Məhkəmə qərarları › İş №3(009)-2388/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2388/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2388/2021 24.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, "xxxx" Kiçik Müəssisəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Kiçik Müəssisəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş 07 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallar Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, təqdim edilmiş material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 Üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş inzibati iş 7 vərəqədən, yəni 2 vərəq inzibati xəta haqqında protokoldan, 2 ədəd fotoşəkildən və 03 vərəq hüquqi şəxs haqqında məlumatdan ibarət olmuşdur. İnzibati xəta haqqında protokolda qoşma kimi akt və fotoşəkil qeyd edilsə də, həmin akt inzibati materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsaslar müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalıdır. Lakin hazırki işin hallarından müəyyən edilir ki, məhkəməyə təqdim edilmiş protokolda inzibati xəta haqqında icraatın başlanmasının səbəbləri, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən aktın tərtib edilməsi barədə müvafiq qeydiyyat aparılmış, lakin iş materiallarına buna dair hər hansı bir sənəd əlavə edilməmişdir. Hazırki işin hallarından isə görünür ki, məhkəməyə təqdim edilmiş protokolda iddia edilən inzibati xəta hadisəsinin "xxxx" Kiçik Müəssisəsində aşkar edilməsi göstərilmişdir. Lakin işə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması və ya pozuntunun qarşısının alınmamasının hansı hərəkətlərdə ifadə olunması qeyd edilməmiş və buna dair mötəbər sübut işə əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş 2 ədəd fotoşəkilin isə nə vaxt, hansı şəraitdə çəkilməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə görə ölkə ərazisində elan edilmiş epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə mövcud olan istənilən qaydanın deyil yalnız fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması və ya pozuntunun qarşısının alınmaması ilə bağlı məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə görə törədilən inzibati xətanın mahiyyəti dəqiq göstərilməlidir. Lakin hazırki protokolda təsərrüfat obyektində kim tərəfindən və konkret olaraq ölkə ərazisində mövcud olan karantin rejimləri dövründə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və həmin qərarla təsdiq edilmiş metodik göstərişlərdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı hansı tələbin pozulması və ya pozuntunun qarşısının alınmaması göstərilməmiş və buna dair mötəbər sübut işə əlavə edilməmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, QƏRARA ALDİ: "xxxx" Kiçik Müəssisəsi barəsində tərtib olunmuş 07 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar