Məhkəmə qərarları › İş №3(009)-2384/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2384/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2384/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 18 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 18 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Vətəndaş X7 əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyinin tələblərinin pozulması halının olduğunu bildirərək X10 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X13 tərəfindən xx.xx.2023-cü il tarixində İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində (vəzifəli şəxs kimi) 1700 manat məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. Barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə qərar qbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 şikayət əsassız olduğundan təmin olunmamasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında 18 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2023-cü il tarixli əmr ilə rəsmiləşdirilmiş, lakin qanunvericiliyin tələbləri pozularaq xx.xx.2023-cü il tarixli Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir . X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən X4 xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubundan görünür ki, X7 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanladığınız müraciətinizə Xidmətin Bakı şəhər idarəsində baxılmışdır. Araşdırma zamanı tərəfinizdən təqdim olunan sənədlərə baxış keçirilərkən M.Ağayevlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqıiyyat İdarəsi arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2023-cü il tarixli əmrin rəsmiləşdirildiyi, lakin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndi ilə xx.xx.2023-cü il tarixində xitam verildiyi müəyyən edilmişdir. Eyni zamanda təqdim olunan M.Ağayevin əmək haqqına dair bank çıxarışından son-haqq hesabının ödənilmədiyi beləliklə həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələblərinin pozulduğu müəyyən edilmişdir. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq 30 (otuz) gün ərzində X7 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 570-K nömrəli əmri ləğv edərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını və son haqq-hesabın qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsini təmin edib nəticəsi barədə X10 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verməyinizi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən 192.6.-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, bədbəxt hadisənin iş yerində baş verməməsi barədə şikayət ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, X5 tərəfindən istehsalatda baş verən bədbəxt hadisə baş verən gün DƏMX məlumat verməməsi faktı müəyyən edildiyindən qeyd olunan əməlin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsinin tərkibinin yaratması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 18 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 18 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar