Məhkəmə qərarları › İş №3(009)-2383/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2383/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2383/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 and Marketing Limited” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, “X1 and Marketing Limited” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X1 and Marketing Limited” MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 2021-ci ilin (aylıq) 4-əmək (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı oktyabr ayı üzrə noyabr ayında gecikmə ilə təqdim edilmişdir. Nəticədə “X1 and Marketing Limited” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 and Marketing Limited” MMC-nin nümayəndəsi X3 protokola etiraz etməyərək, aşağı məbləğdə cərimə təyin olunmasını xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X1 and Marketing Limited” MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhər Statistika İdarəsi tərəfindən “X1 and Marketing Limited” MMC-nin rəhbərliyinə ünvanlanmış 01 dekabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, “X1 and Marketing Limited” MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 25 fevral tarixli 15/06 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək normativ hüquqi akt statusu almış (aylıq) 4-əmək (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) rəsmi statistika forması üzrə 2021-ci ilin oktyabr ayı üzrə hesabatı noyabr ayının 19-da kağız sənəd formasında gecikmə ilə təqdim edilmişdir. “X1 and Marketing Limited” MMC tərəfindən hesabat məlumatlarının gecikmə ilə təqdim edildiyini nəzərə alaraq 10.12.2021-ci il tarixində saat 11:00 da Bakı Şəhər Statistika İdarəsinə (Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 2518-ci məhəllə) dəvət olunmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X1 and Marketing Limited” MMC 2021-ci ilin (aylıq) 4-əmək (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı oktyabr ayı üzrə noyabr ayının 18-dək təqdim edilməli olduğu halda 26.11.2021ci il tarixdə gecikmə ilə Bakı Şəhər Statistika idarəsinə təqdim etmişdir. Bununla da, “X1 and Marketing Limited” MMC Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25.02.2014-cü il tarixli, 15/06 saylı qərarı ilə təsdiq edilmiş “İşcilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4əmək Ns-li aylıq rəsmi statistika hesabatı formasında (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində **********1506 nömrə ilə qeydiyyata alınmışdır) göstərilmişdir ki, bu hesabat hər ayın sonunda, kiçik sahibkarlıq subyekti olmayan müəssisələr tərəfindən hesabat ayından sonrakı ayın 15-dək, kiçik sahibkarlıq subyekti olan müəssisələr tərəfindən isə həmin hesabat rüblük olaraq, hesabat rübünün sonunda, növbəti ayın 18-dək təqdim edilir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən ölkə ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X1 and Marketing Limited” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 389-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X1 and Marketing Limited” MMC Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar