Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2516/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ”X2” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ”X2” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ”X2” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən ”X2” MMC 171534,60 Avro vəsaiti 21 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 171534,60 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 22 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ”X2” MMC-nin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərmişdir ki, mallar hava yolu vasitəsilə ölkəyə daxil olmuşdur. Əvvəlcə gömrük orqanına məktubla müraciət edərək malların ödənişinin xarici bank hesabı ilə ediləcəyi bildirilmiş, lakin geosiyasi vəziyyət dəyişdiyi üçün köçürmə "xxxx" ASC vasitəsilə həyata keçirilmişdir. Bu səbəbdən bəyannamə “100” kodu əvəzinə “140” kodu ilə tərtib edilmişdir. Bununla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edilmiş və həmin gömrük bəyannamələrinə müvafiq düzəlişlər edilməsi üçün sifariş tərtib ediləcəyi ilə bağlı məktub göndərilmişdir. Göstərilənlərə əsasən icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankından işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ”X2” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 25 oktyabr 2024-cü il tarixli məktubundan və ona əlavədən görünür ki, ”X2” MMC tərəfindən 21 oktyabr 2022-ci il tarixdə avans ödəniş aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarında olan debit haqqında bildirişdən görünür ki, 21 oktyabr 2022-ci il tarixdə ”X2” MMC tərəfindən “Deutsche Bank AG Taunusanlage” bank hesabına 171534,60 Avro pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “X5 Supplies (Caspian) LTD” şirkətinin 16 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, “SOCAR Midstream”-i çərçivə Sazişi üzrə ödənişlər etmək öhdəliyindən azad etməmişlər: çərçivə Sazişi üzrə bütün ödənişlər “SOCAR Midstream”-in bank hesabından “X3” və “İnvestisiya və MBaer Merchant Bank AG” banklarındakı bank hesablarımıza edilmişdir; çərçivə Sazişi ilə əlaqədar “SOCAR Midstream” tərəfindən öz bank hesablarından bank hesablara vəsaitlərin ödənişi əlavə 1-də əks olunmuşdur; çərçivə Sazişi ilə əlaqədar “SOCAR Midstream” tərəfindən cədvəldə göstərilmiş məbləğlərdən əlavə hər hansı əlavə ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, ölkəyə gətirilən mallar “140” kodu ilə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirovun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd edilən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilən**********8107,**********9203,**********6875,**********2322,**********8225,******* ***0231,**********7350,**********9223 sorğu nömrəli gömrük bəyannamələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2016-cı il tarixli, 100/174 nömrəli "Malların buraxılışından sonra gömrük bəyannaməsində düzəlişlərin edilməsi üzrə Texnoloji Sxem"in təsdiq və tətbiq edilməsi haqqında Sərəncamına əsasən müvafiq düzəlişlər edilməsi üçün sifariş tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş ”X2” MMC-nin məhkəməyə təqdim etdiyi etirazdan görünür ki, icraatınızda Şəxs (bundan sonra “Şirkət”) barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 430.4-cü maddəsi üzrə inzibati xəta haqqında 3(009)-2516/2024 nömrəli iş vardır. Qeyd edək ki, Mərkəzi Bank tərəfindən Şirkət barəsində İXM-in 430.4-cü maddəsi ilə müəyyən edilən inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli protokol (bundan sonra “Protokol”) tərtib edilmişdir. Protokola əsasən müəyyən olunur ki, Şirkət tərəfindən xx.xx.2022-ci il tarixində 171.534,60 Avro məbləğində vəsait ölkə xaricinə köçürülmüş, lakin müvafiq mallar ölkəyə idxal olunmamışdır. Belə ki, sözügedən Protokola əsasən Şirkət tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş valyuta tənzimi qaydalarının pozulduğu iddia edilir. Aşağıda qeyd edilən xüsusatlara əsasən hesab edirik ki, Protokol əsassız olmaqla, Şirkət tərəfindən valyuta tənzimi qaydaları pozulmamış və İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq hallar mövcud olmamışdır. Bu etirazın mətnində istinad edilən sənədlərin qarşılıqlı əlaqəsi aşağıdakı kimidir: (i) Hesabproforma: Müqavilənin şərtlərinə müvafiq olaraq hissəvi qaydada sifariş verilmiş malların dəyərinin hissəvi qaydada ödənilməsi ilə bağlı Satıcının Şirkətə göndərdiyi hesab-fakturadır. Hazırkı məhkəmə predmeti ilə bağlı 1.700.676,00 Avro dəyərində bir sifariş tapşırığı (********** nömrəli) (bundan sonra “Sifariş Tapşırığı”) mövcud olmaqla, həmin Sifariş Tapşırığının icrası Satıcı tərəfindən bir neçə (25000044, 25000048, 25000051 nömrəli) hesab-proforma üzrə müəyyənləşdirilmişdir. Həmin hesab-proformaların məbləğlərinin cəmi Sifariş Tapşırığının məbləği ilə eyni (1.700.676,00 Avro) olmaqla, hər bir hesab-proformada Sifariş Tapşırığına istinad edilmişdir. Sözügedən hesab-proformaların icrası ilə bağlı isə Satıcının yerli bank hesabına bağlı 4 ödəniş tapşırığı mövcuddur. Həmin ödəniş tapşırıqlarının məbləğlərinin cəmi hesabproformaların cəmi ilə eyni olmaqla (1.700.676,00 Avro) hər bir ödəniş tapşırığında müvafiq hesab-proformaya istinad edilir. Eyni zamanda Sifariş Tapşırığında qeyd edilmiş malların təsviri də hesab-proformalarda əks olunanlarla üst-üstə düşür. Bununla təsdiq olunur ki, Şirkətin yerli bank hesabından ödənilmiş ümumilikdə 1.700.676,00 Avro məbləğində ödəniş, o cümlədən hazırkı məhkəmə icraatının predmeti olan 171.534,60 Avro məbləğində ödəniş yuxarıda qeyd edilən Sifariş Tapşırığı və hesab-proformalara bağlıdır və həmin sənədlərin icrası məqsədini daşıyır. Gömrük bəyannamələri: Sifariş Tapşırığına əsasən sifariş edilmiş mallar Satıcı tərəfindən hissəvi qaydada (yeddi hissədə) göndərilmişdir. Buna görə də həmin mallar (1.700.676,00 Avro dəyərində) 7 gömrük bəyannaməsi (**********238, **********408, **********514, **********644, **********002, **********022, **********042 nömrəli) altında ölkə ərazisinə idxal edilmişdir. Hazırkı məhkəmə icraatının predmeti olan 171.534,60 Avro pul vəsaiti ilə əlaqəli gömrük bəyannaməsi **********644 nömrəlidir. Sözügedən gömrük bəyannamələri məbləğlərinin cəmi (1.700.676,00 Avro), Sifariş Tapşırığının məbləği (1.700.676,00 Avro) və hesab proformaların məbləğlərinin cəmi (1.700.676,00 Avro) ilə üstüstə düşür. Həm beynəlxalq təcrübə, həm yerli təcrübəyə əsasən mallar satıcı tərəfindən göndərilərkən göndərilən malların təsviri, miqdarı, qiyməti, qablaşdırması və göndərilmiş ümumi bağlamanın kütləsini əks etdirən hesab-faktura (kommersiya invoysu) satıcı tərəfindən idxalçı şirkətə göndərilir. Sözügedən hesabfaktura həmçinin Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”da (bundan sonra “Metodika”) 8001 kodu altında müəyyən edilmişdir. Hər bir bəyannamədə sözügedən kod altında bəyannamənin bağlı olduğu hesab-fakturaya istinad edilmişdir. Hər bir bəyannamədə əks olunmuş malların təsviri, kütləsi və dəyəri həmin bəyannamənin bağlı olduğu hesab-fakturadakı həmin məlumatlarla birbaşa üst-üstə düşür. Hər bir hesab-fakturada, eləcə də gömrük bəyannaməsində Sifariş Tapşırığının nömrəsinə istinad olunmuşdur. Yuxarıda istinad olunan sənədlərin təhlilindən aydın olur ki, Şirkətin yerli bank hesabından Satıcının xarici bank hesabına köçürülmüş ümumilikdə,1.700.676,00 Avro (hazırkı iş üzrə 171.534,60 Avronu ehtiva etməklə) məbləğ birbaşa bu etirazda qeyd edilən gömrük bəyannamələri və müvafiq olaraq həmin bəyannamələrdəki malların idxal olunması ilə bağlıdır. İlk öncə qeyd edilməlidir ki, xx.xx.2022 tarixində Şirkət ilə X1 qeydiyyata alınmış və fəaliyyət göstərin X5 Supples Caspian LTD Şirkəti (bundan sonra “Satıcı”) arasında materialların təchizatına dair C-110(2)-SMO-2022 nömrəli müqavilə (bundan sonra “Müqavilə”) bağlanılmışdır. Tərəflər arasında Müqavilə üzrə ödəniş və çatdırılma şərtlərini müəyyən edən xx.xx.2022-ci il tarixli C-110 SMO-2022 nömrəli Müqaviləyə əlavə (bundan sonra “Əlavə”) bağlanılmışdır. Əlavə ilə müəyyən edilmiş ödəniş şərtlərinə əsasən Müqavilə üzrə Şirkətə göndəriləcək malların dəyəri avans qaydada ödənilməlidir. Qeyd etmək istərdik ki, Metodikaya əsasən idxal olunan malların Azərbaycan Respublikasında açılmış bank hesabı vasitəsilə ödənişi nəzərdə tutulmadıqda, gömrük bəyannaməsinin 20-ci qrafasında qeyd olunan çatdırılma şərtinin kodu “140” olaraq müəyyən edilir. Malın dəyəri Azərbaycan Respublikasında açılmış bank hesabı vasitəsilə əvvəlcədən ödənilməklə həyata keçirildiyi halda isə Metodikaya əsasən müəyyən edilmiş kod (bundan sonra “Kod”) “100”olur. Bildirək ki, ilkin olaraq Şirkət Müqavilə üzrə ödənişi Şirkətə məxsus xarici bank hesabı (Societe Generale, Fransa) vasitəsilə həyata keçirmək niyyətində olmuşdur. Lakin daha sonra yaranmış geosiyasi vəziyyətlə əlaqədar Şirkət bu mövqeyini dəyişərək ödənişləri yerli bank hesabı vasitəsilə həyata keçirməyi qərara almışdır. Şirkətin bəyannaməçi qismində cəlb etdiyi “X6” MMC səhvən Müqavilə altında gəlmiş bütün malların gömrük bəyannamələrində çatdırılma şərtini “140” olaraq (ödəniş nəzərdə tutulmadıqda) qeyd etmişdir. Müqavilənin çərçivə müqaviləsi olduğunu, mal sifarişlərin kompleks şəkildə edildiyini, ödənişlərin hissəvi qaydada həyata keçirildiyini nəzərə alaraq bildirmək istərdik ki, Müqavilə ilə Şirkətə təchizatı nəzərdə tutulan mallar hissə-hissə ölkə ərazisinə idxal edilmiş və bununla bağlı gömrük orqanlarına müvafiq olaraq 23 gömrük bəyannaməsi təqdim edilmişdir. Sözügedən gömrük bəyannamələri altında idxal edilən mallar isə Şirkət tərəfindən Satıcıya ünvanlanmış müxtəlif sifariş tapşırıqları ilə bağlıdır (idxal edilən hər bir malın bağlı olduğu sifariş tağşırığının nömrəsi müvafiq gömrük bəyannaməsinin 47-ci qrafasında qeyd edilmişdir). Hazırkı məhkəmə icraatının predmeti olan 171.534,60 Avro məbləğində ödəniş isə xx.xx.2022-ci il tarixli ********** nömrəli sifariş tapşırığının (bundan sonra “Sifariş Tapşırığı”) və 25000051 nömrəli hesab-fakturanın müqabilində həyata keçirilmişdir. Belə ki, həmin Sifariş Tapşırığına əsasən Şirkət tərəfindən 1.700.676,00 Avro dəyərində mal sifariş verilmişdir. Müqavilənin şərtlərinə əsasən malın ödənişi və çatdırılması hissəvi qaydada müəyyənləşdirildiyindən Sifariş Tapşırığında qeyd edilən malların dəyərinin ödənişi və idxalı hissəvi qaydada həyata keçirilmişdir. Buna müvafiq olaraq, Sifariş Tapşırığı üzrə 508.735,80 Avro məbləğində 25000044 nömrəli, 1.020.405,6 Avro məbləğində (ödəmə tapşırığı iki hisədə: 200.000,00 və 820.405,60 Avro məbləğində icra edilmişdir) 25000048 nömrəli və 171.534,60 (hazırkı işin predmeti olan məbləğ) Avro məbləğində 25000051 nömrəli, ümumilikdə 1.700.676,00 Avro məbləğində hesab- proformalar Satıcı tərəfindən Şirkətə təqdim edilmişdir. Həmin hesab-proformaların hər biri üzrə məbləğ Şirkətin yerli bank hesabından (ABB) müvafiq bank tapşırıqları əsasında Satıcıya ödənilmişdir (hər bir bank tapşırığında müvafiq hesab-proformaya istinad edilmişdir) və həmin ödənişlərin (ümumilikdə 1.700.676,00 Avro) müqabilində ümumilikdə eyni dəyərdə mal **********238 (277.282,00 Avro dəyərində), **********408 (326.205,00 Avro dəyərində), **********514 (280.320,00 Avro dəyərində), **********644 (179.513,00 Avro dəyərində - hazırkı məhkəmə işinin predmeti olan ödənişin müqabilində idxal edilən mal), **********002 (305.010,00 Avro dəyərində), **********022 (197.616,00 Avro dəyərində) və **********042 (134.730,00 Avro dəyərində) nömrəli gömrük bəyannamələri üzrə ölkəyə idxal edilmişdir. Odur ki, istinad edilən sənədlər – Sifariş Tapşırığı, hesab-proformalar, ödəmə tapşırıqları, hesab-fakturalar (kommersiya invoysu) və gömrük bəyannamələri qarşılaşdırıldıqda aydın olur ki, Şirkətin yerli hesabından ödənilmiş ümumilikdə 1.700.676,00 Avro məbləğində (hazırkı işin predmeti olan 171.534,60 Avro da daxil olmaqla) valyuta vəsaiti müqabilində həmin dəyərdə mal (gömrük bəyannamələri üzrə malın dəyərinin cəmi) ölkə ərazisinə idxal edilmişdir. Həmçinin gömrük bəyannamələrinin 31-ci qrafasında idxal edilən malların təsviri əks olunmuşdur. Yuxarıda qeyd edilən gömrük bəyannamələri ilə Sifariş Tapşırığı, müvafiq hesabproformalar və hesabfakturalar (kommersiya invoysu) qarşılaşdırıldıqda aydın olur ki, gömrük bəyannamələrində əks olunan malların təsviri və qiyməti Sifariş Tapşırığı, sözügedən hesabproformalar və hesabfakturalarda qeyd edilənlərlə üst-üstə düşür. Gömrük bəyannamələrində qeyd edilmiş kodla bağlı isə nəzərinizə çatdırmaq istərdik ki, Bəyannamə Şirkətin bəyannaməçi qismində cəlb etdiyi “X6” MMC tərəfindən doldurularkən texniki səhv nəticəsində Kod “100” (hazırkı məhkəmə işinin predmeti olan 171.534,60 Avro pul vəsaitinin əlaqəli olduğu **********644 nömrəli gömrük bəyannaməsinə münasibətdə “100” əvəzinə yuxarıda qeyd edilən digər bəyannamələrə münasibətdə isə müvafiq olaraq “100”, “110”, “120”) əvəzinə “140” kimi qeyd edilmişdir. Sözügedən səhvin aradan qaldırılması ilə bağlı Şirkət Komitəyə və Mərkəzi Banka rəsmi müraciət ünvanlamışdır. Qeyd edilənlərdən aydın olur ki, Bəyannaməyə daxil edilmiş yanlış kod (140) qanunazidd niyyət olmadan bəyannaməçinin texniki səhvi nəticəsində daxil edilmişdir və həmin səhvin aradan qaldırılması ilə bağlı Şirkət lazımi səyləri göstərmişdir. Qeyd edək ki, Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edilə bilər. Eyni Məcəllənin 153.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir. İXM-in 3-cü maddəsinə əsasən inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Mərkəzi Bank tərəfindən pozulduğu iddia edilən maddənin preambulasına əsasən inzibati xəta avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi halında baş verir. Təqdim edilmiş sənədlər (bəyannamə, müqavilə, sifariş tapşırığı, hesab faktura, ödəniş tapşırığı) onu göstərir ki, Şirkət tərəfindən edilmiş 171.534,60 Avro ödəniş müqabilində mallar ölkəyə idxal edilmiş və Şirkət tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” hər hansı formada pozulmamışdır. Belə ki, inzibati xəta hadisəsi mövcud deyildir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Qeyd edirik ki, inzibati xəta hadisəsinin bütün əlamətləri İXM-in müvafiq maddələrində dəqiq şəkildə əks olunur. İXM-in 430.4-cü müvafiq olaraq inzibati xəta hadisəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə (iki il ərzində) müvafiq mallar ölkə ərazisinə idxal edilmədikdə baş verir. Göründüyü kimi həmin normada malın ölkə ərazisinə idxal edilmiş hesab olunması gömrük bəyannaməsində müvafiq kodun qeyd edilməsi ilə şərtləndirilməmişdir. Buna baxmayaraq Mərkəzi Bank hər hansı normativ əsas olmadan gömrük bəyannaməsinin doldurulması zamanı yol verilmiş formal xətaya əsaslanmış, təqdim olunmuş sənədləri qarşılaşdırmaqla gömrük bəyannamələrində qeyd edilmiş malların yerli bank hesabından ödənilmiş vəsait müqabilində faktiki olaraq ölkə ərazisinə idxal olunması faktını nəzərə almamış və nəticədə İXM-in 430.4-cü maddəsini yanlış tətbiq etməklə əsassız olaraq Şirkət tərəfindən sözügedən maddənin pozuntusuna dair protokol tərtib etmişdir. Xüsusilə qeyd edilməlidir ki, İXM-in 12-ci maddəsinə əsasən inzibati xəta həmin məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən əməldir. Qeyd edirik ki, Protokolun hüquqi əsasını təşkil edən İXM-in 430.4-cü maddəsi ölkə ərazisindən xaricə köçürülmüş valyuta vəsaitinin müqabilində müvafiq malın idxal olunması, belə ki, həmin vəsaitin qanunazidd məqsədlər üçün istifadə olunmasının qarşısının alınması ilə bağlı münasibətləri qoruyur. Hazırkı halda isə xaricə köçürülmüş pul müqabilində malın Şirkət tərəfindən faktiki olaraq idxal edilməsi faktı müvafiq sənədlərlə təsdiq edilir və bununla Şirkət tərəfindən sözügedən münasibətlərə hər hansı qəsdin edilmədiyi sübuta yetirilir. Həmin mallar ölkə ərazisinə idxal edilərkən müvafiq kodun yanlış qeyd edilməsi isə İXM-in 430.4-cü maddəsinin qoruduğu valyuta münasibətlərinə aid olmamaqla, həmin məcəllənin gömrük bəyannaməsinin doldurulması ilə bağlı münasibətləri qoruyan müvafiq normasının təsiri dairəsinə düşür və həmin normalar üzrə inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək səlahiyyəti Mərkəzi Banka aid olmamaqla, gömrük orqanlarına məxsusdur. Bundan əlavə qeyd edilməlidir ki, Mərkəzi Bank tərəfindən protokol prosessual pozuntulara yol verməklə tərtib edilmişdir. Belə ki, İXM-in 101.1 və 101.2-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, müəyyən hallarda isə iki gün ərzində tərtib edilir. Mərkəzi Bankın tərtib etdiyi protokolda qeyd edilmişdir ki, inzibati xəta xx.xx.2024-cü il tarixində törədilmişdir. Qeyd edirik ki, mübahisələndirilən sənədlər yerli bank tərəfindən xx.xx.2024-cü il tarixində Mərkəzi Banka təqdim edilmişdir. Belə ki, Mərkəzi Bankın inzibati xətanın törədildiyini aşkar etdiyi an yerli bank tərəfindən sözügedən sənədlərin Mərkəzi Banka təqdim edildiyi tarixdir – xx.xx.2024-cü il. Buradan aydın olur ki, Mərkəzi Bank İXM-in 101-ci maddəsində müəyyən edilən müddətlərə riayət etməmiş, Protokolu sözügedən müddətləri ötürməklə tərtib etmişdir. Şəxs barəsində başlanılmış İXM-in 430.4-cü maddəsi üzrə inzibati xəta haqqında 3(009)-2516/2024 nömrəli iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ”X2” MMC tərəfindən 171534,60 Avro məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında bank və əlavə edilmiş sənədlərinə əsasən bankda olan hesabından 21 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 171534,60 Avro dəyərində mallar ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMCnin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2516/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2516/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver