Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2514/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (Bank) xx.xx.2024 xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama (xx.xx.2020 - xx.xx.2023-cü il tarixləri arasmdakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Belə ki, ƏL/TMM Qanununun 4.10-cu maddəsinə görə (anoloji tələb aşağıda göstərilənxətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 9-2-ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı Bank tərəfindən qeyri-adi hesab olunan əməliyyatların icra edildiyi, lakin həmin əməliyatlara münasibətdə təhlil və araşdırmanın aparılmadığı, təhlil hesabatlarının tərtib edilmədiyi aşkar edilmişdir (İnspeksiya haqqında hesabat. Səh 53). Bu əməliyyatlar aşağıdakılardan ibarətdir: Ümumilikdə 29 müştəri tərəfindən "təsisçi borcunun verilməsi" təyinatı ilə yüksək intensivlikdə (2315 əməliyyat) kassa üzrə nağd mədaxil əməliyyatları icra edilmişdir. Halbuki, müvafiq təyinatlı əməliyyatların yüksək intensivlikdə baş tutmasının normal biznes praktikasına uyğun olmaması, təsisçilər tərəfindən verilən borc vəsaitlərinin mənbələrinə dair məlumatın dəqiq əldə edilməməsi qeyri-adi əlamətdir və təhlil edilməsi üçün əsasdır (İnspeksiya haqqında hesabat. Səh 67, Əlavə 2). Göstərilən əməliyyatlardan 30 sayda əməliyyat 2023-cü ilin dekabr ayında icra edilmişdir. Ümumilikdə 13 fiziki şəxs olan müştərilər tərəfindən icra edilən 3147 sayda və 2.9 milyon manat məbləğində card-to-card əməliyyatı icra edilmişdir ki, bu əməliyyatlar risk indikatorlarına uyğun gəldiyindən qeyri-adi əməliyyatlar hesab edilmişdir (İnspeksiya haqqında hesabat. Səh 67-68). Göstərilən əməliyyatlardan 154 sayda əməliyyat 2023-cü ilin dekabr ayında icra edilmişdir. 1 müştərinin hesabına 6 əməliyyat üzrə ümumilikdə 5.525.000 manat nağd mədaxil əməliyyatı həyata keçirilsə də, bununla bağlı təhlil aparılmamış, hesabat tərtib edilməmişdir (inspeksiya haqqında hesabat. Səh 56, Əlavə 4.2). Göstərilən əməliyyatlardan 1 sayda əməliyyat xx.xx.2023-cü il tarixində icra edilmişdir. Bununla da 186 sayda əməliyyat üzrə pozuntularla İnzibati Xətalar Məcəlləsinin 598.1.1- ci maddəsinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bankın fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2020-xx.xx.2023-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. Nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən (inzibati xətanı törədən fiziki şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (185 sayda əməliyyat üzrə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, mütəmadi olaraq maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri baxımından yoxlamalar və monitorinqlər aparılmalıdır. “Paşa Bank“ ASC-də xx.xx.2024-cü il və xx.xx.2024-cü ildə eyni məzmunda yoxlamalar aparılmışdır. Yoxlamanın predmeti xx.xx.2020-ci il və xx.xx.2023-ci il tarixlərində əməliyyatlar və eyni zamanda bu dövrdə bankda nəzarət proqramının yoxlanması ilə bağlı olmuşdur. Yoxlamanın nəticələrinə uyğun olaraq Mərkəzi Bank tərəfindən hesabat tərtib olunmuşdur, həmin hesabatda pozuntular və həmin pozuntulara şərait yaradan faktlar sadalanmışdır. Həmin pozuntuların sayı çox olsa da pozuntuların mühim bir hissəsi İXM-yə görə cəlbetmə dövrünə düşmədiyi üçün yalnız son bir ərzində inzibati xətaya düşən inzibati xətalar qeyd olunmuşdur. Pozuntularla bağlı bank və bankın məsul vəzifəli şəxsi barəsində icraat başlanmışdır. Mərkəzi Bankda bununla bağlı araşdırmalar aparılmış və görüşlər təşkil olunmuşdur. Qarşı tərəfin izahatı və mövqeyi öyrənilmişdir. İndiki halda Mərkəzi Bank tərəfindən Paşa Bank barəsində İXM-nin 598.1.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məlum olduğu kimi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanununda deyilir ki, apaılan əməliyyatlar qeyri-adi irihəcmli əməliyyatlardırsa, bu əməliyyatlarla bağlı müvafiq maliyyə institutları monitorinq aparmalıdır. Həmin əmlakın mənbəyi müəyyən edilməlidir. Yoxlama zamanı aydın oldu ki, Paşa Bankda bəzi məsələlərə tam şəkildə əməl olunmayıb. Protokolun birinci bəndində qeyd olunan pozuntular qısaca olaraq ondan ibarətdir ki, 29 müştəri tərəfindən təsisci borcunun verilməsi təyinatı adı altında icraatlar icra olunmuşdur. Bu əməliyyatın mahiyyəti təsisci tərəfindən mütəmadi olaraq çox saylı və iri məlumatın yayındığı hesab edilmişdir. Hesabatın həmin şirkətlər və həmin şirkətlər üzrə köçürülən vəsaitlərin məbləği və əməliyyatların sayı qeyd olunmuşdur. Hesab edirik ki, bununla bağlı əməliyyatlar artıq Paşa Bank tərəfindən qeyri-adi irihəcmli əməliyyatlar kimi qiymətləndiriməli və müvafiq yoxlamalar aparılmalıdır. Əmlakların mənbəyi müəyyən edilməli və bununla bağlı hesabat tərtib olunmalıdır. X7 tərəfindən bu tədbirlərə əməl olunmamışdır. Qısa müddət ərzində 13 müştəri tərəfindən 3147 sayda “Card to card” əməliyyatları keçirilmişdir. Bunların ümumi məbləği 2 milyon 9 yüz min olmuşdur. Əməliyyatlar kiçik-kiçik olsada intensiv şəkildə olmuşdur. Bəzi əməliyyatlar ümumiyyətlə, həmin əməliyyatları icra edən müştərilərin maliyyə qabiliyyəti ilə üst-üstə düşməyən əməliyyatlar idi. Hesab edirik ki, bu əməliyyatlar bank üçün artıq şübhə yaratmalı idi. Müvafiq qaydada araşdırmalar aparılmalı idi. Lakin, yoxlamanın nəticəsində məlum oldu ki, bununla bağlı müvafiq tədbirlər görünməmişdir. 3cü bənddə 1 müştəri ilə bağlıdır. Həmin müştəri 6 əməliyyat aparıb. Həmin əməliyyatlar nəticəsində 5 milyon 5 yüz min 5 min manat vəsaiti banka mədaxil edib. Bu əməliyyatlar da irihəcmli, qeyri-adi əməliyyat olduğu üçün bank eyni tədbirləri bu mövzuda da tətbiq etməli və hesabat hazırlamalı, eyni zamanda əmlakına mənbəyi ilə bağlı tədbirlər görməli idi. Lakin, bank tərəfindən qanunla nəzərdə tutulan tədbirlər görülməmişdir. Ona görə də Paşa Bank barəsində protokol tərtib olunmuş və məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Paşa Bank ölkənin böyük bankıdır. Hər bir hal üzrə sənədlər təqdim edilir. Maksimum 4 hal üzrə əməliyyatlar 474000 manat olub və əməliyyatların həcmi 150000 maatı aşmayıb. Minimal məbləğ isə 600 manat olub. Sədərək və digər böyük müştərilərinin siyahısını təqdim edirlər. Sədərək bildiyimiz kimi ölkənin böyük ticarət mərkəzlərindən biridir. 474000 manat Sədərək üçün qeyri-adi əməliyyat hesab olunmamalıdır. İcarə müqavilələrini də təqdim edə bilərik ki, onların maliyyə mənbələri haradan gəlib. Sədərəkdə bütün mağazalar icarədədir və onlar bütün müqavilələri təqdim ediblər. Onlar yoxlanılıb və bu pulun hansısa cinayətkar fəaliyyətlə deyil, icarə müqavilələri əsasında gələn vəsaitlərdir. Bu protokolun tərtibi ilə bağlı Mərkəzi Bankdan xahiş etdik ki, 30 gün müddət verilsin. Müddət verilmədi. Bu halları ümumiyyətlə qəbul etmirik. Sənədə sübuta, sənədə əsaslanmalıyıq. Qeyd olunur ki, “card to card” əməliyyatları keçirilib. Sənədləri təqdim edirik və oradan görünür ki, kifayət qədər kiçik məbləğlərdi. Maliyyə monitorinq xidmətinin banklara ünvanladığı məktubda qeyd olunur ki, maliyyə monitorinq şirkətinə hansı məlumatlar təqdim olunmalıdır. Qeyd olunur ki, vergi ödəyicisi olmayan fiziki şəxslərə məxsus kart hesablarına digər kart hesablarından təqvim ayı ərzində qeyri-nağd şəkildə mədaxil olunan vəsaitlər əməliyyatların sayı 300 ola bilər. Ondan yuxarı əməliyyatların ümumi məbləği isə 15000 manat və ondan yuxarı olduqda məlumat verilməlidir. Dövrə baxanda bunu görmək olmur. Maliyyə Monitorinq xidmətinin yanaşmasını və beynəlxalq təcrübəni rəhbər tuturuq. Ümumiyyətlə bu yoxlama bankda 4 ay ərzində baş verib və 4 ili əhatə edib. Bütün sənədləri təqdim edə bilməmişik. Çünki əməliyyat sayı kifayət qədər çox olub. Bir neçə hallarla bağlı sənədləri təqdim etdik. Qanunda qeyd olunur ki, öhdəlik daşıyan şəxs ağlabatan səviyyədə aydınlaşdırmalıdır. Ağlabatan səviyyə biraz subyektiv yanaşmadır. Məsələn, bizə Maliyyə Monitorinq xidməti bildirir ki, bu formada edin. Bu sahə elə bir sahədir ki, biz burada beynəlxalq təcrübəni də əsas götürürük. Bizim Amerikanın və Avropanın böyük banklarında müxbir hesablarımız var. Biz mütəmadi olaraq onlarla bunu müzakirə edirik. Auditlə bağlı sənədləri də təqdim edirik. Biz illik olaraq audit olunuruq. Orada belə hallar kənar yoxlayıcılar tərəfindən aşkarlanmayıb. İstərdik ki, müstəqil ekspert cəlb olunsun və bu məsələyə münasibət bildirsin. Ekspert qarşısında bir sıra suallar qoyulsun. 29 müştəri tərəfindən borcun verilməsi əməliyyatı üzrə bank tərəfindən toplanmış sənədlər, sözügedən əməliyyatlar üzrə pul vəsaitinin mənbəyini müəyyən etməyə kifayət edirmi? Qeyd edilən əməliyyatların intensivliyi bu əməliyyatların şübhəli əməliyyat kimi qiymətləndirilməsi hesab edilə bilərmi? 13 fiziki şəxs tərəfindən həyata keçirilmiş “Card to Card” əməliyyatları bankın risk profilini nəzərə alaraq qeyri-adi əməliyyat hesab oluna bilər mi? Biz burada nəzərə almalıyıq ki, ölkə iqtisadiyyatında 1-2 faiz pay tutan bir bankın risk profili ilə ölkə iqtisadiyyatında 25 faiz pay tutan bir bankın risk profili fərqli olur. Bəzi bank var ki, ona görə 1000 manatlıq əməliyyat riskli sayıla bilər. Bəzi banklar üçün eyni məbləğ riskli əməliyyat sayılmır. Digər sual isə odur ki, bir müştərinin hesabına 6 əməliyyat üzrə ümumilikdə ******* manat həcmində mədaxil olunmuşdur. Bu, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən nəzərdə tutulmuş ağlabatanlıq meyarlarına və formalaşmış beynəlxalq təcrübəyə uyğunluq təşkil edirmi? Çünki, biz mütəmadi olaraq kənar konsultantlar da cəlb edirik. Bu məsələ daha çox xariclə bağlı olduğu üçün ölkənin reytinqinə təsir edir. Biz Amerikadan konsultant çağırırıq. Çünki, dollar hesabımız Amerika bankındadır. Ölkədə 2 bankda bu cür hal var. Həmin hesablar bağlansa, ölkə iqtisadiyyatı ilə bağlı əməliyyatlar dollardan keçməyəcək. Biz resursun mənbəyini müəyyən edə bilmirik. Misal olaraq Sədərəy. Sədərəyin resursunun mənbəyini əldə etmişik. Başqa bank ilə bizim bankın risk profilləri eyni deyil. Digər bankda gündə 100 əməliyyat keçirilirsə, bizdə gündə 100000 əməliyyat keçirilir. Maliyyə Monitorinq xidməti yazır ki, burada 300 sayda əməliyyat problem deyil. Biz hər şeyi yoxlasaq, burada sahibkarlığın normal maliyyə dövriyyəsinə maneə törədirik. Sahibkarda daha sonra irad bildirəcək ki, qanunda elə bir məhdudiyyət yoxdur. Əlavə olaraq qeyd etmək istəyirik ki, biz yoxlama zamanı bir çox sənədi təqdim etdik. Lakin, əməliyyat sayı yüz minlərlə olduğu üçün hamısını qısa müddətdə təqdim etmək olmur. 30 səhifədən artıq hesabat sənədi göndərmişdilər ki, bunları aradan qaldıraq. Bununla bağlı proqramlar alırıq. Problemləri aradan qaldırmağa çalışdıq. Lakin bizə protokol tətbiq olundu. Buna hazır deyildik. Biz gündəlik olaraq Mərkəzi Banka hesabatlar təqdim edirik. Bu günə qədər bunun deyilməməyi bizə qəribə gəlir. Əlavə olaraq prosessual məsələlərlə bağlı bildirmək istəyirəm ki, İXM-də qeyd olunur ki, xəta tərkibi aşkar olunandan 1 gün ərzində protokol tərtib olunmalıdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 bildirmişdir ki, müstəqil ekspertə münasibətdə bildirmək istəyirəm ki, mən tam beynəlxalq sertifikasiyadan keçmiş mütəxəssisəm. Bu sahə üzrə qızıl standart sayılır. Qanunun maddəsinin adının çox ağır olduğunu qəbul edirik. Ancaq bu maddənin tələbində daha çox o cinayətin baş verməsinin aşkar edilməsi üçün daxili nəzarətdən söhbət gedir. Biz bu maddəni bankın pozuntularını aşkar etməklə onu sübut etməyə çalışırıq ki, burada müəyyən boşluqlar var. Ümumiyətlə, bu proses elədir ki, daxili nəzarət qurulmalı, artıq onun üzərindən bu əməliyyatar izlənilməlidir. Paşa Bankın qaydalarında da qeyd olunur ki, müştərinin normal işgüzar praktikasını müəyyən münasibətlərə uyğun olmayan qeyri-tipik, mürəkkəb mövcud şəraitdə hesab olunan, rasional iqtisadi mahiyyəti olmayan və eləcə də müəmmalı davranışı ilə müşayiət olunan bütün əməliyyatlar qeyri-adi hesab olunur. Ondan sonra dəqiqləşdirilmə aparılıb ki, müştərinin həyata keçirdiyi əməliyyatların bir və ya bir neçə əlamətləri əsasında qeyri-adi hesab oluna bilər. Yəni, burada söhbət davamlı əməliyyatlardan gedir. Eyni zamanda sənəd təqdim etmək istəyirəm ki, bizim yoxlayıcı qrupun üzvü yoxlanma başlamadan əvvəl elektron poçt ilə müraciət edib ki, qeyri-adi əməliyyatların araşdırılması məqsədi ilə hazırlanmış hesabatların və araşdırma məqsədi ilə əldə edilmiş digər sənəd və məlumatlar, o cümlədən şübhəli hallar ilə bağlı hesabatlar təqdim olunsun. İkinci məsələ ondan ibarətdir ki, biz hesabatı bank nümayəndəsinə təqdim etmişik. Ondan əlavələrinin olmaması barədə geri dönüş almışıq. Öncədən razılıq əldə olunmuş və bütün materiallar nəzərdən keçirilmişdir. Yoxlamalarda təhlil-hesabat olsaydı biz onu nəzərə alardıq. Yüksək və ya aşağı keyfiyyətdə təhlil olsaydı biz hesab edərdik ki, təhlil var, lakin onun keyfiyyətində problem var. Digər məsələ isə indikatorlarla bağlıdır. Maliyyə monitorinq xidmətinin saytında 2019-cu ilin indikatorları var və orada “card to card” əməliyyatları hesabatda da qeyd olunduğu kimi təqdim olunub. İndikatorların nömrələri də hesabatda qeyd olunub. İndikatorlarla bağlı maddənin açıqlamasında qeyd olunub ki, ağlabatan izah olmalıdır. Digər işlərdə müəyyən limit qoyulmalıdır. Ancaq komplayn sahəsi üzrə ağlabatan izah verildikdə onu qəbul etmiş olursan. Terrorizmin, insan alverinin indikatorları kiçik məbləğlərdi. Lakin, digər əməliyyatlar iri məbləğlər ola bilər. Ona görə də burada iri və ya kiçik məbləğ kimi ayırmamaq lazımdı. Çünki, maddədə elə bir limit yoxdur. Maliyyə Monitorq Xidmətinin də onunla bağlı limiti yoxdur. Bu indikatorla bağlı ağlabatan izah dedikdə onu qeyd etmək istəyirəm ki, təsisçi borcu deyiriksə, burada onu necə analiz etməyimizə baxmaq lazımdır. Bu şirkətlər işlək şirkətlərdir. Sual yaranır ki, bu işlək şirkətdirsə, təsisçi borcuna ehtiyac haradan yaranır? O təsisçi tərəfindən gətirilən vəsaitin mənbəyi nədir? Nağd gətirilən məbləğdirsə ağlabatan izahı tapılmalıdır. Ümumiyyətlə bu vəsaitin mənbəyinin məlum olmaması belə fikir yaradır ki, vergidən yayınılan hansısa biznesdən yaranan vəsaitdir. Paşa Bankın fəaliyyətini yüksək qiymətləndirik. Bu baxımdan istəyimiz odur ki, araşdırma gücləndirilsin. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 bildirmişdir ki, protokolda qeyd olunan müştərilər yoxlayıcılar tərəfindən analiz olunub. Qeyri-adilik ona görə əsaslandırılır ki, onların profil məlumatları ona uyğun deyil. Məsələn, bank tərəfindən bizə verilən məlumatda deyilir ki, şəxs aşbazdır. Aşbaz olan şəxsin 284 halda 186000 manat dövriyyəsi olması qyri-adi görünür. Digər tərəfdən işsiz qeyd olunan şəxsin 234 halda 214471 manat dövriyyəsi olması bizdə sual yaradır. Ona görə də əvvəlcədən təhlil hesabatarını və araşdımalarını istəyirik. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin nümayəndəsi İsmayıl-zadə Aynurə Həsən qızı bildirmişdir ki, pulların yuyulmasına qarşı mübarizə sahəsində risk əsaslı yanaşmaya aid bütün işlər görülüb. Sübutları təqdim etməkdə məqsədimiz o demək deyildir ki, Mərkəzi Banka təqdim etmirik, məhkəməyə təqdim edirik. X6 bunları izah etmişdik. Hətta sübutlara ehtiyac olmadığını bildirmişdik. Amma bizə bunları təhlil etmək lazım olduğu bildirildi. Təhlil nəticəsində yaranan siqnallar əsasında hər hansı əməliyyat şübhəli olub-olmadığı müəyyən olunur. Daha sonra Maliyyə Monitorinq Xidmətinə göndərilir. Maliyyə Monitorinq Xidməti hansı əməliyyatların təhlil olunmalı olduğunu müəyyən edən meyarlara cavabdehdir. Mərkəzi Bankın əas məqsədi risk əsaslı yanaşmaya əsaslanaraq yoxlamanı aparsın və müəyyən etsin ki, maliyyə institunun daxili nəzarət sistemi hansı səviyyədədir. Mərkəzi Bank bizim daxili nəzarət sistemimizi qiymətləndirib. Təhlil olunan əməliyyatlar fiziki əməklə olmur. Paşa Bankın həcmini nəzərə alsaq bunu bir neçə əməkdaş, hətta 50 əməkdaş olsa belə edə bilməz. Bizim proqram təminatımız mövcuddur. Hansıki o proqram təminatlarına həmin maliyyə monitorinq xidmətinin meyarları əsas tutularaq ssenarilər yazılır. Amma bununla məhdudlaşmır. Çünki biz sadəcə Azərbaycan hüdudlarında fəaliyyət göstərmirik. Biz beynəlxalq kriteriyaları nəzərə alaraq o sistemi qururuq. Həmin sistemi Mərkəzi Bank yoxlayıb. X3 təqdim olunub. Orada çıxan siqnallar bizim tərəfdən araşdırılıb. Biz onu ilk gündən Mərkəzi banka bildirirdik ki, qeyd olunan əməliyyatları ayrıca təhlili yoxdur. Çünki, onlar əvvəlcədən müəyyən olunurlar. Yəni yüksək riskli hər hansı bir faktor olmur. Ona görə də orada təhlillər yoxdur. Sübutlara gəldikdə isə biz bir çox sübutları yazılı və digər şəkildə bildirirdik. Paşa Bank həcmində bir banka görə yalnız risk əsaslı yanaşaraq qərarlar vermək olar. Məsələn, Paşa Bank 100-200 min dövriyyəyə 4 ildə keçirsə, o kart sahibinin hər hansı risk faktoru yoxdursa, siyasi xadim deyilsə, hansısa riskli ölkənin vətəndaşı deyilsə, ölkəmizin müəyyən etdiyi digər kriteriyalara görə yüksək riskli deyilsə Paşa Bank hər bir əməliyatı araşdırıb ayrıca təhlil yaza bilməz. Qarşı tərəf qeyd edir ki, bu təhlilləri əvvəlcədən yazsaydılar qəbul edərdik. Biz o təhlilləri əvvəlcədən yazmamışıq. Çünki buna ehtiyac olmayıb. Bizim proqramdan o əməliyyatlar keçmişdi. İndi biz qarşı tərəf yoxlayanda rahat olsun deyə təhlil tərtib etdik ki, nəyə görə bu sənədləri qəbul edirik. Biz hər hansı yanlış anlaşılmaya yol vermirik ki, biz təhlili çoxdan yazmışıq, sonra gedib tapmışıq. Sadəcə bizim dediyimiz odur ki, yoxlamada yalnız sertifikatla məhdudlaşmır. Bunun yoxlama meyarları da var. Mərkəzi Bankın metodologiyası bütün banklar üçün yazılıb. Lakin risk əsaslı yanaşmaya görə hər bankın həcminə əsasən onun əməliyyatları həll olunmalıdır. Bizim təhlil hesabatlara baxanda görünür ki, bizim təhlillər olan əməliyyatllar bizim həcmə uyğundur və daha böyük məbləğləri əhatə edir. Buradakı müştərilərin biz təxmini profilini müəyyən edirik. Məsələn qeyd etdiyimiz Sədərək firmasını artıq qəbul edəndə, ona kredit verəndə bütün mərhələlərdə o araşdırılır. O, şirkətlərdən hər dəfə sənəd istəsək, ən çox elə Mərkəzi Banka şikayət gedəcək ki, Paşa Bank çox sənəd istəyir. Birincisi orda bir sıra əməliyyatlar var ki, orada siqnal düşmür. Biz hər şeyə birdən Mərkəzi Bank yoxlayar deyə təhlil yaza bilmərik. Bunun bir proqramı və təsdiqlənmiş ssenariləri var. Digərləri isə əvvəlcədən müəyyən etmişik ki, onun təxmin profili nə qədərdi. Hansı məbləğdə vəsait gəlsə qeyri-adi sayılır ya yox. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə –fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankın mümayəndəsi məhkəmə iclasında təqdim olunan səndlərdəki əməliyatlara münasibətdə təhlil və araşdırmanın aparılmadığı, təhlil hesabatlarının tərtib edilmədiyi bildirilsə də məhkəmə qeyd edir ki, Şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Bank tərəfindən icra edilmiş qeyri-adi hesab olunan əməliyyatlar təhlil edilmiş və araşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 598.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2514/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2514/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver