Məhkəmə qərarları › İş №3(009)-2344/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2344/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2344/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsi 3(009)-1953/2025 qərardadı ilə şikayəti geri qaytarmışdır. Geri qaytarılmağa əsas şikayətə eyni zamanda yuxarı orqan - Ekologiya və Təbii Sərvətlər Nazirliyində baxılması olmuşdur. xx.xx.2025-ci il tarixdə şikayətçiyə rəsmi formada təqdim edilmiş ETSN tərəfindən qəbul edilmiş xx.xx.2025 tarixli, № 032/İX Qərar ilə 11 saylı ETS idarəsinin xx.xx.2025 tarixli, MN № ******* Qərarı dəyişdirilmədən saxlanılmışdır. ETSN qərarının mənə göndərilməsinə dair poçt zərfinin üzərindəki qeyddən görünür ki, poçt əməkdaşı tərəfindən qərar ünvanıma çatdırılmamış, ETSN-ə qaytarılmşdır. Bu barədə ETSN çağrı mərkəzindən məlumat əldə etdikdə xx.xx.2025 tarixdə yaxınlaşaraq nazirlikdən qərarı şəxsən əldə etmişdir, lakin qərarı təhvil verən əməkdaş təqdim edilmə tarixini qeyd etməkdən imtina etdiyi üçün təqdimetmə barədə qeydlər şikayətçinin nümayəndəsi tərəfindən aparılmışdır. Belə ki, Qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə (ətraf mühitə atıian, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) əsasən, vəzifəli şəxs olaraq olaraq 2500 AZN məbləğində cərimə edilmişdir. İçərişəhər ərazisində yerləşən Qaynana restoranına baxış keçirən ETSN əməkdaşları texniki vasitəni manqalın bacasına yaxınlaşdırmış və ardınca bildirmişlər ki, baca vasitəsilə tüstünün tərkibində atmosferə atılan zərərli maddələrin miqdarı ətraf mühit üçün yol verilə bilən həddən artıqdır. ETSN əməkdaşları həm protokolda həm də protokol üzrə tərtib edilmiş qərarda baca vasitəsilə tüstünün tərkibində atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olmasını irəli sürür və bu əsasla barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul edirlər, ancaq qanunvericiliyimizdə sözügedən hədd müəyyən edilməmişdir. Başqa sözlə, xx.xx.2001 tarixli Atmosfer havasının mühafizəsi haqqında Qanununun 4.0.2 maddəsinə görə, atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddini tərtib və təsdiq etmək dövlətin vəzifəsi olaraq təsbit edilmişdir. Həmin qanunun tətbiq edilməsi barədə xx.xx.2001 tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsində Nazirlər Kabinetinə tapşırlır ki, həmin qanunun 4.0.2-ci maddəsində nəzərdə tutulmuş atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddini tərtib və təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 11 saylı Regional ETS idarəsinin qərarından verdiyim şikayətə baxan ETSN tərəfindən qəbul edilmiş yeni qərarla regional idarənin qərarı dəyişdirilmədən saxlanılmış, lakin heç bir əsaslandırma edilməmişdir. Həmin qərarda bugünə kimi irəli sürülməyən yalnız bir sənədə istinad edilmişdir ki, bu istinad tamamilə qanunsuz vs əsassızdır. Belə ki, qərarda deyilir: "ETSN əməkdaşları öz fəaliyyətləri zamanı SSRİ Dövlət Komitəsinin xx.xx.1991 tarixli Руководство По Контролю Загрязнения Атмосферы! Рд 52.04.186-89 Təlimatına istinad edirlər". Halbuki yenə də konkret olaraq təlimatın hansı müddəasından söhbət getdiyi bildirilməmişdir. Bu səbəblə də tərəfimizdən sözügedən təlimatın 615 səhifəsinin hər biri analiz edilmiş, orada atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən həddinə dair heç bir normanın qeyd edilmədiyi aşkar edilmişdir. Müəyyən edilmişdir ki, həmin təlimat əsasən, tədqiqatların aparılmasına dair üsulları müəyyən edir, hədlərə dair normativləri deyil. Bununla da nəticə olaraq ETSN əməkdaşlarının yoxlama zamanı xəyali olaraq hansı normativi nəzərdə tutduqları, hansı üsullara istinad etdikləri mücərrəd, qeyrimüəyyən və qanunsuzdur. Göründüyü kimi, Qaynana restoranında yerləşdirilmiş manqalın bacasından atılan tüstünün tərkibində yol verilən həddən artıq tullantının olması faktı öz təsdiqini tapmamışdır. Bütün bunlara baxmayaraq, ETSN-in xx.xx.2025 tarixli məktubu nəzərə alınaraq tullantı üzrə filtirləməni həyata keçirən qurğu tərəfimdən daha yeni qurğu ilə əvəz edilmiş və bu barədə ETSN-ə məlumat təqdim edilməmişdir. Təqdim etdiyi həmin xx.xx.2025 tarixli məktubda eyni zamanda tələb etmişdir ki, barəsində tərtib edilmiş protokol, akt, göstəriş məktubu, qərarlarda istinad etdikləri "ətraf mühitə atılan tullantının yol verilən həddini" rəqəm olaraq göstərsinlər və bu rəqəmin hansı qanunvericilik aktında təsbit edildiyi barədə məlumat versinlər. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi və vəkili Nümayəndə şikayətdə qeyd edilənlərə uyğun izahat verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayəti əsaslı olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə X3 tərəfindən İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfində" yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış, sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-1-ci maddəsinə əsasən həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il tarixli Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamanın vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Qanununvericiliyin tələbindən də görünür ki, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan plansız (nönbədənkənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən iş materiallarına əlavə edilmiş monitorinq aktının heç bir sübuti qüvvəsi ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hazırki iş üzrə şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinin tələblərinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələbləri onun tərəfindən pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X2 nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar