Məhkəmə qərarları › İş №3(009)-2519/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2519/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2519/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı 24537677 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı 24537677 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə istifadəsində olan “Chevrolet Cruze minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Rastropoviçlər küçəsində övladı Melis Kərimlinin bağçasından təcili çağırıldığı üçün avtomobili heç bir qanuna zidd olmayan və dayanması ən mümkün olan uyğun olan yerdə saxlamışdır. Təxminən 20-30 dəqiqə sonra mobil telefonuna cərimə ilə bağlı bildiriş gəlmişdir. Cərimədə qeyd olunan İXM-nin 346.4-cü maddəsinə əsasən onun avtomobilin yolun ikinci və ya sonrakı cərgəsində dayanması göstərilir. Lakin avtomobili yolun sağ tərəfinin birinci zolağında saxlamışdır. Ondan sağda isə hərəkət üçün nəzərdə tutulmayan yola perpendikulyar parking sahəsi var. Nəzərə çatdırmaq istəyir ki, həmin ərazidəki yol birtərəfli yoldur. Bir hərəkət hissəsi, iki hərəkət zolağı var. İXM-nin 346.4-cü maddəsinə nəzər salınsa, o, yolun kənarında olmaq üçün ya yolun sol tərəfində olmalı, ya da sağında dayanmış maşınların olduğu yer ilə, ağacların arası ilə getməlidir ki, bu da birinci zolaq sayılacaq. Maddə isə deyir ki, “yolun hərəkət hissəsinin kənarında ikinci və ya sonrakı cərgələrdə dayanmaq”, bu da konkret yolun sol tərəfinə aiddir.O isə sağ tərəfdə dayanmışdır. Dayanmanı qadağan edən heç bir qadağanedici nişan yoxdur. Solunda 1.5 qırıq xətt, öndə və arxada piyada yoxdur, yolayrıcı deyil. Məhkəmə araşdırılması aparılmaqla, kamera görüntüsünə məhkəmə iclasında baxış keçirib hüquqi qiymət verərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı 24537677 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 (səksən) manat və 2 balla cərimə tətbiq olunmuşdur. Qaydaya əsasən yolun hərəkət zolağının kənar hissəsində 2-ci və sonrakı zolaqlara görə cərimə tətbiq olunmuşdur. Amma avtomobili yolun sağ zolağında saxlamışdır. Orada dayanma və durmaya görə hər hansı bir nişan olmamışdır. Nişanlar yolun sol hissəsində olmuşdur. Kənarda dayanmamışdır. Qayda sol zolağa tətbiq olunmalıdır, sağ zolağa yox. Həmin maddə ilə cərimə yazılması qanunsuzdur. Göstərilənlərə əsasən EQ seriyalı 24537677 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək izahatında bildirmişdir ki, X1 dediyi yer qanunda yolun hərəkət hissəsidir, kənarı yox. Həmçinin qanunda yolun sağ və ya sol hissəsi deyə anlayış göstərilməmişdir. X2 avtomobili yolun hərəkət hissəsində qanunsuz saxlamaqla digər avtomobilin qarşısını kəsmişdir. Haqqında icraat aparılan şəxsin dedikləri məhkəmədə məsuliyyətdən yayınmaq məqsədilə deyilmişdir. Şəxs tərəfindən qanun pozuntusuna yol verilmişdir. Avtomobili park etdiyi yer yolun hərəkət hissəsidir, kənardan 2-ci cərgədir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan EQ seriyalı 24537677 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 11:04də Bakı şəhəri, Rastropoviçlər küçəsində “Chevrolet Cruze minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, X2 “Chevrolet Cruze minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 11:04-də Bakı şəhəri, Rastropoviçlər küçəsində “Chevrolet Cruze minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş EQ seriyalı 24537677 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə –səksən manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı 24537677 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 avtomobili Bakı şəhəri, Rastropoviçlər küçəsində “Chevrolet Cruze minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı 24537677 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı 24537677 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar