Məhkəmə qərarları › İş №3(009)-2391/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2391/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2391/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6 və 332.4-cü maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail Rayon Polisi İdarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs idarə etmə hüququ olmadan idarə etdiyi “Chevrolet Cruze minik” markalı, ** GN *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 20:22 radələrində Bakı şəhəri, Səbail rayonu, Cəmil Məmmədli küçəsində nəqliyyat vasitəsinin manevr qaydasını pozaraq “Ravon minik” markalı, ** MY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və “Toyota Prius” markalı, ** PJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 124.2-124.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Belə ki, Bakı şəhər Səbail Rayon Dövlət X3 inspektoru X1 tərəfindən Şəxs barəsində manevr qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6-cı maddələri ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunsa da, onun həmin maddə ilə təqsirli bilinməsinə dair qərar qəbul olunmamışdır. Şəxs İXM-nin 327.1, 332.1, 327.6-cı maddələri ilə təqsirli bilinməsinə dair qərar qəbul olunaraq, həmin qərarın onun tərəfindən mübahisələndirilmədiyi və qərar qanuni qüvvəsini aldığı halda, məhkəmə tərəfindən onun barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında işə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar