Məhkəmə qərarları › İş №3(009)-2403/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2403/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2403/2024 14.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib olunmuş 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 91.1-2-ci maddəsinin ikinci cümləsinə əsasən, Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.3-cü maddəsinə əsasən, cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək MMC-nin Ümumi Yığıncağının müstəsna səlahiyyəti kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən, Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. Qeyd olunan qanun maddələrinin birgə təhlilindən aydın olur ki, MMC-nin maliyyə hesabatlarının düzgünlüyünün audit tərəfindən müəyyən edilməsi Ümumi Yığıncağın həmin maliyyə hesabatlarının təsdiqindən öncə baş tutmalı, audit tərəfindən düzgünlüyü müəyyən edilmiş hesabatlar Ümumi Yığıncağın təsdiqinə verilməli, həmin maliyyə hesabatları əsasında MMC-nin mənfəətinin və zərərinin böülüşdürülməsi həyata keçirilməlidir. Əks halda, həmin audit yoxlamasının qanuni- məntiqi izahı olmayacaq və formal bir addım mahiyəti daşıyacaqdır. Bununla belə xüsusilə vurğulanmalıdır ki, Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş Ümumi Yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılmalı olduğuna görə, hazırki iş üzrə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın MMC tərəfindən xx.xx.2023-cü il tarixdə törədildiyi hesab olunmalıdır. Təsadüfi deyil ki, Auditorlar Palatası tərəfindən saytda (audit.aov.az/Az/page/1124) açıq paylaşılan məlumatda elan edilir ki, MMC-lər üzrə auditor rəylərinin alınmasının son müddəti 30 aprelədəkdir. Burdan da bir daha aydın olur ki, hazırki işdə İXM 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta MMC tərəfindən xx.xx.2023-cü il tarixdə törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-i maddəsinin ikinci cümləsinə əsasən, (464-cü maddənin olduğu 36-cı fəsildə müəyyən edilmiş) ...maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə...inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə xüsusilə nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan Maliyyə Nazirliyinin xeyli müddət əvvəl (protokolun tərtibindən 8 ay əvvəl) MMC-nin qeyd olunan meyarlara cavab verən cəmiyyət olması barədə məlumatlı olduğu görünür. Lakin inzibati orqan tərəfindən qanun tələbləri pozularaq xx.xx.2023-cü il tarixdə törədilmiş həmin inzibati xətaya görə protokol qanunvericilikdə nəzərdə tutulmuş müddətdən xeyli müddət sonra, xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən, Şəxs barəsində aparılan inzibati xətaya dair hazırki iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində qeyd olunur ki, audit rəyi ümumi yığıncaqdan əvvəl olmalıdır. Maliyyə hesabatlarının təsdiqi ümumi yığıncağın müstəsna səlahiyyətidir. Həmin məcəllənin 91-ci maddəsinə əsasən, aprelin sonuna qədər həmin yığıncaq keçirilməlidir. Yəni audit də aprelin sonu kimi keçirilməlidir ki, ondan sonra ümumi yığıncağa verilsin. Burada inzibati xətanın törədilmə vaxtı 1 may 2023-cü ildir. İnzibati Xətalar Məcəlləsinə görə 1 illik müddət ötürülüb. 1 il 8 ay sonra protokol tərtib edilib. Başqa məsələ isə odur ki, 2 fevral tarixində Dövlət Vergi Xidmətinə məktub verib və həmin meyarlara cavab verən təşkilatların siyahısını istəyiblər. Dövlət Vergi Xidməti isə 20 fevral tarixində cavab verib. Onların 20 fevral tarixindən etibarən inzibati xəta haqqında icraat aparmaq imkanları olub. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 10 oktyabr 2024-cü il tarixli bildirişindən görünür ki, Şəxs MMC 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 24 oktyabr 2024-cü il tarixdə saat 11:05-də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, MMC-nin orta və iri sahibkarlıq subyektlərinin bölgüsü uyğun meyarlara cavab verən cəmiyyət olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Auditor xidməti haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Audit anlayışı Audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini aparmamış, bununla da “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmışdır. Bu hal inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materialları ilə sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdir müavini Ramiz Qarayev tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol 24 oktyabr 2024-cü il tarixində tərtib edilərək 24 oktyabr 2024-cü il tarixində baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmiş və 30 oktyabr 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bununla da, hazırki günədək inzibati xətanın törədildiyi gündən, yəni hüquqi şəxs Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparmaması nəzərə alınsa, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayındığı tarixdən bir ildən çox vaxt keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutlmuş xətanı törətməsi iş materialları ilə sübuta yetirilsə də, başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar