Məhkəmə qərarları › İş №3(009)-2468/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2468/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2468/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X2, X1 etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olan, Bakı şəhər,i Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi 1 saylı binanın zirzəmisində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 29 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Səbail rayon məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı icra edimir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Səbail rayon məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş özbaşına tikili sökülməlidir. Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 №-li binanın yarımzirzəmisində yerləşən iddiaçı X3 istifadəsində olan 243.5 kv.m qeyriyaşayış sahəsinə həmin ünvan üzrə T.Məmmədov küçəsindən gedən yolun (keçidin) üstündə cavabdeh Şəxs tərəfindən inşa edilmiş uzunluğu 8,0 metr, eni 5,3 m, hündürlüyü 3,2 m.olan bir mərtəbəli özbaşına tikili cavabdehin hesabına sökülsün və həmin yol əvvəlki vəziyyətinə vəziyyətinə gətirilməli idi. İcra qərarı olmasına baxmayaraq Şəxs icra eləməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs protokola etiraz edərək, maddi vəziyyəti ili əlagədar olaraq məhkəmə qətnaməsini icra edə bilmədiyini nəzərə almasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi X8 məhkəmənin qanuni qüvvəyə minən qətnaməsinin icrasını təmin etmədiyi üçün Şəxs barəsində inzibati həbs tənbehi seçilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 1527/2019 saylı icra sənədindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 №-li binanın yarımzirzəmisində yerləşən iddiaçı X3 istifadəsində olan 243.5 kv.m qeyri-yaşayış sahəsinə həmin ünvan üzrə T.Məmmədov küçəsindən gedən yolun (keçidin) üstündə cavabdeh Şəxs tərəfindən inşa edilmiş uzunluğu 8,0 metr, eni 5,3 m, hündürlüyü 3,2 m.olan bir mərtəbəli özbaşına tikili cavabdehin hesabına sökülüb və həmin yol əvvəlki vəziyyətinə gətirilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq o, icra sənədlərini icra etməmiş və izahatında maddi imkanı olmadığından ödəniş edə bilmədiyini bildirmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, 3(009)999/2023 saylı Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat cərimə təyin edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xətanın təkrar törətdiyini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar