bölüyü YPX inspektoru X2, Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-ci il tarixdə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Lənkəran rayonunun Boladi kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məhəmmədəli kəndi, Ə.Əliyev küçəsində faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 03 noyabr 2023cü il tarixli, MN seriyalı, ******* saylı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 327.4, 332.1, 332.2, 342.1.3 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 03 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 3(009)- 2342/2023 saylı qərardadına əsasən inzibati xəta haqqında protokollar bir icraatada birləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 3(009)- 2341/2023 saylı qərardadına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 327.4, 332.1, 332.2 və 342.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə geri qaytarılmışdır. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 noyabr 2023-cü il tarixdə YPX əməkdaşına tabe olmayaraq qırmızı işıqda keçmək, saxla işarəsinə məhəl qoymayaraq hərəkəti davam etdirmişdir. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-ci il tarixdə, saat 11:27-də «Zontes Ztl50-3a Motosikl» markalı 99 A 861 dövlət qeydiyyat nişanlı motosiklı idarə edən Şəxs Bakı şəhəri, Səbail rayon ərazisində aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci məddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri DYPİ müşayiət eskort bölüyü YPX inspektoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 03 noyabr 2023-cü il tarixdə Bayıl dairəsində 2 motosikl sürücüsünün yan-yana hərəkət edərək yarış etdiklərini görmüş, motosikllardan birinin dövlət qeydiyyat nişanının olmadığından sağda saxlamaq əmri vermiş, lakin sürücü işarəni görüb qəflətən sürəti artıraraq hərəkətə davam etmişdir. Həmin motosiklin arxasınca hərəkət edərək dəfələrlə saxla əmri vermiş, sürücünün tabe olmadığını gördüyündən efir vasitəsilə məlumat vermişdir. X11-un qarşısından Azneft istiqamətinə hərəkət edərək dairədə hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək qəza şəraiti yaradaraq hərəkətini təhlükəli şəkildə davam etdirmişdir. Yenidən dayanma barədə xəbərdarlıq etmiş, sürücü Qız qalasından keçəndən sonra əks istiqamətli hərəkət zolağına çıxmaqla hərəkəti davam etdirmiş, digər YPX əməkdaşlarının köməyi ilə Axundov bağı yaxınlığında motosiklı saxlayaraq sürücünü 9-cu PB-ə təhvil vermişlər. Bölmədə sürücünün Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin polis sahə inspektoru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 03 noyabr 2023-cü il tarixdə Şəxs YPX əməkdaşının qanuni tələblərinə tabe olmamış, barəsidə raport tərtib olunmaqla Bölməyə təhvil verilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, 03 noyabr 2023-cü il tarixdə Şəxs dövlət qeydiyyat nişanı olmadan «Zontes Ztl50-3a Motosikl» markalı motosiklı idarə edərkən digər motosikl sürücüsü ilə yarış edərkən YPX əməkdaşı tərəfindən verilmiş saxla əmrinə əməl etməmiş, əks nəqliyyat yoluna çıxmaqla müxtəli üsullarla yol hərəkəti qaydalarını müntəzəm pozaraq özü və digər yol nəqliyyat iştirakçılarına təhlükə yaratmış, ictimai qayda və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər törətməklə inzibati xəta törətmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, göstərmişdir ki, 03 noyabr 2023-cü il tarixdə Bayıl ərazisində motosiklla hərəkətdə olarkən tanışı olan digər motosikl sürücüsü ilə qarşılaşmış, aralarında siqnal verməklə salamlaşmışlar, kənardan bu hal onların yarış etməsi kimi görünsə də əslində onlar yarış etməmişlər. Bundan sonra polis saxla əmri vermiş, o, motosiklı sağa çəkərək saxlamaq istəsə də qaz ilişdiyindən sürət artmış və saxlaya bilməmişdir. Həmin vaxt həyəcan keçirmiş və qorxaraq hərəkəti davam etdirmiş və bu yolla YPX əməkdaşından yayınmağa çalışmışdır. Əməlindən peşmandır, anası xəstədir, evin qazanc gətirəni odur, qeyd edilənləri nəzərə alaraq ona yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyindən həmin maddələrlə məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri DYPİ müşayiət eskort bölüyü YPX inspektoru X5 tərəfindən tərtib olunmuş 03 noyabr 2023-cü il tarixli raportdan görünür ki, 03 noyabr 2023-cü il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri, Səbail Rayonu, M.Useynov küçəsində xidmətdə olarkən dövlət qeydiyyat nişanı olmadan idarə edən «Zontes» markalı nəqliyyat vasitəsinə tərəfindən işarə verilmiş, sürücü işarəni görüb qəflətən sürəti artıraraq hərəkətə davam etmişdir. Sürücüyə davamlı olaraq saxlaması barədə verdiyi tələblərə riayət etməyərək hərəkətini davam etdirmişdir. Sürücü Azneft dairəsinə daxil olarkən dairədə hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək qəza şəraiti yaradaraq hərəkətini təhlükəli şəkildə davam etdirmişdir. O, təkrarən sürücüyə dayanmaq barədə göstəriş vermiş, sürücü Qız qalasından keçəndən sonra əks istiqamətli hərəkət yoluna çıxıb sonradan sola dönərək Əziz Əliyev küçəsində hərəkəti əks istiqamətdə davam etdirmişdir və Gənclər Meydanında işıqforun qadağanedici işığında hərəkətini davam etdirib dönmüşdür. Əhməd Cavad küçəsində sürücü YPX inspektorlarının saxlama tələbinə təkrar icra etməmiş, Axundov bağında sürücünü məcbur saxlayıb 9-cu PB-ə təhvil vermişlər. 9-cu Polis Bölməsində sürücünün Şəxs olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş video diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 2 motosikl yan-yana olmaqla Azneft dairəsi istiqamətində hərəkət edir, motosiklin ardınca YPX əməkdaşının getməsi, motosikli idarə edən şəxsin dayanmadan təhlükəli şəkildə hərəkəti davam etdirməsi müşahidə olunur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 03 noyabr 2023-cü il tarixdə Səbail rayonu ərazisində polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq və mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək - iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 511.1.1-ci maddələri ilə yanaşı, İXM-nin 510-cu maddəsi ilə də protokol tərtib edilsə də, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı sübut növü məhkəməyə təqdim edilmədiyindən yəni onun ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verməsi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdə ifadə olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə–nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 511.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla barəsində inzibati həbs tənbeh tədbirinin 15 (on beş) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə aid hissəsində xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 03 noyabr 2023-cü il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 03 noyabr 2023-cü il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar