Məhkəmə qərarları › İş №3(009)-2489/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2489/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2489/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin inzibati tənbeh vermə haqqında 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 14 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə çıxarılmış 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən MN ******* nömrəli, 24 oktyabr 2024- cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar (bundan sonra – Qərar) tərtib edilmişdir. Tərtib edilmiş Qərar ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bildirir ki, X5 Xidməti (bundan sonra - Xidmət) tərəfindən tərtib olunmuş Qərar əsassız və qanunsuz hesab edilməklə Məhkəmə tərəfindən bu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. Tərtib olunmuş Qərarda İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın X2 “əmək müqaviləsinin xitamı ilə bağlı yazılı və sistem üzərində mövcud olan əmrlərdə uyğunsuzluqların müəyyən edilməsi” ilə əsaslandırılmışdır. Buna baxmayaraq Qərarda qeyd edilən uyğunsuzluqlar barədə məlumat və ya dəlil təqdim edilməmişdir. Qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi həm yazılı - kağız daşıyıcıda, həm də elektron sistemdə eyni məzmunda tərtib edilmiş, heç bir uyğunsuzluğa yol verilməmişdir. Buna görə də, əsassız tərtib olunmuş bu Qərarı qanunsuz hesab edir, barəsində tətbiq olunmuş inzibati cərimənin hüquqazidd olduğunu Məhkəmənin nəzərinə çatdırır. Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, inzibati xəta dedikdə bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalananlara və qanunvericiliyin tələblərinə əsasən, X5 Xidməti tərəfindən barəsində tərtib edilmiş qərar əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Qərardan şikayət verən şəxs X3 və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron və yazılı əmr var. Hər iki əmr arasında ziddiyət müəyyən edilmişdir. Belə ki, əmrlərdən biri 31 avqust 2024-cü il tarixlə, digəri 01 sentyabr 2024-cü il tarixlə verilmiş, bununla pozuntuya yol verilmişdir. Həmçinin işçiyə xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam verilmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müqavilə müddətli olduğu üçün xitam verilmədən 1 həftə əvvəl qarşı tərəf xəbərdar edilməli idi. Əgər xəbərdar edilməsə, müqavilə birbaşa uzadılır. Direktordan həmin yazılı xəbərdarlığın verilməsi barədə sənədlər istənmiş, lakin bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. Xəbərdarlıq edilmədiyi üçün müqaviləyə xitam verilə bilməz. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan X5 Xidmətinin MN ******* saylı, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinin pozularaq xx.xx.2024-cü il tarixdə bu Məcəllənin 68.2.b bəndinə əsasən xitam verildiyi və xitamla bağlı yazılı sistem üzərində mövcud olan əmrlərdə uyğunsuzluq müəyyən edilmişdir. Bununla da, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X5 Xidmətinin MN ******* saylı, 24 oktyabr 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X2 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinin pozularaq xx.xx.2024-cü il tarixdə bu Məcəllənin 68.2.b bəndinə əsasən xitam verildiyi və xitamla bağlı yazılı sistem üzərində mövcud olan əmrlərdə uyğunsuzluq müəyyən edilmişdir. Bununla da, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmuş və o, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən- X3 tərəfindən müddətli əmək müqaviləsinə xitam verilmiş, lakin işçi- X4 müqaviləyə xitam verilməsi barədə qanunvericilikdə nəzərdə tutulan qaydada yazılı formada xəbərdar edilməmişdir. Bununla da X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bundan başqa qeyd olunan əmək müqaviləsinə xitam verilməsi tarixləri- 31 avqust 2024-cü il və 01 sentyabr 2024-cü il tarixləri qeyri-iş günlərinə təsadüf edir. Göründüyü kimi X5 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, X3 qanun pozuntusuna yol vermişdir. Ona görə də 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X1 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayət verən şəxs qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X3 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar