Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2413/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə və "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən "xxxx" MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 24 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X4 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Audit xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanunun mənasına görə audit yoxlanılması yalnız 2 halda məcburi aparıla bilər: 1) öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün 2) qanunla bilavasitə nəzərdə tutulmuş hallarda. Həmin Qanunun 16-cı maddəsinə görə auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 17-ci maddəyə görə təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Audit xidməti haqqında” Qanunun 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. “Mühasibat uçotu haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri mühasibat uçotunun aparılmasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi mikro sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq təmin edirlər və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və X3 üçün X1 Standartlarına və ya X1 Standartlarına uyğun tərtib etmək hüququna malikdirlər. Bu halda mikro sahibkarlıq subyektləri mühasibat uçotunu, tətbiq etdiyi standartlardan asılı olaraq, bu Qanunun 8.1-1-ci və ya 10.1.1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar. “Mühasibat uçotu haqqında” Qanunun 9.2-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, növbəti il üçün illik maliyyə hesabatlarını Kiçik və X3 üçün X1 Standartlarına və ya X1 Standartlarına uyğun tərtib etmək qərarını, uçot siyasətində əks etdirməklə, cari ilin dekabr ayının 31-dək qəbul edir. “Mühasibat uçotu haqqında” Qanunun 11-ci maddəsinə görə kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 1) il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 2) oktyabr ayının 1dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 3) digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. “Mühasibat uçotu haqqında” Qanunun 12.1-ci maddəsinə görə kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda təqdim edirlər. Bu Qanunun 5.3-cü maddəsində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydası Azərbaycan Respublikasının müvafiq sahəvi qanunları ilə tənzimlənir. Digər kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Mühasibat uçotu haqqında” Qanunun 12.1-ci maddəsinə görə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. “Mühasibat uçotu haqqında” Qanunun 12.2-ci maddəsinə görə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq müəyyən olunmuş müddətlərdə təqdim edirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydalarının 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Qaydaların 3.4-cü bəndinə əsasən Kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir. Qaydaların 5.1-ci bəndinə görə ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur: 5.1.1-ci yarımbəndinə görə qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunmalıdır. Qaydaların 5.2-ci bəndinə əsasən maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 18 mart 2019-cu il tarixli, 309/1 nömrəli qərarla təsdiq edilmiş X5 maliyyə hesabatlarının auditi üzrə Metodik Göstərişin 4.1.4-cü bəndinə əsasən Publik hüquqi şəxslər hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Metodik Göstərişin 4.1.6-cı bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təsisçiyə təqdim edirlər. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətlərə münasibətdə mülki qanunvercilikdə illik maliyyə hesabatının dərc edilməsi vəzifəsi müəyyən edilməsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin onun illik maliyyə hesabatının düzgünlüyünü yoxlamaq məqsədilə hər il müstəqil auditorun cəlb edilməsi vəzifəsi birbaşa olaraq müəyyən edilmişdir. Məhkəmə, istinad edilən qanunvericilik normalarını kompleks şəkildə təhlil edərək belə qənaətə gəlir ki, kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını ən geci hesabat ilindən sonrakı ilin 30 iyun tarixinədək təqdim etməli və daha sonra həmin dövr, yəni 30 iyun tarixi başa çatdıqdan sonra 10 gün ərzində həmin hesabatları auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu isə o deməkdir ki, kommersiya təşkilatları hesabat ili üzrə illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını təqdim etməli olduqları 30 iyun tarixinədək onların auditini də keçirməli və həmin hesabatları auditor rəyi ilə birlikdə kommersiya təşkilatının təsisçisinə, təsisçi isə hesabat dövrünün, yəni 30 iyunun başa çatmasından ən geci 10 gün ərzində həmin hesabatları auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməli, internet səhifəsi olan kommersiya təşkilatları isə həmçinin onları öz səhifəsində dərc etməlidir. Göründüyü kimi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda sadalanan maddələrinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydalarının 3.1-ci, 5.1-ci, 5.1.1-ci və 5.2-ci bəndlərinə görə kommersiya təşkilatları illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsinin konkret müddəti, habelə illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi və internet səhifəsində və ya mətbu orqanda dərc olunması öhdəliyi bilavasitə nəzərdə tutulduğundan hazırki iş üzrə inzibati xətanın törədilmə vaxtı ən geci hesabat ilinin, yəni konkret halda 2023-cü ilin iyul ayının 10-na təsadüf edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yuxarıda sadalananlardan göründüyü kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçməsindən sonra tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş sənədlərdən hüquqi şəxs "xxxx" MMC tərəfindən maliyyə hesabatlarının 2024-cü ilin may ayında auditinin aparıldığı müəyyən edilir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xəta haqqında protokolla birlikdə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən auditi aparılmış təsərrüfat subyektləri barədə məlumatdan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC barəsində 2020 və 2021-ci illərdə də auditor yoxlanışı həyata keçirilmış və müvafiq rəylər verilmişdir. Məhkəmə qeyd edilən hallara da qiymət verərək hesab edir ki, "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, inzibati xəta dedikdə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılmaqla inzibati məsuliyyətə səbəb olan əməl başa düşülür. Bu səbəbdən də həmin əməli törətmiş şəxs və ya şəxslər inzibati məsuliyyətə cəlb edilərək onlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin imperativ tələblərinə əsasən inzibati tənbehin tətbiqinin məqsədi inzibati xəta törətmiş şəxsi cəzalandırmaq deyil, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və həm inzibati xətanı törətmiş şəxs, həm də digər şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaqdır. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs barəsində inzibati tənbehin tətbiq edilməsi onu qanunlara əməl edilməsi istiqamətində tərbiyələndirmək deyil, cəzalandırmaq olacaqdır. Çünki barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs 2022ci ilədək müvafiq audit yoxlanışından keçərək rəylər almış, hazırda da 2023-cü il üzrə auditor yoxlanışını həyata keçirtmişdir. Bu da hüquqi şəxsin qanunlara əməl etmək ruhunda hərəkət etdiyini, əməlində ictimai təhlükəliliyin və hüquqaziddliyin aradan qalxdığını və qanunvericiliyin ona inzibati tənbeh tətbiq etmədən öz məqsədlərinə nail olduğunu göstərir. Əksinə hüquqi şəxsə inzibati tənbeh tətbiq ediləcəyi halda bu inzibati tənbehin məqsədlərinə zidd olmaqla onu tərbiyələndirməkdən daha çox cəzalandırmaq xarakteri daşımış olacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biritəqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2413/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2413/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver