Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-246/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X5, X16, X6 Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2022-ci ilin avqust ayından 29 noyabr 2022-ci il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək, bildirmişdir ki, X5, X8, X2 əmək haqqının ödənilməməsi ilə əlaqədar müraciəti əsasında araşdırma aparılmış və Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanmadan şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması müəyyən olunmuşdur. Ona görə də Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş X13 Xidmətinin Bakı şəhər İdarəsinin Şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, X7 və digərlərinin Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərə X13 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. X13 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş məlumatlara baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 14 fevral 2023-cü il tarixdə saat 10:30-da X13 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunmuş və iş üzrə bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. İş materiallarında olan əmək müqaviləsi bağlamadan işlətməyə və ödənilməmiş əmək haqqının tələb olunmasına dair X14, X11, X9, X12, X16, X3, X6 tərəfindən verilmiş şikayətdən görünür ki, onlar "xxxx" MMC restoranının işçisi kimi 2022-ci ilin avqust- oktyabr ayından orda işləmişlər. Noyabrın ikinci yarısından başlayaraq yerinə yetirdikləri müvafiq xidmətlərə dair əmək haqqı verilmədiyi üçün restorandakı iş fəaliyyətlərini məcburi olaraq dayandırıb işdən çıxmaq məcburiyyətində qalmışlar. İşəgötürmə ilə əlaqədar əmək müqaviləsi bağlamağa dair dəfələrlə etdikləri tələblərə baxmayaraq restoran rəhbərləri Nümayəndə3 xxx qızı. Əzimov İsmayıl xxx oğlu və Məmmədov Əliheydər xxxx oğlu buna mənfi münasibət bildirmişdir. İşlədikləri müddətə olan ödənilməmiş əmək haqqının ödənilməsini tələb etdikdə isə müxtəlif bəhanələrlə bundan yayınmışlar. Hətta Nümayəndə3 (*** *** ** **) Whatsapp tətbiqi vasitəsilə bizə səsli mesaj da göndərmişdir. Mesajın məzmunu: “ Zəifçilik yox, iş olmadığı üçün işin vəziyyətini gördünüz. Yetərincə cibimdən avans verdim və bəs elədi. Saxladım ki, hə qalsınlar iş düzəlsin verərəm. Ola bilsin o mənim səhvimdi. Elə onda gərək hamınızı çıxardardım çölə ki, nə ailə yoxdu, nə bir şey. Heç kəsə də heç nədə güzəştə getməzdim. Bu iki. Üçüncü bu qruplaşma ki, var ha. Bu günə qədər nə deyirdim? Deyirdim ki, narahat olma əlimdən gələni edirəm ki, ilk sənə çatdıracam çünki vəziyyətini bilirəm. Bugün mən sənə nə deyirəm və bu son mesajdır. Bundan sonra yazsan da, yazmasan da şikayət eleyirsiniz gedin hara şikayət eleyirsiniz eleyin. Nə qruplaşma yığırsınız yığın. İstəyirsən sən katib ol, başqası yaradıcısı olsun, mənə aidiyyatı yoxdur. Xasiyyətimə az da olsa bələdsən. İndi get, Ruhəngiz, get nə eləyirsən elə. Sən də onlar da. Cari tarixə olan ödənilməmiş əmək haqqı məbləği aşağıdakı kimidir:X14- 495 manat; X11- 400 manat; X9- 600 manat; X12- 1000 manat; X16- 600 manat; X3- 500 manat; X6- 248 manat. Yuxarıda göstərilənləri nəzərə alaraq pozulmuş hüquqlarının bərpası və əmək fəaliyyətinə dair ödənilməmiş 3843 manat maaşlarının, şikayət ərizəsinin yazılması və göndərilməsinə görə 100 manat vəsaitin ödənilməsini xahiş etmişlər. İş materiallarında olan X5 izahatından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi Şəxs MMC-yə məxsus Dastan restoranında kababçı vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixində işlərin azalması ilə əlaqədar işdən azad olunmağı bildirilmişdir. 400 manat əmək haqqı verilməmişdir. Eyni zamanda, onunla birgə X14, X9, X12, X16, X3, X6 həmin restoranda xx.xx.2022-ci il tarixinə kimi işləmişlər. İş materiallarında olan X4 izahatından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi Şəxs MMC-yə məxsus Dastan restoranında işləmişdir. xx.xx.2022-ci il tarixində işlərin azalması ilə əlaqədar işdən azad olunmağı bildirilmişdir. Son haqq-hesab və 600 manat əmək haqqı verilməmişdir. Eyni zamanda, onunla birgə X11, X16, X6 həmin restoranda xx.xx.2022-ci il tarixinə kimi işləmişlər. İş materiallarında olan X1 izahatından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi Şəxs MMC-yə məxsus Dastan restoranında kassir vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixində işlərin azalması ilə əlaqədar işdən azad olunmağı bildirilmişdir. Son haqq-hesab və 500 manat əmək haqqı verilməmişdir. Eyni zamanda, onunla birgə X16, X11, X6 həmin restoranda xx.xx.2022-ci il tarixinə kimi işləmişlər. İş materiallarında olan əmək müqaviləsi bildirişlərinin surətindən görünür ki, X14, X9, X12 və X3 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin direktoru Nümayəndə3 fəaliyyətin olmaması ilə əlaqədar müəssisənin fəaliyyətini dayandırması dövründə həmin işçilərin bir neçə günlük restoranda işlədiklərini, ona görə də əmək müqaviləsi bağlamağa zərurət olmadığını fikirləşdikləri üçün müqavilə bağlamadıqlarını bildirmişdir. Məhkəmə prosesində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron məlumat bazasında X16, X11 və X2 əmək müqaviləsi bildirişləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən işçi ilə əmək müqaviləsi bağlanmamasına dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-246/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-246/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver