Məhkəmə qərarları › İş №3(009)-2459/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2459/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2459/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, Bakı şəhər X6 İdarəsinin 05 noyabr 2024-cü il tarixli, EQ 24521379 nömrəli inzibati tənbeh vermə barədə qərardan X2 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X1 məhkəməyə müraciət edərək Bakı şəhər X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24521379 saylı protokol və həmin protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh barədə qərarı ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X2 04 noyabr 2024-cü il tarixində saat 12:41 radələrində istifadəsində olan ** CT *** dövlət qeydiyyat nişanlı Lexus UX minik markalı avtomobilini Ziya Bünyadov prospekti ilə Dərnəgül 1 küçəsinin kəsişməsi, 20 yanvar mst istiqamətində avtobus zolağında idarə etmişdir. xx.xx.2024-cü il tarixində telefonunun sms radar tətbiqinə həmin hərəkət istiqmətinə görə 100 AZN və 2 bal cərimənin gəlmişdir. Tətbiqi açaraq cərimənin məzmuna baxan zaman müəyyən etmişdir ki, barəsində İXM-in 327.1-1-ci maddəsinin tələbinin pozulması ilə səbəbilə EQ24521379 saylı xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Pozuntunun video və fotosunu izləyərkən isə ona məlum olmuşdur ki, kamera onu avtobus zolağında çəkmişdir. Halbuki, həmin avtobus zolağında Saat 07:00-10:00 və 17:00-20:00 lövhəsi vardır. Bu isə o deməkdir ki, qeyd edilən saatlar istisna olmaqla avtobus zolağı ilə hərəkət edilməsinə icazə verilir. Belə olan halda şikayətçiyə məlum deyildir ki, hansı səbəbə görə mən AR İXM-in 327.1-1. (“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə -yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında AR qanunun 48-ci maddəsinin İV-cü bəndi - 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır) maddələrinin pozulmasında təqsirləndirilib?! Əgər guya ki “törətmiş olduğu" inzibati xətanın saatına diqqət yetirsəniz məlum olacaqdır ki, tərəfindən həmin zolaqla olan hərəkət 12:41 radələrində olmuşdur, bu saat aralığı isə zolağın girişində quraşdırılmış lövhə üzərində olan saatlara tamamilə uyğundur. Beləliklə, şikayətçi tərəfindən hər hansı hüquq pozuntusuna yol vermədiyinə görə barəsində haqsız yazılmış cərimə də silinməlidir. Bu səbəbdəndə hesab edir ki, tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar tam şəkildə qanunsuz və absurddur. Ona görə də inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi X3 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Saat 07:00-10:00 və 17:00-20:00 lövhəsi olduğundan avtobus zolağı ilə hərəkət edilməsinə icazə verilməsi həqiqətə uyğun deyil, həmin ərazidə saat 07:00- dan 21:00-dək zolağla hərəkət qadağan edilmişdir. O baxımdan hesab edir ki, şikayət tam əsassızdır və təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət edilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 05 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 ** CT *** dövlət qeydiyyat nişanlı Lexus UX minik markalı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 (bir yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan''inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 122.1 -ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-in 81.1 -ci maddəsinin şərtlərindən göründüyü kimi, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır; 81.2. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Belə olduğu halda, Bakı şəhər X6 İdarəsinin 05 noyabr 2024-cü il tarixli, EQ 24521379 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan hazırki icraatda dəyişdirilməsi, ləğv edilməsi və ya xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsuliyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikasının İXM-in 327.1-1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməməli, Bakı şəhər X6 İdarəsinin 05 noyabr 2024-cü il tarixli, EQ 24521379 saylı inzibati tənbeh vermə haqqında qərar) dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin 05 noyabr 2024-cü il tarixli, EQ 24521379 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar