Məhkəmə qərarları › İş №3(009)-2397/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2397/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2397/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz barəsində sədrliyi, X3 barəsində katibliyi, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələrinə əsasən "xxxx" MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00700-00234/24 saylı, 23 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 28 dekabr 2023-cü il tarixli **********6730 sorğu nömrəli gömrük bəyannaməsi ilə "xxxx" MMC “mis ərintiləri-anod” yükü xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirərək xx.xx.2024-cü il tarixədək geri qaytaracağı barədə öhdəlik götürmüşdür. 3-33-1800/1-002456/2024 saylı ərizə əsasında müddət 28 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin cəmiyyət götürdüyü öhdəliyi icra etməmiş, yəni 28 sentyabr 2024-cü il tarixədək öhdəlik götürərək emal məqsədi ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “X2 San.ve Tic.A.Ş.” şirkətinə xaricdə emal xüsusi gömrük proseduru altında göndərdiyi 2101.15 kq çəkidə emal məhsulunu ölkə ərazisinə təkrar idxal gömrük prosedurunda geri qaytarmamış, yaxud digər gömrük prosedurunda rəsmiləşdirməmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən hasilat norması hesablanmadan 2102.79 kq “mis ərintilərindən-anod” halında rəsmiləşdiriləcəyi halda emal məqsədi ilə ixrac olunmuş malın dəyəri 14719.53 ABŞ dolları hesablanaraq əlavə ödəniləcək ixrac proseduruna görə gömrük ödənişləri - gömrük yığımları: 240 AZN, ixrac gömrük rüsumu: 2502.32 AZN, cəmi 2742.32 AZN (iki min yeddi yüz gırx iki manat, otuz iki qəpik) təşkil edəcəkdi və geyd edilən məbləği ödəməyərək "xxxx" MMC gömrük ödənişlərindən də yayınmışdır. İş materiallarında olan: Sumqayıt Gömrük idarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş 02 oktyabr 2024-cü il tarixli 3-33-1800/012/003888 nömrəli raporta əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə netto çəkisi 24082 kq olan “mis ərintiləri-anod” yükünü Sumqayıt Gömrük İdarəsində **********6730 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edərək rəsmiləşdirmişdir. Qeyd olunan prosedur şərtlərinə əsasən sözügedən bəyannamə üzrə mallar xaricdə emaldan sonra hasilat norması çıxılmaqla 24063.23 kq “saflaşdırılmıs misdən katodlar” halında gömrük ərazisinə təkrar idxal olunmalı idi. Xaricdə emaldan sonra 28 mart 2024-cü il tarixdə **********6194 sorğu nömrəli gömrük bəyannaməsi ilə 21962.08 kq “müxtəlif ölçülərdə misdən laklanmış və minalanmış sarğı naqilləri” halında emal məhsulu idxal olunmuş və gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Lakin xaricdə emal müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq emaldan sonra cəmi 2101.15 kq emal məhsulu bu günədək xaricdə emalda qalmış və müəyyən edilən müddət ərzində təkrar idxal edilməmiş və bu səbəbdən "xxxx" MMC-nin 3331800/1002456/2024 saylı ərizəsi əsasında öhdəlik müddəti 28 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Fakt üzrə toplanmış materiallara əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələrinə əsasən inzibati araşdırma başlanmış və aparılan araşdırma zərurəti ilə əlaqədar olaraq, "xxxx" MMC tərəfindən **********30 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda bəyan edilən, lakin təkrar idxal edilməyən 2101,15 kq çəkidə emal məhsulunun dəyəri, həmçinin 2101,15 kq çəkidə emal məhsulu təkrar idxal gömrük prosedurunda Azərbaycan Respublikası ərazisinə qaytarılasaydı bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib- etməməsi, təsir etdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə, əlavə olaraq "xxxx" MMC 2101,15 kq çəkidə emal məhsulunu xaricdə emal gömrük prosedurunda yox, ixrac gömrük prosedurunda rəsmiləşdirilsəydi bu halın gömrük ödənişlərinin məbləğinə təsir edibetməməsi, təsir etdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 03 oktyabr 2024-cü il tarixli 3-33-1800/013/003917 saylı raportla sorğu verilmişdir. X1 və təhqiqat şöbəsinə cavab olaraq daxil olmuş 09 oktyabr 2024-cü il tarixli 3-33- 1800/012/003994 saylı raporta əsasən, xx.xx.2023-cü il tarixli **********6730 sorğu nömrəli gömrük bəyannaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xaricdə emal xüsusi gömrük prosedurunda bəyan edilən, lakin öhdəlik Sifarişçi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati xəta haqqında Protokol № 00700-00234/24 23 oktyabr 2024-cü il "xxxx" MMC VÖEN: ********** müddətinin bitməsinə baxmayaraq buqünədək təkrar idxal edilməyən 2101.15 kq çəkidə “misdən laklanmış və minalanmış sarğı naqilləri” olan emal məhsulunun təxmini dəyəri 19812.50 ABŞ dolları, həmçinin qeyd edilən gömrük bəyannaməsi üzrə 2101.15 kq çəkidə “misdən laklanmış və minalanmış sarğı naqilləri’’ olan emal məhsulu xaricdə emaldan sonra idxal yox, ixrac gömrük prosedurunda hasilat norması hesablanmadan 2102.79 kq “mis ərintilərindən-anod” halında rəsmiləşdiriləcəyi halda emal məqsədi ilə ixrac olunmuş malın dəyəri 14719.53 ABŞ dolları hesablanaraq əlavə ödəniləcək ixrac proseduruna görə gömrük ödənişləri gömrük yığımları: 240 AZN, ixrac gömrük rüsumu: 2502.32 AZN, cəmi 2742.32 AZN (iki min yeddi yüz qırx iki manat, otuz iki qəpik) təşkil edəcəkdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi’’ informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Niton 2023" MMC tərəfindən Sumqayıt Gömrük idarəsində 28 dekabr 2023-cü il tarixli **********6730 sorğu nömrəli gömrük bəyannaməsi, 26 dekabr 2023-cü il tarixli 128 nömrəli invoys sənədi, 19 may 2023-cü il tarixli 08/23E nömrəli müqavilə, 25 dekabr 2023-cü il tarixli ərizə əsasında “mis ərintiləri-anod” yükü xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və daha sonra 3-33-1800/1-002456/2024 saylı ərizə əsasında müddət uzadılaraq 28 sentyabr 2024-cü il tarixədək geri qaytarması barədə öhdəlik götürməklə xaricdə emal olunmaq üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “X2 San.ve Tic.A.Ş.” şirkətinə göndərilmişdir və buqünədək təkrar idxal olunmamışdır. Faktla əlaqədar olaraq müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “X2 San.ve Tic.A.Ş.” şirkəti arasında bağlanmış 19 may 2023-cü il tarixli 08/23E nömrəli müqavilə əsasında "xxxx" MMC tərəfindən “mis ərintiləri-anod” yükü 28 dekabr 2023-cü il tarixli **********6730 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. "xxxx" MMC 25 dekabr 2023-cü il tarixli ərizəsi ilə öhdəlik götürmüş və həmin öhdəliyə əsasən Sumqayıt Gömrük idarəsi tərəfindən 6 ayadək “mis ərintiləri-anod" yükünün qaytarılmasına icazə verilmişdir. "xxxx" MMC-nin öhdəlik müddəti 28 iyun 2024-cü il tarixdə bitmişdir.3-33-1800/1-002456/2024 sayl ərizə əsasında müddət 28 sentyabr 2024cü il tarixinə uzadılmışdır. Lakin xaricdə emaldan sonra çəkisi 2101.15 kq, dəyəri 19812.50 ABŞ dolları təşkil edən emal məhsulu bugünədək təkrar idxal olunmamışdır, yaxud digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş "xxxx" MMC-nin nümatyəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi vardır. Bu əməllər iş materiallarında olan, 28 dekabr 2023-cü il tarixli **********6730 sorğu nömrəli gömrük bəyannaməsi, 26 dekabr 2023-cü il tarixli 128 nömrəli invoys sənədi, 19 may 2023-cü il tarixli 08/23E nömrəli müqavilə, 25 dekabr 2023-cü il tarixli ərizə, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokol və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC 28 dekabr 2023-cü il tarixli **********6730 sorğu nömrəli gömrük bəyannaməsi ilə 28 sentyabr 2024-cü il tarixədək geri qaytarmağı ödəliyə götürərək xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirdiyi dəyəri 19812.50 (on doqquz min səkkiz yüz on iki dollar, əlli sent) ABŞ dolları təşkil edən malları müəyyən edilmiş müddətdə geri qaytarmamışdır. Nəticədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə məsuliyyət yaradan inzibati xəta hadisəsini törətmişdir. Həmçinin "xxxx" MMC tərəfindən təkrar idxal edilməyən 2101.15 kq çəkidə “misdən laklanmış və minalanmış sarğı naqilləri” olan emal məhsulunun təxmini dəyəri 19812.50 ABŞ dolları, həmçinin qeyd edilən gömrük bəyannaməsi üzrə 2101.15 kq çəkidə olan emal məhsulu xaricdə emaldan sonra idxal yox, ixrac gömrük prosedurunda hasilat norması hesablanmadan 2102.79 kq “mis ərintilərindən-anod” halında rəsmiləşdiriləcəyi halda, emal məqsədi ilə ixrac olunmuş malın dəyəri 14719.53 ABŞ dolları hesablanaraq əlavə ödəniləcək ixrac proseduruna görə gömrük ödənişləri - gömrük yığımları: 240 AZN, ixrac gömrük rüsumu: 2502.32 AZN, cəmi 2742.32 AZN (iki min yeddi yüz qırx iki manat, otuz iki qəpik) olan gömrük ödənişini ödəməmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyət yaradan inzibati xəta hadisəsini törətmişdir. “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsində Gömrük dəyərinin müəyyən edilməsi üsulları kimi 6 üsul göstərilmişdir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə və ehtiyat üsulu ilə müəyyən edilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, inzibati xəta ilə bağlı araşdırmı düzgün aparılmış, “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə əməl edilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələrinin tərkibinin olmasını nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin sanksiyası həddində, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin yəni, 19.812.50 (on doqquz min səkkiz yüz on iki dollar əlli sent) ABŞ dolları məbləğinin otuz faizi həcmində yəni 5943.75 (beş min doqquz yüz qırx üç dollar yetmiş beş sent) ABŞ dolları – yəni 10.104.37 (on min yüz dörd manat otuz yeddi qəpik) AZN (qərar qəbul edilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə növündə tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin sanksiyasi çərçivəsində, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin yəni, 19.812.50 (on doqquz min səkkiz yüz on iki dollar əlli sent) ABŞ dolları məbləğinin otuz faizi həcmində yəni 5943.75 (beş min doqquz yüz qırx üç dollar yetmiş beş sent) ABŞ dolları – yəni 10.104.37 (on min yüz dörd manat otuz yeddi qəpik) AZN (qərar qəbul edilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar