Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2428/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin sahə inspektoru Azər Əhmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 74 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 04 noyabr 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru Azər Əhmədov protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, uzun müddətdir taksi fəaliyyəti ilə məşğuldur. Hadisə günü Ə.Əlizadə və Tərlan Əliyarbəyov küçələrinin kəsişməsində olarkən 2 nəfər yaxınlaşaraq Fransa Respubikasının Azərbaycandakı səfirliyinin yanındakı ünvana gedəcəklərini dedilər. Həmin zaman onlar üç nəfər qadın və bir nəfər kişi olmuşdur. Maşına əyləşdikdən sonra qiymətin 20 (iyirmi) manat olduğunu demiş, müştərilərdən bir nəfər qadın etiraz edərək qiymətin baha olduğunu, saxlamağını və düşəcəklərini demişdir. Yollar bağlı olduğu və yolu dönüb qayıdacağı üçün heç olmasa 5 (beş) manat vermələrini demişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurmuşdur. Bundan sonra mübahisə etdiyi qadının əri gəlmiş və aralarında mübahisə yaranmışdır. Sonradan Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə getmişlər və aralarında barışıq olmuşdur. Heç bir şikayət və tələbi yoxdur. Əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və barəsində yüngül tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 04 noyabr 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Fransa Respubikasının Azərbaycandakı səfirliyinin yanında küçədə nalayiq ifadələr işlətmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZA № 015957 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün saat 01:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şəxs ərizə və izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində tanımadığı iki şəxs avtomobilinə əyləşərək Fransa Respubikasının Azərbaycandakı səfirliyinə getmək istəmiş, müştərilərdən biri ilə aralarında qiymətlə bağlı mübahisə yaranmışdır. Daha sonra bir-birlərini anlamış və barışmışdırlar. Heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Fransa Respubikasının Azərbaycandakı səfirliyinin yanında küçədə Şəxs ilə X1 arasında mübahisə baş vermiş və həmin şəxslər ictimai qaydanı pozaraq ucadan nalayiq ifadələr işlətmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Onun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 04 noyabr 2024-cü il tarixdən saat 01:00-dan inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən 3/4 hissəsi çıxılmalı və o cərimənin 3/4 hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 100 (bir yüz) manat inzibati cərimənin 25 (iyirmi beş) manatından azad edilməli və üzərində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 40, 43, 114.1.1, 115, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 100 (bir yüz) manat inzibati cərimənin 25 (iyirmi beş) manatından azad edilsin və üzərində qəti olaraq 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2428/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2428/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver