Məhkəmə qərarları › İş №3(009)-2366/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2366/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2366/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X11 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsinə dair X5 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" MMC-nin əvvəllər vəzifəli şəxsi olan X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X15 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4.-cü maddəsilə ona 1000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, X3 xəsarətə görə ödənci xx.xx.2023-cü il tarixdən bu günədək ödənilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4.-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərar ona xx.xx.2024-cü il tarixdə X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati binasında əlbəəl təqdim edilmişdir. Aşağıda qeyd edilənlərə görə həmin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasını əsassız və qanunsuz hesab edir: İnzibati tənbeh vermə haqqında qərar şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş bir illik müddət keçdikdən sonra inzibati orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir. Belə ki, qərarda göstərilmişdir ki, X3 xəsarətə görə ödənci xx.xx.2023-cü il tarixdən bu günədək ödənilməmişdir. Qərar isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Halbuki, əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bununla yanaşı, uzanan inzibati xətalara münasibətdə belə inzibati tənbehin verilməsi üçün nəzərdə tutulmuş bir illik müddət xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qeyd olunan inzibati xəta xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokola əsasən xx.xx.2022- ci il tarixdə artıq aşkar çıxarılmışdı. Hazırda şikayət olunan qərar isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Belə ki, X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Cəmiyyətin əvvəlki direktoruna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4.-cü maddəsilə ona 1100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərarda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, X3 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir, nəticədə X7 tərəfindən AR İXM-nin 192.4.-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilən hallar, yəni inzibati məsuliyyətə cəlb etmə müddətlərinin ötürülməsi ilə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi isə həmin qərarın ləğv olunması və başlanılmış icraata xitam verilməsi üçün əsasdır. "xxxx" MMC-nin direktoru X6 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6, şikayət ərizəsinə uyğun izahat verərək, xəsarətə görə ödənişi ödənilmədiyini etiraf edərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X16 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, hazırki iş üzrə daxil olmuş müraciət əsasında qanuna uyğun qaydada araşdırma aparıldığını, xəsarətə görə ödənişi ödənilmədiyini, qanun pozuntularına yol verildiyinin aşkarlandığını və bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək, onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirərək, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 07 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən işçisi X4 xəsarətə görə ödənişi ödənilməmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC tərəfindən işçisi X4 xəsarətə görə ödənişi xx.xx.2023-cü il tarixdən bugünədək ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 20 iyun 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar