Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-251/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin 11 yanvar 2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair X4 oğlunun şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 Bakı şəhər, DYPİ tərəfindən tərtib edilən 11 yanvar 2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 oktyabr 2020-ci il tarixində ona məxsus "VAZ-2124" markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən əsassız olaraq saxlanılaraq Bakı şəhər DYPİ YPX-nin inspektoru kiçik polis serjantı X3 tərəfindən barəsində qərəzli olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokoldan aidiyyəti üzrə DİN-nə şikayət etmiş, lakin şikayətində göstərdiyi xüsusatlar araşdırılmadan onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli hesab edilərək barəsində 19.10.2020-ci il tarixdə ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 19 oktyabr 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar şikayəti əsasında Səbail Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 3(009)-3000/2020 saylı qərarı ilə ləğv edilmiş və iş baxılması üçün yenidən Bakı şəhəri X6 İdarəsinə göndərilmişdir. Məhkəmə qeyd edilən qərarında BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılmadığını da qeyd etmişdir. Lakin inzibati iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis idarəsinin X6 İdarəsinə göndərildikdən sonra 11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli hesab edilərək barəsində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş 11 yanvar 2021-ci il tarixli, TP4132948 nömrəli qərarı 18 yanvar 2021-ci il tarixdə şəxsən Bakı şəhər Baş Polis idarəsinin X6 İdarəsinə əldə etmişdir. Həmin vaxt qərarın imzasız olduğunu bildirərək imzalı formada ona təqdim edilməsini xahiş etsə də qərarı ona imzasız formada təqdim etmişlər. Barəsində tərtib edilmiş 11 yanvar 2021-ci il tarixli, TP ******* nömrəli qərar əsassız və qərəzli olduğundan ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş 11 yanvar 2021-ci il tarixli, TP4132948 saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını və xidməti vəzifələrindən sui istifadə edərək öz vəzifə borclarını layiqincə yerinə yetirməyən və hüquqlarını kobut şəkildə pozaraq yenidən əsassız qərəzli qərar qəbul etmiş polis mayoru və onunla kobut rəftar edən polis serjantı barəsində xüsusi qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-251/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarına əsasən şikayətin təmin edilməsi, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X6 İdarəsinin TP ******* saylı, 11 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin rəisi Rəşid Piriyev şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 3(009)-251/2021 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən X1 barəsində qəbul edilmiş 11 yanvar 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 26.04.2021-ci il tarixli, 3(103)-939/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X6 İdarəsinin TP ******* saylı, 11 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, şikayətin qalan hissədə təmin olunmaması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən X2 şikayətini müdafiə edərək, yola həyətindən çıxdığını və həmin yerdən yol nişanının görünmədiyini bildirərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ-nin 11 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqan səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan TP ******* saylı, 11 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Eyni zamanda məhkəmə iclasında iş materiallarında olan videogörüntüyə baxış keçirilmiş və şikayətçi tərəfindən 08 oktyabr 2020-ci il tarixində ona məxsus "VAZ-2124" markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarının pozarkən Bakı şəhəri X6 İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə vurğulayır ki, X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİnin TP ******* saylı, 11 yanvar 2021-ci il tarixli qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin TP ******* saylı, 11 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-251/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-251/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver