Məhkəmə qərarları › İş №3(009)-2490/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2490/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2490/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbehvermə barədə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 11:45 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyat nişanlı avtomobili ilə,Bakı şəhəri Badamdar yolu 153a ünvanında, **-YP-*** nömrəli dövlət yol patrul maşınını idarə edən DYPİ,Yol patrul xidməti inspektoru polis baş serjantı X7 tərəfindən əsassız olaraq saxlanılmışdır. İşıqforun nizamlayıcı işiğının qaydasını pozduğunu bildirmişdir, lakin o, bildirməyə çalışsadakı işiqforun yaşıl işiğının yanıb söndüyü zaman keçmişdir o, bunu özü təqdim etdiyi görüntüdə gördüyü halda belə israrla sarı işiqda keçdiyini söyləmişdir. Lakin ona sarıda yox yaşılda keçdiyini bir daha bildirsə də və işıqforun sarı işığında keçsə də belə bu hərəkəti etməyə icazə verən hallar olduğunu bildirmiş və DYP inspektoruna YHQ 60-cı maddəsinin 4-cü hissəsini bir daha xatırlatmışdır ki (sürücü stop xəttdə dayana bilməyəcəksə, o zaman qəfil tormozlama olmaması üçün sürücü yol ayrıcını keçə bilər),ki həmən vaxtı öz avtomobilini təxminən saatda 65-70 km sürətlə idarə edirdi və orada olan hər hansı bir ani tormozlama qəzaya səbəb ola bilərdi. Lakin bütün söylədiklərinə baxmayaraq, polis baş serjantı Əzimov Anar ona qarşı qərəzli mövqe göstərərək,qanunsuz olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən protokol tərtib etmişdir. Bütün halları nəzərə alaraq TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, həmin protokol və qərardan bir dəfə şikayət vermiş və şikayəti qismən təmin edilərək yenidən adaşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilmişdir. Orada kamera görüntüsü tələb etmiş və görüntülərə baxış keçirilərkən yol polisi əməkdaşları özləri də qırmızıda keçmədiyini təsdiq etmişdir. Lakin cərimələyəcəklərini və ödəməli olduğunu bildirmişdirlər. Göstərilənlərə əsasən TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X4 şikayətə etiraz edərək izahatında bildirmişdir ki, X1 verdiyi şikayət əsassızdır. İnzibati xəta haqqında məsuliyyətdən yayınmaq üçün məhkəməyə qeyri-səmimi izahat verir. Hadisə ilə bağlı videogörüntüdən də müəyyən olunur ki, qeyd etdiyi kimi işıqforun yaşıl işığı yanıb-sönərkən keçməmişdir. Siqnalın tezlikcə dəyişəcəyini görməsinə baxmayaraq təhlükəsizlik tədbiləri görməmişdir. Bundan başqa qadağanedici siqnalda keçməsinə səbəb olacaq hər hansı qəza şəraiti olmamışdır. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 11:48-də Bakı şəhəri, Badamdar yolu, 153a ərazisində “Chevrolet Cruze minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən müəyyən olunur ki, X3 “Chevrolet Cruze minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qırmızı işığı yanarkən hərəkətini davam etdirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2176/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X1 şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin 15 iyul 2024- cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinə göndərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 11:48-də Bakı şəhəri, Badamdar yolu, 153a ərazisində “Chevrolet Cruze minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini dəvam etdirilməsinə görə - səksən manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 avtomobili Bakı şəhəri, Badamdar yolu, 153a ərazisində “Chevrolet Cruze minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar