Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2486/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 07 noyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC 24339,98 Avro məbləğində vəsaiti 14 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 24339,98 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 15 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X4 "xxxx" MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, vaxtilə gömrük bəyannaməsi tərtib edilərkən yanlışlıq olmuşdur. Oxşar müqavilələrin tarixləri yanlış qeyd edilmişdir. Bu səbəbdən yeni bəyannamə tərtib olunmuş və müvəkkil banka göndərilmişdir. "xxxx" ASC isə ölkəyə qaytarılmalı olan vəsaitlərin gətirilən mallarla bağlandığını təsdiq edən rəsmi çıxarış vermişdir. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə nümayəndələrin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 16 oktyabr 2024-cü il tarixli, № 13002- 01/72 məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə “X2 İnsaat TİC LTD” şirkətinin bank hesabına 24339,98 Avro məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, № 001 ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə “X2 İnsaat TİC LTD” şirkətinin “Yapı ve Kredi Bankası”-ındakı bank hesabına 24339,98 Avro məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 21 noyabr 2024-cü il tarixli, № 150126 məktubundan görünür ki, "xxxx" MMC (VÖEN: ********** ) tərəfindən xx.xx.2022-ci il tarixində "SCHUCO İSTANBUL ULUSLARARASİ İNSAAT TİC LTD" şirkətinin xeyrinə aparılmış 24339,98 EUR (iyirmi dörd min üç yüz otuz doqquz avro 98 avrosent) avans ödənişi xx.xx.2024-cü il tarixində təqdim olunmuş **********9108 gömrük bəyannaməsi ilə bağlanılmışdır. Avans üzrə qalıq 282.62 avro (iki yüz səksən iki avro 62 avrosent) təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli etirazından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və Təşkilati İşlər Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş 07 noyabr 2024-cü il tarixli EP №0190373 saylı protokolda göstərilmişdir ki, "xxxx" MMC 24,339 98 Avro məbləğində vəsaiti 14 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 24,339.98 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini ölkəyə qaytarmamışdır. Xəta 15 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə, "Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati protokol tərtib olunmuş hüquqi şəxsin hərəkətlərində istinad olunan inzibati xəta tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Lakin barəsində inzibati icraat aparılan Cəmiyyət qanunla qorunan ictimai münasibətlərə qəsd etməmişdir. Onun hərəkətləri ictimai münasibətləri tənzimləyən normalar çərçivəsində və onların tələblərinə zidd olmadan həyata keçirilmişdir. Cəmiyyətin istinad olunan inzibati xətanın törədilməsində hər hansı qanunzıdd məqsədi və təqsiri olmamış və inzibati xətaya görə inzibati məsuliyyətə səbəb ola bilən əməl törətməmişdir. Cəmiyyətə münasibətdə təqsirləndirildiyi xüsusi normanın tətbiqi üçün məcburi elementlər mövcud olmamışdır İnzibatı Xətalar Məcəlləsinin 430.4 maddəsinə görə, a) valyuta vəsaitinin avans yolla ödənilməsi; b) ödənilmiş vəsait müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, yaxud işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi. 13 oktyabr 2024-cü ildə Cəmiyyət və "X3 İnşaat Tic. Ltd (Türkiyə Respublikası) arasında bağlanılmış 1 saylı kontrakta əsasən 24,339.98 Avro dəyərində profil və digər əşyaların (malın) müqavilə şərtlərinə uyğun olaraq "X2 İnşaat Tic. Ltd şirkətinin göndərəcəyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3 bəndinə görə, Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr orada sadalanan müxtəlif növ əməliyyatlar üzrə aparılır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1 bəndi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, 0 cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır ki, Cəmiyyət tərəfindən bu məqsədə zidd olan hər hansı hərəkətə yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinə dair" 28 fevral 2020-ci il tarixli qərarında' qeyd etmişdir ki, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ yalnız "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində dəqiq müəyyən edilmiş qanunla müəyyən edilmişdirsə; ictimai maraq kəsb edirsə kimi əsaslarla məhdudiyyətlərə məruz qala bilər. Konstitusiya Məhkəməsi ifadə etdiyi hüquqi mövqedə göstərir ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair" 2019-cu il 19 dekabr tarixli Qərarında göstərdiyi hüquqi mövqeyi təkrarlayaraq qeyd edir ki, "İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Lakin inzibati icraat üçün müraciət edən şəxsin tələsikliyə yol verərək hər hansı əsaslandırma vermədən və zəruri sənədləri təqdim etmədən adi bir məktubla inzibai icraatı aparan orqana müraciətinə baxılması və inzibati xəta haqqında protokolun tərtibi zamanı ciddi qanun pozuntularına yol verilmişdir. Xüsusilə inzibati protokolun tərtib olunması kifayət qədər uzun müddət ərzində baş versə də, barəsində protokol tərtib olunan Cəmiyyət icraat barədə məlumatlandırılmamış, icraata cəlb olunmamış, heç bir araşdırma aparılmamış, Cəmiyyətin hüquqları və vəzifələri izah olunmamış, heç bir əsaslandırma verilmədən Cəmiyyətin nümayəndəsinin və / və ya müdafiəçisinin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərəfimizdən gömrük orqanına və müvəkkil banka yazılı müraciət olunaraq yanlışlığın aradan qaldırılması xahiş olunmuşdur.³ Gömrük orqanı tərəfindən müqavilə kodunda yol verilmiş səhv aradan qaldırılaraq yeni **********9108 gömrük bəyannaməsi müvəkkil banka təqdim olunmuşdur. Müvəkkil bank X8 Səhmdar Cəmiyyəti 21 noyabr 2024-cü il tarixli, 150126 saylı məktubla bizim sorğumuza cavab olaraq bidirmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində "X3 İnşaat Tic. Ltd" şirkətinin xeyrinə aparılmış 24,339.98 manat EUR avans ödənişi xx.xx.2024-cü ildə təqdim olunmuş **********9108 gömrük bəyannaməsi ilə bağlanılmışdır."4 İXM-nin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsi müəyyən edir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddədə nəzərdə tutulur ki, İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 100.2 və 100.3 maddələrinə əsasən, inzibat protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 101-ci maddəsinə görə, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 114-cü maddəsi müəyyən edir ki, inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-cü maddələrini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında 07 noyabr 2024-cü il tarixli EP № ******* saylı protokol tərtib edilmiş “Həsən Holdinq" MMC tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən 3(009)-2486/2024 saylı iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 24339,98 Avro məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 24339,98 Avro dəyərində xidmətlər qanunla müəyyən edilmiş müddətdə xidmətlər göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində xidmətlər göstərildiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2486/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2486/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver