Məhkəmə qərarları › İş №3(009)-2402/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2402/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2402/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ”X3” MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 25 oktyabr 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 508735,80 Avro məbləğində vəsaiti 27 iyul 2022-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də, 508735,80 Avro məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 28 iyul 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X4 izahatında göstərmişdir ki, məhkəməyə ümumilikdə 7 iş göndərilmiş, lakin həmin işlərdə qeyd olunan gömrük bəyannamələri ilə bağlı heç bir düzəliş olmamışdır. “140” kodunun hüquqi cəhətdən mahiyyəti odur ki, idxal olunan mallar üçün ödənişin edilməsi nəzərdə tutulmur. Yəni, mal həqiqətən gəlibsə, ödəniş edilməməlidir. Burada sual yaranır ki, əgər mal gəlibsə, malın dəyərinin nə əvvəl, nə də sonra ödənilməsi nəzərdə tutulmamışdırsa, nə üçün pul vəsaiti xaricə köçürülmüşdür. Yəni ki, pul xaricə köçürülməsə də, mallar gələcəkdi. “140” kodu hədiyyə kimi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, ümumilikdə 23 bəyannamədən 7i üzrə dəyişiklik olunmuş və təqdim edilmişdir. Lakin hər biri üzrə dəyişikliklərin edilməsi 1 aydan uzun müddət çəkəcək. Buna səbəb həmin malların hava yolu vasitəsilə gəlməsidir. Halbuki hansı malların gəlməyi bəllidir, bununla bağlı təsdiqedici sənədlər var. Əvvəlcə gömrük orqanına məktubla müraciət edərək malların ödənişinin xarici bank hesabı ilə ediləcəyi bildirilmiş, lakin geosiyasi vəziyyət dəyişdiyi üçün köçürmə "xxxx" ASC vasitəsilə həyata keçirilmişdir. Bu səbəbdən birinci məktub əsas götürülərək bəyannamə “140” kodu ilə tərtib edilmişdir. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 01 avqust 2024-cü il tarixli məktubundan və ona əlavələrdən görünür ki, Şəxs MMC tərəfindən “X6 Supplies Cas” şirkətinin bank hesabına xx.xx.2022-ci il tarixdə avans ödəniş aparılmış, lakin 2 (iki) il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarında olan debit haqqında bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə “Commerzbank AG Kaiserstrasse Frankfurt” bankının hesabına 508735,80 Avro məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş bəyannamələrə düzəliş edilməsi barədə məktublardan görünür ki, "X3" MMC-nin (VOEN **********) adına C-110(1)-SMO-2022 əsas müqavilə üzrə aşağıdakı cədvəldə göstərilən tarixlərdə mallar daxil olub və cədvəldə göstərilən Gömrük bəyannamələri ilə BBGİ tərəfindən rəsmiləşdirilib və buraxılıb. Qeyd olunan malların idxalı üçün əvvəlcədən və sonradan qismən və ya tam ödəniş olunmuş, lakin rəsmiləşdirilmə zamanı ödəniş şərti səhvən 140 qeyd olunub (tərəfimizdən verilmiş məlumatlara əsasən). Yuxarıda qeyd olunan məlumatları nəzərə alaraq, Əlavə 1-dəki cədvəldə göstərilən bəyannamələr üçün ödəniş şərtini (kodunu) 140-dən, müvafiq olaraq, 100-ǝ, 110-a, və ya 120-ə düzəliş edilməsində kömək edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş C-110(1)-SMO-2022 əsas müqavilə üzrə ödənişlərin, yük gömrük bəyannamələrinin və gömrük tənzimlənmə şərtlərin siyahısından görünür ki, ********** saylı satınalma sifarişi üzrə 508735,80 Avro məbləğində invoys ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı satınalma sifarişindən görünür ki, ümumilikdə 1700676,00 Avro dəyərində mallar sifariş edilmişdir. İş materiallarına əlavə edilmiş debit haqqında bildirişlərdən görünür ki, "X3" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 508735,80 Avro, xx.xx.2022-ci il tarixdə 200000 Avro, xx.xx.2022-ci il tarixdə 171534,6 Avro məbləğində vəsait "xxxx" ASC vasitəsilə “X6 Supplies Cas LTD” şirkətinin bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “X6 Supplies Cas LTD” şirkətinə məxsus kommersiya invoyslarından görünür ki, 2022-ci il tarixdə müxtəlif vaxtlarda və müxtəlif dəyərdə məhsullar "X3" MMC-ə göndərilmişdir. İş materiallarına əlavə edilmiş "X3" MMC-nin xx.xx.2024-cü il tarixli etirazından görünür ki, Mərkəzi Bank tərəfindən Şirkət barəsində İXM-in 430.4-cü maddəsi ilə müəyyən edilən inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli protokol (bundan sonra "Protokol") tərtib edilmişdir. Protokola əsasən müəyyən olunur ki, Şirkət tərəfindən xx.xx.2022-ci il tarixində 508.735,80 Avro məbləğində vəsait ölkə xaricinə köçürülmüş, lakin müvafiq mallar ölkəyə idxal olunmamışdır. Belə ki, sözügedən Protokola əsasən Şirkət tərəfindən İXM-in 430.4cü maddəsi ilə nəzərdə tutulmuş valyuta tənzimi qaydalarının pozulduğu iddia edilir. Aşağıda qeyd edilən xüsusatlara əsasən hesab edirik ki, Protokol əsassız olmaqla, Şirkət tərəfindən valyuta tənzimi qaydaları pozulmamış və İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq hallar mövcud olmamışdır. Bu etirazın mətnində istinad edilən sənədlərin qarşılıqlı əlaqəsi aşağıdakı kimidir: Hesab-proforma: Müqavilənin şərtlərinə müvafiq olaraq hissəvi qaydada sifariş verilmiş malların dəyərinin hissəvi qaydada ödənilməsi ilə bağlı Satıcının Şirkətə göndərdiyi hesab-fakturadır. Hazırkı məhkəmə predmeti ilə bağlı 1.700.676,00 Avro dəyərində bir sifariş tapşırığı (********** nömrəli) (bundan sonra "Sifariş Tapşırığı") mövcud olmaqla, həmin Sifariş Tapşırığının icrası Satıcı tərəfindən bir neçə (25000044, 25000048, 25000051 nömrəli) hesab-proforma üzrə müəyyənləşdirilmişdir. Həmin hesab-proformalarm məbləğlərinin cəmi Sifariş Tapşırığının məbləği ilə eyni (1.700.676,00 Avro) olmaqla, hər bir hesab-proformada Sifariş Tapşırığına istinad edilmişdir. Sözügedən hesab-proformalarm icrası ilə bağlı isə Satıcının yerli bank hesabına bağlı 4 ödəniş tapşırığı mövcuddur. Həmin ödəniş tapşırıqlarının məbləğlərinin cəmi hesab- proformalarm cəmi ilə eyni olmaqla (1.700.676,00 Avro) hər bir ödəniş tapşırığında müvafiq hesab-proformaya istinad edilir. Eyni zamanda Sifariş Tapşırığında qeyd edilmiş malların təsviri də hesab-proformalarda əks olunanlarla üst-üstə düşür. Bununla təsdiq olunur ki, Şirkətin yerli bank hesabından ödənilmiş ümumilikdə 1.700.676,00 Avro məbləğində ödəniş, o cümlədən hazırkı məhkəmə icraatının predmeti olan 508.735,80 Avro məbləğində ödəniş yuxarıda qeyd edilən Sifariş Tapşırığı və hesabproformalara bağlıdır və həmin sənədlərin icrası məqsədini daşıyır. Gömrük bəyannamələri: Sifariş Tapşırığına əsasən sifariş edilmiş mallar Satıcı tərəfindən hissəvi qaydada (yeddi hissədə) göndərilmişdir. Buna görə də həmin mallar (1.700.676,00 Avro dəyərində) 7 gömrük bəyannaməsi (**********238, **********408, **********514, **********644, **********002, **********022, **********042 nömrəli) altında ölkə ərazisinə idxal edilmişdir. Hazırkı məhkəmə icraatının predmeti olan 508.735,80 Avro pul vəsaiti ilə əlaqəli gömrük bəyannaməsi **********238 nömrəlidir. Sözügedən gömrük bəyannamələri məbləğlərinin cəmi (1.700.676,00 Avro), Sifariş Tapşırığının məbləği (1.700.676,00 Avro) və hesab-proformalarm məbləğlərinin cəmi (1.700.676,00 Avro) ilə üst-üstə düşür. Həm beynəlxalq təcrübə, həm yerli təcrübəyə əsasən mallar satıcı tərəfindən göndərilərkən göndərilən malların təsviri, miqdarı, qiyməti, qablaşdırması və göndərilmiş ümumi bağlamanın kütləsini əks etdirən hesab-faktura (kommersiya invoysu) satıcı tərəfindən idxalçı şirkətə göndərilir. Sözügedən hesab- faktura həmçinin Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/143 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası"da (bundan sonra "Metodika") 8001 kodu altında müəyyən edilmişdir. Hər bir bəyannamədə sözügedən kod altında bəyannamənin bağlı olduğu hesab-fakturaya istinad edilmişdir. Hər bir bəyannamədə əks olunmuş malların təsviri, kütləsi və dəyəri həmin bəyannamənin bağlı olduğu hesabfakturadakı həmin məlumatlarla birbaşa üst-üstə düşür. Hər bir hesab-fakturada, eləcə də gömrük bəyannaməsində Sifariş Tapşırığının nömrəsinə istinad olunmuşdur. Yuxarıda istinad olunan sənədlərin təhlilindən aydın olur ki, Şirkətin yerli bank hesabından Satıcının xarici bank hesabına köçürülmüş ümumilikdə,1.700.676,00 Avro (hazırkı iş üzrə 508.735,80 Avronu ehtiva etməklə) məbləğ birbaşa bu etirazda qeyd edilən gömrük bəyannamələri və müvafiq olaraq həmin bəyannamələrdəki malların idxal olunması ilə bağlıdır. İlk öncə qeyd edilməlidir ki, xx.xx.2022 tarixində Şirkət ilə X2 qeydiyyata alınmış və fəaliyyət göstərin X6 Supples Caspian LTD Şirkəti (bundan sonra "Satıcı") arasında materialların təchizatına dair C-110(2)-SMO-2022 nömrəli müqavilə (bundan sonra "Müqavilə") bağlanılmışdır. Tərəflər arasında Müqavilə üzrə ödəniş və çatdırılma şərtlərini müəyyən edən xx.xx.2022-ci il tarixli C-110 SMO-2022 nömrəli Müqaviləyə əlavə (bundan sonra "Əlavə") bağlanılmışdır. Əlavə ilə müəyyən edilmiş ödəniş şərtlərinə əsasən Müqavilə üzrə Şirkətə göndəriləcək malların dəyəri avans qaydada ödənilməlidir. Qeyd etmək istərdik ki, Metodikaya əsasən idxal olunan malların Azərbaycan Respublikasında açılmış bank hesabı vasitəsilə ödənişi nəzərdə tutulmadıqda, gömrük bəyannaməsinin 20-ci qrafasmda qeyd olunan çatdırılma şərtinin kodu "140" olaraq müəyyən edilir. Malın dəyəri Azərbaycan Respublikasında açılmış bank hesabı vasitəsilə əvvəlcədən ödənilməklə həyata keçirildiyi halda isə Metodikaya əsasən müəyyən edilmiş kod (bundan sonra "Kod") "100" olur. Bildirək ki, ilkin olaraq Şirkət Müqavilə üzrə ödənişi Şirkətə məxsus xarici bank hesabı (Societe Generale, Fransa) vasitəsilə həyata keçirmək niyyətində olmuşdur. Lakin daha sonra yaranmış geosiyasi vəziyyətlə əlaqədar Şirkət bu mövqeyini dəyişərək ödənişləri yerli bank hesabı vasitəsilə həyata keçirməyi qərara almışdır. Şirkətin bəyannaməçi qismində cəlb etdiyi "X8" MMC səhvən Müqavilə alünda gəlmiş bütün malların gömrük bəyannamələrində çatdırılma şərtini "140" olaraq (ödəniş nəzərdə tutulmadıqda) qeyd etmişdir. Müqavilənin çərçivə müqaviləsi olduğunu, mal sifarişlərin kompleks şəkildə edildiyini, ödənişlərin hissəvi qaydada həyata keçirildiyini nəzərə alaraq bildirmək istərdik ki, Müqavilə ilə Şirkətə təchizatı nəzərdə tutulan mallar hissə-hissə ölkə ərazisinə idxal edilmiş və bununla bağlı gömrük orqanlarına müvafiq olaraq 23 gömrük bəyannaməsi təqdim edilmişdir. Sözügedən gömrük bəyannamələri altında idxal edilən mallar isə Şirkət tərəfindən Satıcıya ünvanlanmış müxtəlif sifariş tapşırıqları ilə bağlıdır (idxal edilən hər bir malm bağlı olduğu sifariş tağşırığımn nömrəsi müvafiq gömrük bəyannaməsinin 47-ci qrafasmda qeyd edilmişdir). Hazırkı məhkəmə icraatının predmeti olan 508.735,80 Avro məbləğində ödəniş isə xx.xx.2022-ci il tarixli ********** nömrəli sifariş tapşırığının (bundan sonra "Sifariş Tapşırığı") və 25000044 nömrəli hesabproformanm müqabilində həyata keçirilmişdir. Belə ki, həmin Sifariş Tapşırığına əsasən Şirkət tərəfindən 1.700,676 Avro dəyərində mal sifariş verilmişdir. Müqavilənin şərtlərinə əsasən malın ödənişi və çatdırılması hissəvi qaydada müəyyənləşdirildiyindən Sifariş Tapşırığında qeyd edilən malların dəyərinin ödənişi və idxalı hissəvi qaydada həyata keçirilmişdir. Buna müvafiq olaraq, Sifariş Tapşırığı üzrə 508.735,80 Avro məbləğində 25000044 nömrəli, 1.020.405,6 Avro məbləğində (ödəmə tapşırığı iki hisədə: hazırkı işin predmeti olan 200.000,00 və 820.405,60 Avro məbləğində icra edilmişdir) 25000048 nömrəli və 171.534,60 Avro məbləğində 25000051 nömrəli, ümumilikdə 1.700.676,00 Avro məbləğində hesab-proformalar Satıcı tərəfindən Şirkətə təqdim edilmişdir. Həmin hesab-proformaların hər biri üzrə məbləğ Şirkətin yerli bank hesabından (ABB) müvafiq bank tapşırıqları əsasında Satıcıya ödənilmişdir (hər bir bank tapşırığında müvafiq hesab-proformaya istinad edilmişdir) və həmin ödənişlərin (ümumilikdə 1.700.676,00 Avro ) müqabilində ümumilikdə eyni dəyərdə mal **********238 (277.282,00 Avro dəyərində), **********408 (326.205,00 Avro dəyərində - hazırkı məhkəmə işinin predmeti olan ödənişin müqabilində idxal edilən mal), **********514 (280.320,00 Avro dəyərində), **********644 (179.513,00 Avro dəyərində), **********002 ( 305.010,00 Avro dəyərində), **********022 (197.616,00 Avro dəyərində) və **********042 (134.730,00 Avro dəyərində) nömrəli gömrük bəyannamələri üzrə ölkəyə idxal edilmişdir. Odur ki, istinad edilən sənədlər - Sifariş Tapşırığı, hesab-proformalar, ödəmə tapşırıqları, hesab-fakturalar (kommersiya invoysu) və gömrük bəyannamələri qarşılaşdırıldıqda aydm olur ki, Şirkətin yerli hesabmdan ödənilmiş ümumilikdə 1.700.676,00 Avro məbləğində (hazırkı işin predmeti olan 508.735,80 Avro da daxil olmaqla) valyuta vəsaiti müqabilində həmin dəyərdə mal (gömrük bəyannamələri üzrə malın dəyərinin cəmi) ölkə ərazisinə idxal edilmişdir. Həmçinin gömrük bəyannamələrinin 31-ci qrafasmda idxal edilən malların təsviri əks olunmuşdur. Yuxarıda qeyd edilən gömrük bəyannamələri ilə Sifariş Tapşırığı, müvafiq hesab- proformalar və hesab-fakturalar (kommersiya invoysu) qarşılaşdırıldıqda aydm olur ki, gömrük bəyannamələrində əks olunan malların təsviri və qiyməti Sifariş Tapşırığı, sözügedən hesab- proformalar və hesab-fakturalarda qeyd edilənlərlə üst-üstə düşür. Gömrük bəyannamələrində qeyd edilmiş kodla bağlı isə nəzərinizə çatdırmaq istərdik ki, Bəyannamə Şirkətin bəyannaməçi qismində cəlb etdiyi "X8" MMC tərəfindən doldurularkən texniki səhv nəticəsində Kod "100" (hazırkı məhkəmə işinin predmeti olan 508.735,80 Avro pul vəsaitinin əlaqəli olduğu **********238 nömrəli gömrük bəyannaməsinə münasibətdə "100" əvəzinə yuxarıda qeyd edilən digər bəyannamələrə münasibətdə isə müvafiq olaraq "100", "110", "120") əvəzinə "140" kimi qeyd edilmişdir. Sözügedən səhvin aradan qaldırılması ilə bağlı Şirkət Komitəyə və Mərkəzi Banka rəsmi müraciət ünvanlamışdır. Qeyd edilənlərdən aydm olur ki, Bəyannaməyə daxil edilmiş yanlış kod (140) qanunazidd niyyət olmadan bəyannaməçinin texniki səhvi nəticəsində daxil edilmişdir və həmin səhvin aradan qaldırılması ilə bağlı Şirkət lazımi səyləri göstərmişdir. Qeyd edək ki, Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edilə bilər. Eyni Məcəllənin 153.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir. İXM-in 3-cü maddəsinə əsasən inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Mərkəzi Bank tərəfindən pozulduğu iddia edilən maddənin preambulasma əsasən inzibati xəta avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi halında baş verir. Təqdim edilmiş sənədlər (bəyannamə, müqavilə, sifariş tapşırığı, hesab faktura, ödəniş tapşırığı) onu göstərir ki, Şirkət tərəfindən edilmiş 508.735,80 Avro ödəniş müqabilində mallar ölkəyə idxal edilmiş və Şirkət tərəfindən "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları" hər hansı formada pozulmamışdır. Belə ki, inzibati xəta hadisəsi mövcud devildir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Qeyd edirik ki, inzibati xəta hadisəsinin bütün əlamətləri İXM-in müvafiq maddələrində dəqiq şəkildə əks olunur. İXM-in 430.4-cü müvafiq olaraq inzibati xəta hadisəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə (iki il ərzində) müvafiq mallar ölkə ərazisinə idxal edilmədikdə baş verir. Göründüyü kimi həmin normada malın ölkə ərazisinə idxal edilmiş hesab olunması gömrük bəyannaməsində müvafiq kodun qeyd edilməsi ilə şərtləndirilməmişdir. Buna baxmayaraq Mərkəzi Bank hər hansı normativ əsas olmadan gömrük bəyannaməsinin doldurulması zamanı yol verilmiş formal xətaya əsaslanmış, təqdim olunmuş sənədləri qarşılaşdırmaqla gömrük bəyannamələrində qeyd edilmiş malların yerli bank hesabından ödənilmiş vəsait müqabilində faktiki olaraq ölkə ərazisinə idxal olunması faktım nəzərə almamış və nəticədə İXM-in 430.4-cü maddəsini yanlış tətbiq etməklə əsassız olaraq Şirkət tərəfindən sözügedən maddənin pozuntusuna dair protokol tərtib etmişdir. Xüsusilə qeyd edilməlidir ki, İXM-in 12-ci maddəsinə əsasən inzibati xəta həmin məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən əməldir. Qeyd edirik ki, Protokolun hüquqi əsasını təşkil edən İXM-in 430.4-cü maddəsi ölkə ərazisindən xaricə köçürülmüş valyuta vəsaitinin müqabilində müvafiq malın idxal olunması, belə ki, həmin vəsaitin qanunazidd məqsədlər üçün istifadə olunmasının qarşısının alınması ilə bağlı münasibətləri qoruyur. Hazırkı halda isə xaricə köçürülmüş pul müqabilində malm Şirkət tərəfindən faktiki olaraq idxal edilməsi faktı müvafiq sənədlərlə təsdiq edilir və bununla Şirkət tərəfindən sözügedən münasibətlərə hər hansı qəsdin edilmədiyi sübuta yetirilir. Həmin mallar ölkə ərazisinə idxal edilərkən müvafiq kodun yanlış qeyd edilməsi isə İXM-in 430.4-cü maddəsinin qoruduğu valyuta münasibətlərinə aid olmamaqla, həmin məcəllənin gömrük bəyannaməsinin doldurulması ilə bağlı münasibətləri qoruyan müvafiq normasının təsiri dairəsinə düşür və həmin normalar üzrə inzibati xəta hadisəsinin olub-olmamasmı müəyyən etmək səlahiyyəti Mərkəzi Banka aid olmamaqla, gömrük orqanlarına məxsusdur. Bundan əlavə qeyd edilməlidir ki, Mərkəzi Bank tərəfindən protokol prosessual pozuntulara yol verilməklə tərtib edilmişdir. Belə ki, İXM-in 101.1 və 101.2ci maddələrinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, müəyyən hallarda isə iki gün ərzində tərtib edilir. Mərkəzi Bankın tərtib etdiyi protokolda qeyd edilmişdir ki, inzibati xəta xx.xx.2024-cü il tarixində törədilmişdir. Qeyd edirik ki, mübahisələndirilən sənədlər yerli bank tərəfindən xx.xx.2024-cü il tarixində Mərkəzi Banka təqdim edilmişdir. Belə ki, Mərkəzi Bankın mzibati xətanın törədildiyini aşkar etdiyi an yerli bank tərəfindən sözügedən sənədlərin Mərkəzi Banka təqdim edildiyi tarixdir - xx.xx.2024cü il. Buradan aydın olur ki, Mərkəzi Bank İXM-in 101-ci maddəsində müəyyən edilən müddətlərə riayət etməmiş, Protokolu sözügedən müddətləri ötürməklə (təqribi 3 ay ötürməklə) tərtib etmişdir. Şəxs barəsində başlanılmış İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə inzibati xəta haqqında 3(009)-2402/2024 nömrəli iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Beləliklə iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 508735,80 Avro məbləğində vəsaiti 27 iyul 2022-ci il tarixdə ölkədən kənara köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 508735,80 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin göstərmişdir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 508735,80 Avro (beş yüz səkkiz min yeddi yüz otuz beş avro səksən sent) valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, 101747,16 (bir yüz bir min yeddi yüz qırx yeddi avro on altı sent) Avro, yəni – 181802 (bir yüz səksən bir min səkkiz yüz iki) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar